Ərdoğan: “Montrö Konvensiyasının verdiyi səlahiyyətdən istifadə etmək qərarındayıq”
“Rusiya ilə Ukrayna arasında sülh və sabitliyin təmin edilməsi üçün çoxşaxəli diplomatik təşəbbüslərimizi davam etdirmişik və davam etdirəcəyik. Biz Rusiyanın Ukrayna torpaqlarına hücumunu qəbuledilməz hesab edirik, Ukrayna administrasiyası və xalqının mübarizəsini yüksək qiymətləndiririk”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Montrö Konvensiyasının Türkiyəyə verdiyi səlahiyyətdən böhranın böyüməsinin qarşısını almaq üçün istifadə etmək barədə qərar qəbul edib:
“Bu günə kimi 5 min vətəndaşımız Ukraynanı tərk edərək ölkəmizə və digər ölkələrə köçüb. Tələblərə uyğun olaraq evakuasiya prosesini davam etdirəcəyik. Türkiyə başda BMT, NATO və Aİ olmaqla, iştirak etdiyi qurumlar və ittifaqlar çərçivəsində üzərinə düşən vəzifələri ciddi şəkildə yerinə yetirib”.



