Polis Qubada narkotik dövriyyəsinə qarşı əməliyyat keçirib
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Mirzə Vəliyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman kibrit qutularında narkotik vasitə olan marixuana, 4 ədəd kibrit qutularında kannabis bitkisinin toxumları və 12 ədəd güclü təsirediciliyə malik maddə aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Həsən Paşayev və Əmiraslan Məmmədov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman H.Paşayevin üzərindən 1 ədəd güclü təsirediciliyə malik maddə aşkar olunaraq götürülüb. O narkotik vasitəni M.Vəliyevdən aldığını etiraf edib.
Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.