Uğursuz diplomatiya İranın təhqir saydığı vəziyyətlərin əsas sərhədidir

44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın Azərbaycan Ordusu tərəfindən azad edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı təşəbbüslər Azərbaycanın dostları və bədxahlarını üzə çıxardı.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Azərbaycanın uğurlu hərbi əməliyyatları və torpaqlarını azad etməsinə ilk günlərdən qısqanclıqla yanaşan, hər vəchlə buna kölgə salıb müharibənin dayandırılması və həmin ana qədər mövcud vəziyyətin qorunub saxlanmasına çalışan ölkələrdən biri də İran İslam Respublikasıdır.

Müharibə meydanında uduzan Ermənistan Vətən müharibəsi dövründə Azərbaycan tərəfdən guya hansısa “terrorçular”ın döyüşdüyü uydurmasını ortaya atmışdı. Bu tezisin puç olması və onunla bağlı heç bir sübutun təqdim edilməməsi dünya ictimaiyyəti tərəfindən də elə onların iddia və qarayaxma kampaniyasından başqa bir şey olmadığı kimi qəbul edilib. Ermənistan və onun Qərbdəki bəzi havadarları belə, demək olar ki, bu iddiadan əl çəkiblər. Amma və lakin İran İslam Respublikasının rəsmiləri nədənsə bu qarabasmalardan xilas ola bilmirlər.

2021-ci ilin sonlarına doğru rəsmi Bakı ilə Tehran arasında hər kəsə məlum olan gərginlik yaşanmışdı. Lakin iki ölkə prezidentlərinin Aşqabaddakı görüşündən sonra Azərbaycan Respublikası ən ali səviyyədə İranla gərginliyin aradan qaldırılması və münasibətlərə mehriban qonşuluq prinsiplərinin hakim olması istəyini bəyan etdi. Amma bu görüşlə bağlı İran prezidentinin saytında çıxan məqalədə də Azərbaycana qarşı “terrorçu” və “sionist” məsələsinin qabardılması Tehranın heç də mehriban münasibətlərə meyilli olmadığını bir daha nümayiş etdirdi.

Buna baxmayaraq, Azərbaycan tərəfi ötən aylar ərzində öncə mətbuatdan başlamış, daha sonra İranın yüksək vəzifəli dövlət rəsmiləri tərəfindən də səsləndirilən Azərbaycana qarşı yuxarıda sadalanan ittihamlara, eləcə də Zəngəzur dəhlizi ətrafında dezinformasiyalara əhəmiyyət verməyərək münasibətlərdə yaranmış yeni normallaşma prosesinin davam etdirilməsi və mehriban qonşuluq prinsiplərinə sadiq qalmaq niyyətini sərgiləyib. Təəssüf ki, “terrorçu” və “sionistlər”lə bağlı iddialar təkcə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Tehrana səfəri ilə bağlı deyil, həm də İran prezidenti İbrahim Rəisinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünə dair İranın yaydığı rəsmi məlumatlarda qabardılıb.

Son günlər isə İran mətbuatında əsas müzakirə olunan məsələlərdən biri bu ölkənin yol və şəhərsalma naziri Rüstəm Qasıminin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul edilməsidir. İranın mətbuat orqanlarından biri bunu İrana qarşı “təhqir” adlandıraraq xoşagəlməz karikatura hazırlayıb və “təhqirin sərhədi haradır?” başlığı qoyub. Halbuki, həm iranlı nazir özü, həm də İranın bəzi mətbuat orqanları görüşün videokonfrans formatda keçirilmə səbəbinin nazirin başçılıq etdiyi nümayəndə heyətində koronavirusa yoluxan şəxslərin olması olduğunu bəyan ediblər.

Bütün bunlara rəğmən “təhqir sərhədi” axtaran İran mətbuatına İbrahim Rəisinin Rusiyaya səfəri zamanı diplomatik etiket qaydalarından xəbəri olmayan və prezidentin avtomobilini taksi çağırırmış kimi səsləyən iranlı diplomatları, eləcə də ölkənin yanlış idarə edilməsi nəticəsində hər gün acınacaqlı vəziyyətdə yaşamalarına dair görüntüləri yayılan İran xalqını göstərmək olar, axı bu qədər sərvəti olan bir xalq belə səfil yaşayışa layiq deyil. Belə yerdə atalar yaxşı deyib “öz gözündə tiri görməyən başqasında çöp axtarır”.

https://t.me/AzadIranTelegram/4950?embed=1
Hamısını Göstər

Related Articles

Back to top button