“Ermənistan Rusiya vasitəsilə bizə təkliflər göndərib, ilkin şərtlər irəli sürüb…”
Azərbaycan Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyasına dair danışıqların başlaması üçün Rusiya vasitəsilə təqdim etdiyi təklifləri qısa zamanda cavablandırıb. Və onları rədd edib. Bu haqda xarici işlər naziri Ceyhun Bayramov Bakıda macarıstanlı həmkarı ilə birlikdə keçirdiyi brifinqdə danışıb.
“Biz hesab edirik ki, delimitasiya ilə bağlı prosesin özü beynəlxalq münasibətlərdə prosesin özü oturuşmuş prosesdir. Hesab edirik ki, bu prosesin başlanması üçün hansısa dırnaqarası icadlara və dırnaq arası kreativ yanaşmalara ehtiyac yoxdur. Beynəlxalq sərhədlər tanınmalıdır”,- bunu Ceyhun Bayramov Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Beynəlxalq sərhədlər tanınmalıdır. Komissiyanın işinə başlanılmalıdır. 30 il ərzində digər qonşu ölkənin torpaqlarının 20 faizə yaxın bir hissəsini işğal altında saxlayan, bütün beynəlxalq hüquq norma və prinsiplərini pozan bir dövlətin artıq işğal faktına son qoyulandan sonra bu prosesin müəyyənləşdirilməsi üçün hansısa ilkin şərtlər irəli sürməsinə hesab edirik ki, nə siyasi, nə hüquqi, nə də mənəvi haqqı var. Ermənistan dövləti bunu nə qədər tez anlayarsa, hesab edirik ki, proses bir o qədər tez başlaya bilər”, – o vurğulayıb.
Nazir, xüsusən delimitasiya prosesinin başlanması ilə bağlı birgə ikitərəfli komissiyanın yaradılması məsələsinə toxundu.
“Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanması ilə bağlı birgə ikitərəfli komissiyanın yaradılması istiqamətində davamlı, ardıcıl yanaşmanı əfsuslar olsun ki, müşahidə etmirik. Təxminən iki həftə əvvəl Ermənistan tərəfi Rusiya vasitəsilə delimitasiya prosesinin başlanması ilə bağlı yeni təkliflərini göndərib. Müəyyən mənada prosesə başlamaq üçün ilkin şərtlər irəli sürülüb. Komissiyanın işə başlaması üçün belə bir şərtlər qoyulub. Qısa müddət ərzində Azərbaycan öz mövqeyini qarşı tərəfə çatdırıb”, – o vurğulayıb.

Xatırladaq ki, Ermənistanın sərhəd danışıqlarına başlamaq üçün Azərbaycan tərəfinə “müəyyən təkliflər” verdiyini əvvəlcə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb. Daha sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir neçə gün əvvəl sərhədlərin delimitasiyasına və demarkasiyasına dair danışıqlara başlamaq üçün Bakıya Rusiya vasitəsilə “müəyyən təkliflər təqdim edildiyini” təsdiqləyib. Və bildirib ki, həmin təkliflərdən biri qoşunların sərhəddən “güzgü prinsipi” əsasında geri çəkilməsidir. Hansı ki, Ermənistanın indiki durumda Azərbaycan tərəfinə hansısa şərtlər irəli sürməsi rasional davranış deyildi və rəsmi Bakının bu təklifləri rədd edəcəyi bəri başdan məlum idi.
Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqladı ki, Azərbaycan tərəfi həmin təklifləri qəbul etməyib. Amma onun sözlərinə görə, “danışıqlar davam edir”, tərəflər bir-birlərinin mövqelərini öyrənirlər.



