Müharibədə itkin düşmüş Azərbaycan vətəndaşları – Onların yaxınlarına yeni xəbər veriləcəkmi?
Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, bu gün – 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi Birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.
Bu konteksdə ekspertlər Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşü və Azərbaycan Prezidentinin görüş zamanı səsləndirdiyi fikirləri əhəmiyyətli sayır.
Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova “Report”a açıqlamasında xatırladıb ki, Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı 4 minədək vətəndaşımız itkin düşüb, onlardan indiyədək xəbər yoxdur:
“Onun da 450 nəfəri qadındır. 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla girovların başlarına min bir oyun gətirilib”.
O bildirib ki, ermənilər əsir və girovları işgəncə və təcavüzlə öldürüblər:
“Bu illər ərzində Ermənistanın təfəkküründə heç bir dəyişiklik olmayıb. Həmin təcavüzkar, yalançı və saxtakarlardırlar. Onların necə olduqları 1918-ci ildən sübut olunub. 1918-ci ildə Azərbaycan torpaqları güzəştə gedəndə söz verdilər ki, bir daha Azərbayacana qarşı ərazi iddiası qaldırmayacaqlar. Lakin bu, bitmir, tükənmir. Ümimiyyətlə, mən xalqımıza, əsgərimizə güc, qüvvət arzulayıram. Sülh istəyirsənsə, güclü olmalısan”.
Beləliklə, güclü Azərbaycan dövləti öz itkin vətəndaşlarının tapılması istiqamətində növbəti addımı atmış oldu. Xatırladaq ki, Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-sı qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşı itkin düşüb. Yəni bu qədər şəxsin yaxınlarının gözləri yol çəkir.