Erməni separatizminə Donbas zərbəsi – “artsax” niyə Kosova, Abxaziya ola bilmədi?
Putinin tanınma qərarını xain qonşumuz yenə yanlış oxudu; Qərblə Rusiya arasında “şpaqat” durumda qalan Ermənistan öz simvolik dövlətçiliyini də itirə bilər, əgər…
Rusiya prezidenti Vladimir Putin, gözlənildiyi kimi, Ukraynadakı iki separatçı qurumu tanıdı. Bundan sonra Avropanın şərqində – böyük bir regionda hadisələrin necə cərəyan edəcəyi əsas suallardan biri olaraq qalır. Ona görə ki, bölgədə həddən-ziyadə silah-sursat və canlı hərbi qüvvə cəmləşdirilib.
Bu arada özlərini yenə “yuyulmamış qaşıq” kimi ortaya atan ermənilər Rusiya rəhbərinin qərarından dərhal ekstaz vəziyyətinə gəliblər. Növbənin guya “artsax”a da çatacağını zənn edərək, sadəlövhcəsinə “papaqlarını” göyə atmağa başlayıblar. Həmin “papaqlar” isə yerə düşməyəcək, ermənilər növbəti dəfə bərk məyus olacaqlar. Səbəblər haqda az aşağıda.
*****
Srağagün gecə sevinənlər arasında Azərbaycanın həbs eləməyə hazırlaşdığı separatçı quldurbaşı Araik Arutyunyan da var. Heç kimin it yerinə qoymadığı bu zat Putinin məlum qərarı ilə bağlı utanıb-eləmədən Rusiya rəhbərliyinə və Donbasdakı qondarma “dövlətlər”in başçılarına “təbriknamə” göndərib. Əlbəttə ki, orada “öz müqəddəratını təyinetmə” haqqının “təntənəsi”ndən dəm vurulur və uydurma “artsax”ın da tanınması arzusu ifadə edilir. Bu isə xam xəyaldan, xülyadan başqa bir şey deyil.
Əvvəla, Donbasda heç bir yeni dövlətdən, yaxud öz müqəddəratını təyinetmənin “təntənəsi”ndən söhbət getmir. Bu, Moskvanın yalnızca aralıq gedişidir. Az sonra həmin ərazilər qanunsuz referendumla (Ukrayna konstitusiyası belə referenduma icazə vermir) Krım kimi Rusiyaya birləşdiriləcək. Dünya, hətta Rusiyaya ən yaxın dövlətlər belə, bu ilhaqı da tanımayacaq. Hər halda, beynəlxalq hüququ heç kim ləğv eləməyib.
İkincisi, Qarabağda dağıdıcı separatçı hərəkatdan keçən 30 ildə xeyli ölkə Kosovanın müstəqilliyi tanınıb. Bir neçə ölkə səviyyəsində olsa da, Abxaziya və Cənubi Osetiya da tanınıb. Amma erməniləri, qondarma “dqr”i yada salan olmayıb. Ona görə ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib. Heç düz-əməlli dövlət də qura bilməyib. Yalnız satellitə, forposta çevrilib.
O biri yandan, xəyalpərvər ermənilərə hələ də çatmayıb ki, onların separatçılığı Qərbə, xüsusın də Rusiyaya “ikinci erməni” dövləti qurmaq üçün deyil, özlərinin geosiyasi maraqlarını regionda irəli aparmaq üçün lazımdır. Xülasə, heç kim onlara “nimçədə” ikinci dövlət bəxş eləməyəcək.
Üçüncüsü, Gürcüstandakı iki separatçı qurum məgər Rusiya tərəfindən tanınmaqla daha müstəqil oldular? Əsla. Onlar gürcü protektoratlığından daha ağır olan Rusiya asılılığına düşdülər və onların da müasir Rusiya imperiyasına birləşməsi yalnız zaman məsələsidir. Yəni Abxaziya və Cənubi Osetiya əslində hazırda qat-qat az özünüidarə elementlərinə malikdirlər, nəinki Gürcüstanın tərkibində olanda…
*****
Azərbaycan üçün tanınmanın konkret neqativ təsirlərinə gəlincə, belə fikir var ki, Rusiyanın Ukrayna konfliktindən qalıcı geosiyasi uğurla çıxması onun Güney Qafqazda özünü daha sərbəst aparmasına, əl-qolunu açmasına gətirəcək. Ehtimal edilir ki, o halda Qarabağdakı rus hərbi kontingentinin yeni demarşlarının şahidi ola bilərik.
Lakin Bakı-Moskva münasibətləri kifayət qədər yüksək səviyyədədir və bunu Prezident İlham Əliyevin dünənki Moskva səfəri, imzalanan sənəd bir daha təsdiqlədi. Bu münasibətlər hətta strateji müttəfiq, forpost sayılan Ermənistanla Kremlin münasibətlərindən də isti və dərindir, hər iki tərəf üçün önəmlidir. Nədən ki, İrəvandan fərqli olaraq, rəsmi Bakı Moskvaya münasibətdə həmişə səmimi davranıb və sonuncunun bölgədəki maraqlarını maksimum ciddiyə alıb. Azərbaycanla Ermənistanın bölgədəki əhəmiyyətini, yerini və rolunu isə müqayisə eləməyə belə dəyməz.
Axırıncı amil də nəzərə alınarsa, Putinin Donbasdakı separatçı qurumların “müstəqilliyi”ni tanımasının Azərbaycana isti-soyuqluğu olmayacaq. Necə ki, Abxaziya və Cənubi Ostiyanı tanımaqla təsiri olmadı. Ermənistan “artsax” naminə “DNR” və “LQR”i tanısa belə, vəziyyət dəyişməyəcək. Hələ üstəlik, İrəvan o halda “demokrat” Paşinyanın ən çox ümid bəslədiyi Qərbin qəzəbinə tuş gələcək.
Bu da var ki, əgər Rusiya İrəvanın Qarabağ məsələsində kifayət qədər üstün mövqedə olduğu, “göylə getdiyi” vaxtlarda Qarabağdakı oyuncaq qurumu tanımayıbsa, indi – Azərbaycanın hərbi zəfərindən, Qarabağın 90%-nin Bakının suverenliyi altına qayıtmasından və Türkiyənin bölgədə real olaraq möhkəmlənməsindən, nəhayət, Bakı-Moskva münasibətlərinin daha yüksək səviyyəyə qalxmasından sonra ümumiyyətlə, getməyəcək. Bunu erməni separatizminə Donbas zərbəsi də adlandırmaq olar.
Odur ki, Qərblə Rusiya arasında hələ də “şpaqat” durumunda qalıb əzab çəkən ermənilər bu dəfə də öz barmaqlarını sovurmaqla yetinəcəklər….
*****
Onu da unutmayaq ki, Azərbaycanın müharibədəki hərbi zəfərindən sonra Putin Rusiya telekanallarından birinə müsahibəsində ölkəmizin ərazi bütövlüyünü tanıdığını birmənalı şəkildə bəyan eləmiş, Türkiyənin regiona qayıdışını isə SSRİ-nin dağılmasının geosiyasi nəticələrindən biri adlandırmışdı. “Dağlıq Qarabağ yuridik olaraq Azərbaycan ərazisidir və bütün dünya, Rusiya bunu belə qəbul edir” – Putin söyləmişdi. Kreml başçısı ermənilərin “Rusiya niyə müharibəyə müdaxilə eləmədi” isteriyasına cavab olaraq o vaxt onu da vurğulamışdı ki, heç Ermənistan özü Dağlıq Qarabağı tanımayıb və Qarabağ KTMT-nin məsuliyyət zonasına daxil deyil.
Daha bir prinsipial fərqli məqam. Vurğulandığı kimi, Rusiyaya Güney Qafqazda ikinci “erməni dövləti” gərək deyil, ona daim işlək “erməni kartı” lazımdır ki, əlində Ermənistana və Azərbaycana təsir rıçaqı olsun. Moskvada çox yaxşı bilirlər ki, Rusiya nankor ermənilərə elə ikinci “erməni dövləti” tanınana kimi lazım olacaq. Ondan sonra dərhal Qərbə üz tutacaqlar. Ermənilərdən ötrü ağanı, sahibi dəyişmək adi şeydir. Bunu hamı bilir.
Qeyd edilənlərdən bir daha qənaət hasil olur ki, ermənilərin “ikinci erməni dövləti” toy-bayramı tam yersizdir. Heç bir tanınma olmayacaq. Bu sıfır ehtimallı variantdır və mənfur qonşuların neçə-neçə nəsli bu fantastik arzu ilə də dünyadan köç edəcək.
Amma ermənilər toplum olaraq bir azca rasional düşünə bilsəydilər, anlayardılar ki, 30 ildə özlərinə normal dövlət qura bilməyən bir xalq necə ikincisini xəyalına gətirə bilər? Ondansa, Ermənistan simvolik dövlətçiliyinin qeydinə qalsınlar. Yoxsa onu da itirə bilərlər…