ABŞ-ın Qarabağ siyasəti: bizim yanımızda, amma bizə qarşı – Bakı nə etməlidir?
Birləşmiş Ştatların Ermənistandakı səfirliyi öz fitnəkar siyasətindən əl çəkmək istəmir və yenə gorbagor olmuş “status” mövzusunu İrəvanda gündəmə gətirir; deputat: “Azərbaycanın xarici siyasəti kifayət qədər çevikdir və bu məsələlər diplomatik kanallarla qarşı tərəfin diqqətinə çatdırılır”
“Yeni Müsavat” bildirir ki, Ermənistanın baş nazirinin müavini Ambartsum Matevosyan və ABŞ səfiri Lin Treysi arasında görüş keçirilib və Qarabağın statusu məsələsinin həll olunmadığı dilə gətirilib. Daha sonra səfir tərəflərin danışıqları davam etdirməli olduqlarını deyib: “Qarabağ münaqişəsinin yekun və hərtərəfli həlli ATƏT-in Minsk Qrupunun himayəsi altındadır. Münaqişənin həlli Minsk Qrupunun həmsədrlərinin mandatı çərçivəsində həyata keçirilməlidir”.
Göründüyü kimi, Birləşmiş Ştatların Ermənistandakı səfirliyi öz fitnəkar siyasətindən əl çəkmək istəmir. Yeri gəldi-gəlmədi sözügedən məsələni gündəmdə saxlamağa çalışır. Halbuki Azərbaycan Qarabağ məsələsini artıq bir ildən çoxdur həll edib. Ermənilər isə hələ də xəyallarından əl çəkmirlər. ABŞ səfiri də buna ortaq olaraq yersiz illuziyalara qapılır. Aydındır ki, Dövlət Departamentindən verilən təlimata əsasən Linn Treysi ard-arda belə açıqlamalarla çıxış edir. ABŞ-ın 44 günlük müharibə dövründə anti-Azərbaycan mövqeyi tutduğuna dair bu, günlərdə amerikalı analitik Maykl Doran da sensasion fakt açıqlamışdı. Doran Hadson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru və Hudson İnstitutunun baş elmi işçisidir.
“Rəsmi Vaşinqton müharibənin ilkin mərhələsində proseslərdə tam iştirak etməsə də, dostlarının anlaşılmazlığına yol açan mövqe nümayiş etdirirdi. Müharibə ilə bağlı birbaşa məlumatlı olan İsrail hökumətinin yüksək rütbəli məmuru mənə dedi ki, döyüşlər zamanı Ağ Evin yüksək vəzifəli rəsmisi ona zəng edərək israillilərdən Azərbaycan Ordusunun təchiz edilməsini dayandırmağı xahiş edib. İsrail rəsmisi nəzakətlə xahişi rədd edib və amerikalıya izah edib ki, müttəfiqlər müharibənin ortasında bir-birilərini atmırlar. Ağ Evin rəsmisi məsələni bir daha gündəmə gətirməyib”, – M.Doran bildirib.
Müharibədən sonra da Ağ Evin Azərbaycana münasibətində hansısa dəyişiklik olması barədə məlumatlar yoxdur. Halbuki Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən çox investisiya qoyduğu ölkədir və bu, təxminən 19 milyard dollar təşkil edir. Azərbaycanda təxminən 300 ABŞ şirkəti fəaliyyət göstərir. Azərbaycan da, həmçinin, ABŞ iqtisadiyyatına investisiya qoyulmasına təşviq edir. Amma görünən budur ki, ABŞ enerji təhlükəsizliyi mövzusu xaric, Azərbaycanın milli maraqları ilə ya hesablaşmır, ya da bunları görməzdən gəlir. Səbəb nədir? ABŞ niyə bu siyasətindən əl çəkmir? Ermənistandakı səfirini niyə susdurmur və ya niyə Ermənistandakı revanşist qüvvələri Azərbaycanın əleyhinə qaldırır?
“Səfir yenə öz köhnə ampluasındadır. Əslində onun söylədikləri yeni deyil və dəfələrlə ”statusu” gündəmə gətirib. Sanki xanım səfir Azərbaycan dövlətinin mövqeyindən xəbərsizdir” – bunu deputat Elman Nəsirov “Yeni Müsavat”a amerikalı səfirin açıqlamasını şərh edərkən söylədi. E.Nəsirovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev deyirdi ki, nə qədər müharibə aparmırdıq, “status” məsələsində bizim mövqeyimiz məlum idi: “Keçmiş Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə hazır olduğumuzu bildirirdik, Ermənistan isə razılaşmırdı. Ancaq 44 günlük müharibədə ordumuzun qələbəsi reallıqları dəyişdi və indi dilimizdə ”status” sözü yoxdur. Artıq Qarabağ iqtisadi zonası və Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb, heç bir halda “status”dan söhbət gedə bilməz. Ona görə də Amerikanın mövqeyi qəbuledilməzdir”.
Deputatın fikrincə, Birləşmiş Ştatlar həmsədr olduğu üçün bitərəf mövqedə dayanmalıdır: “ABŞ səfirinin dili ilə ermənipərəst mövqeyini gizlətmir və bu da Minsk Qrupuna etimadı sıfıra endirib. Bu gün həllini gözləyən məsələ ”status” deyil, sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, sülh sazişinin imzalanması, nəhayət, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Hesab edirəm ki, Azərbaycanın xarici siyasəti kifayət qədər çevikdir və bu məsələlər diplomatik kanallarla qarşı tərəfin diqqətinə çatdırılır”.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, müharibə günlərində Amerikanın fəallığını görmədik: “Onların başı Trampı yola salmağa qarışmışdı. Həmçinin sülhməramlıların bölgəyə yerləşməsinə də Vaşinqtonun sərt etirazı ilə qarşılaşmadıq. İndi isə bu cür mövqe sərgilənir. Nəzərə alın ki, Amerikanın ən böyük səfirliklərindən biri Ermənistanda mənzillənib və Cənubi Qafqaza nəzarət məqsədi daşıyır. O baxımdan səfirin sözlərini anlamaq olar. Sadəcə, diplomata yaraşmayan, qeyri-ciddi açıqlamalardır. Çünki Azərbaycanın rəsmi mövqeyi bəllidir, münaqişə keçmişdə qalıb və heç bir ”status” nəzərdə tutulmur. Ona görə yaxşı olar ki, bölgədə dayanıqlı sülhün olması üçün töhfə versinlər. Hərçənd, səfirin çıxışını Amerika dövlətinin mövqeyi kimi qiymətləndirməzdim, amma gərək dövlət katibi Blinken tərəfindən də ölçü götürülsün”.
Siyasi şərhçinin sözlərinə görə, Minsk Qrupunun görməli olduğu missiyanı Azərbaycan ilk gündən açıqlayıb: “Sərhədlərin çəkilməsi, sülh sazişi istiqamətində vasitəçilik edə bilərlər. Ən azı 30 illik ayıblarını örtmək üçün bu addımlar, ata bilərlər, sönmüş münaqişənin közü ilə oynamaq heç bir tərəfə fayda gətirməyəcək. Amerika sülhün carçısı kimi tərəqqipərvər mövqe nümayiş etdirməlidir. Odur ki, Treysinin fikirləri Vaşinqtonun mövqeyi deyilsə, səfir haqda tədbir görülməlidir. Ancaq İrəvandakı səfir ilk dəfə deyil ki, belə danışır. Üstəlik, üçtərəfli sazişdə ”status” haqda bir cümlə də yoxdur və hər hansı razılaşma əldə olunmayıb. Əgər 10 noyabr sənədində bu haqda heç bir bənd yoxdursa, amerikalı səfir nə üçün dəridən-qabıqdan çıxır? Amerika səfirin vaxtaşırı səsləndirdiyi təxribat xarakterli bəyanatlara münasibət bildirməli və Departamentin mövqeyi olmadığı açıqlanmalıdır. Biz də bu məsələdə reaksiyamızı bildirməliyik. Ancaq o da var ki, ara-sıra “status” barədə fikirlər səslənsə də, faktiki, bunu yüksək səviyyədə tələb edən, Azərbaycana təzyiq göstərən yoxdur. Ona görə bu cür səfirin qeyri-ciddi replikalarına çox da diqqət yetirməyə dəyməz”.
Əli Orucov
AMİP funksioneri Əli Orucov hesab edir ki, ABŞ-ın Ermənistandakı səfiri ermənidən çox erməni olmaq missiyasını qarşısına məqsəd qoyub: “O, səfir təyin ediləndən sonra mütəmadi olaraq belə təxribatçı açıqlamalarla çıxış edir. Hər fürsətdə bəyan edir ki, ”Dağlıq Qarabağ münaqişəsi” həll olunmayıb. Bütün vasitələrlə Minsk Qrupunun vasitəçiliyini müzakirə mövzusu etməyə çalışır. Fikrimcə, onun davamlı olaraq qızışdırıcı mövqedən çıxış etməsi təsadüfi deyil. Çox güman ki, Dövlət Departamentindən verilən təlimata əsasən Treysi ard-arda belə açıqlamalarla çıxış edir. Yoxsa sıradan bir səfirin boyunu aşacaq belə açıqlamalarla çıxış etməsi real deyil. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupu egidası altında yenidən proseslərdə aktiv rol almağa cəhd edir. Çünki 2020-ci ildə baş verən Vətən müharibəsi dönəmində ABŞ oyundankənar qaldı”.
Ə.Orucovun sözlərinə görə, ermənipərəst Cozef Baydenin prezident seçilməsindən sonra ABŞ yavaş-yavaş Minsk Qrupunu diriltməklə bağlı səylərini artırmağa başlayıb: “Nəzərə almaq lazımdır ki, ABŞ-dakı erməni lobbisi seçkilərdə Baydenə dəstək verdi. Bütün bunların nəticəsidir ki, səfir bu dərəcədə canfəşanlıq edir. Kimin nə deməsindən asılı olmayaraq, Minsk Qrupunun əvvəlki formatda vasitəçiliyini yaxın buraxmaq olmaz”.