Sanksiyalar… Dünya maliyyə sisteminə və bazara necə təsir göstərə bilər? 

Rusiya ilə Ukrayna arasında başlanan hərbi əməliyyatlar Qərbin rəsmi Kremlə qarşı sanksiyalar tətbiqini yenidən aktuallaşdırıb. Bu məsələdə Avropa İttifaqı daha çox “fəallıq” nümayiş etdirməkdədir. Belə ki, qurum artıq bir sıra sanksiyaların tətbiqinə start verib. Bununla bağlı məlumat verən Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bildirib ki, fevralın 24-də təsdiqlənən kütləvi və məqsədyönlü sanksiyalar paketi Aİ-nin nə qədər vahid olduğunu göstərir. Bu paketə Rusiya bank bazarının 70%-ni və müdafiə sənayesi də daxil olmaqla əsas dövlət şirkətlərini hədəf alan maliyyə sanksiyaları daxildir. Bundan başqa, Rusiya dövlətinə fayda verən əsas iqtisadi sahə olan enerji sektoru Aİ-nin əsas hədəfinə çevrilib. Ursula fon der Leyen qeyd edib ki, Aİ-nin ixrac qadağası Rusiyanın neft emalı zavodlarını təkmilləşdirməsini qeyri-mümkün etməklə, neft sektoruna zərbə vuracaq. Bu paketə Rusiya aviaşirkətlərinə təyyarə və avadanlıqların satışının qadağan olunması, Rusiyanın yarımkeçiricilər və ya qabaqcıl proqram təminatı kimi mühüm texnologiyalara çıxışının məhdudlaşdırılması, diplomatlar, əlaqəli qruplar və iş adamlarının Avropa İttifaqına imtiyazlı giriş əldə etməsinin yasaqlanması da daxildir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Aİ liderlərinin Rusiyaya maliyyə, enerji və nəqliyyat sektorları da daxil olmaqla, böyük sanksiyalar paketi ilə cavab verdiyini söyləyib.

Bu arada ABŞ da rəsmi Kremlə qarşı sanksiyaların tətbiqində qərarlıdır. Hətta ABŞ hökuməti yanacağın qiymətini aşağı salmaq üçün neft ehtiyatlarını çıxarmağa hazır olduğunu belə söyləyir. Bu barədə ABŞ Prezidenti Cozef Bayden Böyük Yeddilik ölkələrinin görüşündən sonra açıqlama verib. Amerika lideri bildirib ki, ABŞ və müttəfiqləri Rusiyanın sabit valyutada əməliyyat imkanlarını məhdudlaşdıracaq. “Biz bu sanksiyaları xüsusi olaraq tərtib etmişik ki, onların uzunmüddətli təsirləri olsun. G7 liderləri ilə danışdım və hamımız razılaşdıq. Biz Rusiyanın dollar, funt sterlinq və ien ilə ticarət etməsinə mane olacağıq”, – Bayden deyib.

Baydenin sözlərinə görə, Rusiya fond bazarı dəyərinin 50 faizini itirib: “İndi biz Rusiya Mərkəzi Bankını və 1 trilyon dollarlıq aktivləri bloklayırıq. Biz onun ən böyük bank­larının mövcudluğunu dondururuq. Daha 4 bankı blokladıq və onların ABŞ-dakı bütün aktivləri dondurulacaq”.

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə tətbiq olunan sanksiyaların Rusiyaya təzyiq xarakteri daşıdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Qərb bu yolla Rusiya iqtisadiyyatının aktivliyini məhdudlaşdıracağını düşünür. İ.Vəlizadənin fikrincə, sanksiyalar arasında ən effektlisi bank sektoru ilə bağlı addımlar ola bilər: “Təbii ki, digər əsas ixrac sahələri ilə bağlı sanksiyalar da müəyyən problemlərə və çətinliklərə yol açacaq. Nəzərə alınmalıdır ki, Rusiyanın ixrac sektoru olduqca genişdir. Burada əlvan metallurgiya, meşə sənayesi və digər sahələr yer alır. Düşünürəm ki, sanksiyalar Rusiyanın iqtisadi inkişaf tempində geriləməyə səbəb olacaq. Bununla belə, Rusiya da bu ssenariyə hazırdır. Ötən ildən bu yana Rusiyanın hakimiyyət nümayəndələri açıqlamalarında ən ciddi sanksiyalara belə hazır olduqlarını bildiriblər. Hazırlığın səviyyəsini və sanksiyaların effektivliyini zaman göstərəcək”.

İ.Vəlizadə qeyd edib ki, tətbiq olunan sanksiyalar Aİ üzvü olan ölkələrdən də təsirsiz ötüşməyəcək. Hazırda Avropa Rusiya xammalının və ya bazarının alternativini tapa bilmir. Bu baxımdan, sanksiyalar Avropa iqtisadiyyatının inkişafını da müəyyən dərəcədə əngəlləyə bilər. “Ümumiyyətlə, baş verənlərdən dünya iqtisadiyyatı zərər görəcək. Onsuz da son dövrlərdə dünya bazarında bəzi məhsulların qıtlığı və bundan qaynaqlanan bahalanma müşahidə olunur. Hazırkı münaqişə isə bu qıtlığın dərinləşməsinə gətirib çıxara bilər. Məsələn, baş verənlər dünya bazarında buğdanın qiymətinə çox ciddi təsir göstərmə ehtimalı yaradır. Ukrayna dünyanın ən böyük taxıl istehsalçılarından və ixracatçılarından sayılır. Müharibənin uzanması isə kənd təsərrüfatının ən strateji sahələrindən olan taxılın qiymətinə təsir göstərə bilər. Buğdanın qiyməti dünyada qalxa bilər. Bu, hələ görünən məsələlərdir. Daha incə xırdalıqlar isə zamanla üzə çıxacaq”, -deyən İ.Vəlizadənin fikrincə, ABŞ-ın Rusiya aktivlərini dondurması məsələsi də olduqca mühümdür. Belə ki, bu aktivlər fəaliyyətdə, dövriyyədə olan aktivlərdir. Bu aktivlərin dondurulması isə digər ölkələrin, hətta ABŞ və Avropanın şirkətlərinə  təsir göstərəcək: “ABŞ bu aktivləri donduracağını deyir, amma bunun mexanizmini izah edə və ya tapa bilmir. Çünki bu addım ABŞ-ın da bank sektoruna təsir göstərəcək. İndiyə qədər SWIFT-lə bağlı qərar qəbul edə bilmirlər. Anlayırlar ki, bunun çox ciddi fəsadları meydana çıxacaq. Bu, Avropa bank sisteminə böyük zərbə ola bilər. Müxtəlif fərziyyələr səsləndirilsə də, hələlik mexanizm müəyyənləşdirilməyib. İqtisadiyyatın multiplikativ effektləri mövcuddur və hər hansı bir sanksiyanın tətbiqi zəncirvari reaksiya törədir. Bu reaksiyanın yalnız birinci və ya ikinci mərhələsini proqnozlaşdırmaq mümkündür. Bir trilyon aktivi dondurmağın dünya maliyyə sisteminə təsiri hesablanıbmı? Hansısa addımı atanda sonradan doğuracağı təsirləri düşünmək lazımdır. Bu baxımdan, deyilənlər həm də emosiyaların nümayişidir və bunun zərərini sona qədər hesablamaq mümkün deyil. Fikrimcə, zaman hər şeyi göstərəcək”.

Hamısını Göstər

Related Articles

Back to top button