Ukrayna Baş Qərargahı: “Rusiya müharibəyə Ermənistandakı bölmələrini cəlb etməyi planlaşdırır”
Rusiya Ermənistandakı hərbi bazasında yerləşdirilmiş ayrı-ayrı bölmələri Ukraynaya qarşı müharibəyə cəlb etməyi planlaşdırır.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” sosial şəbəkəsində yayımlanan operativ məlumatında deyilir.
“Döyüş əməliyyatlarında iştirak edən ayrı-ayrı bölmələrin döyüş qabiliyyətini bərpa etmək cəhdlərini davam etdirən Rusiya Federasiyasının hərbi rəhbərliyi Ermənistandakı 102-ci hərbi bazasından bəzi hissələrin Ukrayna ərazisinə gətirilməsini planlaşdırır”, – deyə məlumatda bildirilir.
Həmçinin, qeyd olunur ki, Rusiyanın Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun 20-ci motoatıcı diviziyasının 130-a yaxın hərbçisi Ukraynadakı döyüş əməliyyatlarında iştirakdan imtina edib.