Rusiya bütün gəmilərini cəmləşdirib, dənizdən hücuma hazırlaşır

Rusiyanin hərbi-dəniz donanması Qara dəniz akvatoriyasında tam gəmi qruplaşması formalaşdırıb, döyüş hazırlığı vəziyyətinə gətirib və Ukrayna ərazisinə seriya zərbələr endirməyə hazırlaşır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirir.

Məlumatda deyilir ki, Kiyevdən şimal və şərq istiqamətlərində də Ukrayna ordusu Rusiya təcavüzkarlarına qarşı müdafiə döyüşləri aparır. O cümlədən sahilboyu ərazilərin və dövlət sərhədlərinin qorunması həyata keçirilir. Bildirilir ki, Rusiya ordusu əsasən Krivoy-Roq istiqamətində hücum cəhdlərini davam etdirir, eyni zamanda Nikolayev və Mariupol şəhərlərini tutmağa çalışır.

Baş qərargahın bildirdiyinə görə, Rusiya bütün beynəlxalq humanitar normaları pozaraq Ukrayna ərazisindəki hərbi və mülki infrastrukturu məhv etməkdə davam edir. Belə ki, martın 13-də Uman, İvano-Frankovsk, Stariçi yaşayış məntəqələrinə raket zərbələri endirilib. Belarus ərazisindən də Ukraynaya “İsgəndər” raketləri ilə zərbələrin endirilməsi davam edir.

Ukraynanın Hava Komandanlığı isə bildirir ki, martın 13-də gedən döyüşlər ərzində hava hücumundan müdafiə qüvvələri düşmənin daha 4 təyyarəsini, 3 vertolyotunu və pilotsuz aparatını vurub. Belə ki, Kiyev vilayətində düşmənin Su-35, Su-34 və Su-25 tipli təyyarələrindən ibarət aviaqruplaşma Ukrayna qüvvələrinin müdafiə mövqelərinə hava zərbələri endirməyə cəhd edib. Bu zaman Ukrayna Hərbi Hava Qüvvələrinin qırıcıları Rusiya təyyarələri ilə hava döyüşünə girib, hava hücumundan müdafiə qüvvələri isə düşmənin hava hədəflərinə zenit raketləri buraxıblar. Nəticədə düşmənin üç təyyarəsinin vurulması qeydə alınıb.

Hazırda Rusiya ordusunun işğalı altında olan Melitopol ətrafında isə Ukrayna artilleriyası düşmənin cəmləşmə məntəqəsinə zərbələr endirib. Nəticədə 200-ə yaxın texnikanın məhv edildiyi bildirilir. Bu haqda daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib. Həmin zərbələrə dair görüntülər də artıq yayılıb.

“Zaporojye vilayətinin Vasilyevka şəhəri yaxınlığında rusların bütün texnikası, 200-ə yaxın maşın, hansı ki, onları Melitopol ətrafında cəmləşdirmişdilər, bizim artilleriya tərəfindən tam darmadağın edildi. İşğalçıların qərargahı da vuruldu. Müvafiq videolar az sonra yayılacaq”, – Geraşenko ötən gün axşam Telegram-kanalında bildirib.

Rusiya ordusu martın 1-dən mühasirədə saxladığı Mariupolda da ağır itkilər verir. Şəhərə bir neçə hücum cəhdi uğursuzluqla nəticələnib və ruslar canlı qüvvə, texnika itirərək geri çəkiliblər. Ukrayna radioelektron kəşfiyyatı Mariupol ətrafında mövqe tutan rusiyalı əsgərlərdən birinin Rusiyadakı yaxını ilə telefon danışığını yayıb. Həmin əsgər bildirir ki, onlar Mariupolu müdafiə edən “Azov” polku ilə bacara bilmirlər. Və şəhərə kiçik qruplar halında bir neçə dəfə hücum edilsə də ora girənlərdən geri qayıdanı olmayıb. “Bir gündə 700 nəfər itirmişik”, – həmin rus əsgəri deyir.

Hamısını Göstər

Related Articles

Back to top button