Kiyev döyüşü uduzacaq, ancaq Rusiyaya qalib gələcək

Bir çoxları Ukrayna müharibəsində “Rusiya məğlub oldu-olacaq” tezisini irəli sürürlər. Qısa və hərbi mənada Rusiyanın məğlub olması nə deməkdir, nə baş versə, bunu Kremlin məğlubiyyəti saymaq olar?

Axar.az xəbər verir ki, bu suala aydınlıq gətirən ekspert Natiq Cəfərli prosesi bu cür əks etdirib:

“ – Rusiya Krımdan, “dxr və lxr”dən çıxıb, kapitulyasiya aktı imzalayacaqmı və ya Ukrayna ordusu Moskvanımı götürəcək?!

Xeyr, bu, texniki, hərbi olaraq mümkün deyil.

– Rusiya irəli sürdüyü absurd tələblərin böyük bir hissəsini əldə etməsə, təcavüzü dayandıracaqmı?!

Yox, Kreml üçün öz əsgərinin həyatının heç bir dəyəri yoxdur, rəsmi Moskvanın qurduğu absurd “hekayəyə” inanan böyük bir zombiləşmiş vətəndaş kütləsi var, bu kütlə adekvat insanların sayından qat-qat çoxdur, ona görə də hərbi əməliyyatların ancaq əsgər ölümlərinə görə tezliklə dayandırması mümkün görünmür.

– Kəskin sanksiyalar qısa müddətdə Rusiyanın təcavüzünü durdura bilərmi?!

Xeyr, təəssüf ki, gözü qaralmış Kreml qısa zamanda sanksiyalara görə işğala son verməyəcək.

– Rusiyanın beynəlxaql aləmdən tam təcridi bu ölkəni dayandıracaqmı?

Yox, bəzən bu təcrid elə Kremlin özünə də indi, qısa müddətə sərf edir, rusiyalılar Kremlin təbliğatı ilə üzbəüz qalır, alternativ fikirlər, xəbərlərin yayılması azalır”.

Ekspert Rusiyanın qısa zamanda məğlub olmayacağını bildiyimiz halda müharibə necə bitə biləcəyi haqda fikirlərini bölüşüb:

“- Ukrayna NATO üzvlüyündən imtina edir – son günlər Zelenskinin Qərbə, NATO-ya qarşı sərt çıxışları daxili auditoriyanı, xalqı bu qərara hazırlamaq üçündür;

– Ukrayna neytral statusunu elan edərək ağır silahlardan imtinanı qəbul edir;

– Ukrayna Krım və qondarma “respublikaların” taleyini gələcəkdə müəyyənləşdirməyə söz verir, yəni, obrazlı desək, Çinin Britaniya ilə Honkonqla bağlı müqaviləsinə bənzər bir öhdəliklər imzalanır və bu müqaviləni bütün dünya qəbul edir. Yəni, Ukrayna Krıma və qondarma “respublikalara” iddiasını dondurur, həmin ərazilərin heç vaxt silah gücünə qaytarmağa cəhd belə etməyəcəyi ilə bağlı yazılı öhdəlik götürür;

– Ukrayna qondarma “respublikalardan” Krıma quru yolla koridora razı olur, o yol Rusiya nəzarətinə keçir, Krımın su ilə təminatına Ukrayna tərəfindən zəmanət verilir…

Bu baş versə, ilk baxışdan Ukraynanın məğlubiyyəti kimi görünsə də, orta və uzun zamanda böyük qalibiyyəti olacaq. Ukrayna İkinci Dünya müharibəsindən sonra Qərbi Almaniyanın yeni versiyası ola bilər. Almaniya müharibədən məğlubiyyət bir qırağa, param-parça olaraq, dağılaraq, məhv olunmuş çıxdı, torpaqları parçalandı, Şərqi Almaniyanı Rusiyaya güzəştə getdi, amma cəmi 15-20 il sonra dünyanın ən güclü iqtisadi modellərindən birinə çevrildi, müharibədən cəmi 44 il sonra isə bütün torpaqlarını, Şərqi Almaniyanı özünə qaytardı.

Yəni, tarix, siyasət, əsas da orta-uzun zamanlı baxış bucağı ciddi məsələdir, emosional yanaşmanı, pafosu, ağılsız qərarları sevmir. Rusiya orta-uzun zaman kəsimində məğlubdur, hətta indi yuxarıda qeyd etdiyim şərtlərlə “udmuş” görünsə belə, cəmi bir neçə ilə iqtisadi, texnologi olaraq “daş dövrünə” düşəcək. Hətta Ukraynanın bərpasının pulunun böyük bir hissəsini də Rusiya ödəməyə məcbur qalacaq. Möhtəşəm Ukrayna xalqı üçün “Qərbi Almaniya” olmaq şansı yaranacaq, bu şansdan doğru-düzgün istifadə edə bilsələr, cəmi bir neçə ilə “rol-model” ölkəyə, bütün slavyan/provoslav toplumlar üçün cazibə mərkəzinə çevrilə bilərlər.

Bu döyüşü, bu müharibəni Ukrayna silahla yox, ağılla, “vizionla”, strateji düşüncə ilə udmalıdır – udacaq da…”

Hamısını Göstər

Related Articles

Back to top button