Şəkidə narkotik vasitənin təsiri altında mağazalardan oğurluq edən şəxslər saxlanılıb
Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən üç mağazadan ümumi dəyəri 2 000 manata yaxın olan müxtəlif məişət əşyalar, geyimlər və kompüterin oğurlanması barədə Polis Şöbəsinə müraciətlər daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri-əvvəllər məhkum olunmuş İlkin Əliyev, Mədət Abbasov və Ağca Cabbarova saxlanılıb. Onların oğurladıqları əşyalar İlkin Əliyevin yaşadığı ünvandan maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Saxlanılan şəxslər əməllərini etiraf ediblər və hadisələri narkotik vasitənin təsiri altında törətdiklərini bildiriblər.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,əməliyyat-istintaq tədbirləri davam etdirilir.