Ukrayna ordusu 30 yaşayış məntəqəsini azad etdi, ruslar geri oturduldu – İşğalçı böyük itkilər verib
“Hərbi əməliyyatlar başlayandan Ukrayna silahlı qüvvələri Kiyev bölgəsində Rusiya tərəfindən müvəqqəti işğal olunmuş 30-dan çox yaşayış məntəqəsini azad edə bilib”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski videomüraciəti zamanı deyib.
O, həmçinin əlavə edib ki, genişmiqyaslı hərbi əməliyyatlar başlayandan Kiyevin müdafiəsinə Quru Qoşunlarının komandanı Aleksandr Sırski rəhbərlik edir.
Zelenski bildirib ki, Rusiyanın Silahlı Qüvvələri Sırskinin peşəkar və cəsarətli hərəkətləri sayəsində xeyli itki veriblər və paytaxtdan uzaqlaşdırılıblar.
***
Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərini Kiyevdən Dnepr sahillərinə doğru 70 km-dək geri sıxışdırıblar. Bu barədə Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığı qərargahının rəis müavini, briqada generalı Oleksandr Qruzeviç məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın Kiyevi ələ keçirməkdə iki başlıca hədəfi var: “Onlar bir zərbə ilə ölkəni başsız qoyub sonra şərtlərini diktə etmək istəyirdi. Ancaq onların bu planı uğursuzluğa düçar oldu. İşğalçıların planlaşdırdığı kimi, Kiyev üç gündə təslim olmadı. Biz onların planını tamamilə pozduq.
Bu gün düşmən 70 km-dək geri sıxışdırılıb. Bununla da şəhərin xarici müdafiə dairəsi 70 km-dək genişlənib. Sol sahil üzrə də irəliləyiş var. Odur ki, sakit ola bilərsiniz. Ancaq düşmən ikinci taktikaya əl atıb. O, infrastrukturumuzu həyasızcasına atəşə tutur. İki müdafiə həlqəsi yaranıb. Düşmən dayandırılıb və uğur qazana bilmir. Onlar Brovarsk və Borispol istiqamətlərində fəal hücumdan imtina ediblər”. (UNİAN)
“Ukrayna hərbçiləri Rusiya Federasiyasının Xəzər dənizindən raket atışlarını qeydə alır”.
“AzPolitika.info” xəbər verir ki, bu məlumatı Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat mətbuata açıqlamasında verib.
Y.İqnat əhalini istənilən hava həyəcanı siqnalına dərhal reaksiya verməyə və sığınacaqlara çəkilməyə çağırıb: “Raketlərin əksəriyyətinin haradan atıldığını və istiqamətini müəyyən edirik. Məsələn, əgər Krımdan Kiyevə atılırsa, trayektoriya üzrə yol boyu həyəcan siqnalı işə salınır və biz alqoritmlərlə onun hara düşə biləcəyini hesablayırıq. Lakin elə hallar qeydə alınır ki, raketlər strateji raket daşıyıcılarından atılır, hətta Xəzər dənizindən. Bunları izləmək çox çətindir”.
Bununla yanaşı, məlumat verilir ki, Rusiya demək olar bütün raket və artilleriya arsenalını işlətdiyindən, ölkənin raket və mərmi istehsal edən hərbi sənaye kompleksi 24 saatlıq iş rejiminə keçirilib.
Donetskin Kramatorsk şəhərinə də Rusiya qırıcıları tərəfindən hava hücumu edilib. Bu barədə vilayətin qubernatoru Pavel Kirilenko xəbər verib.
Onun sözlərinə görə, raketlər yaşayış evlərinə və inzibati binalara düşüb. İlkin məlumatlara görə, azı iki nəfər həlak olub, altı nəfər yaralanıb.
***
Ukrayna Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri tərəfindən Buça rayonunda düşmənin SU-34 qırıcı-bombardmançı təyyarəsi vurulub. Bu barədə Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Pavlyuk məlumat yayıb.
“Biz öz qüvvələrimizlə Kiyev vilayətinin səmasını qoruyuruq! Səhər saat 8:15 radələrində Buça rayonunda Ukrayna Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri tərəfindən düşmənə məxsus qırıcı-bombardmançı SU-34 vurulub! Təyyarə müvəqqəti işğal olunmuş əraziyə düşüb”, – deyə qeyd olunub.
Həmçinin bildirilir ki, rus işğalçıları Kiyevin Poilski rayonunda yaşayış məntəqəsini atəşə tutub.
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.Bildirilib ki, indiyədək 14 200 hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 450 ədəd tankı, 1448 ədəd zirehli döyüş maşını, 205 ədəd artilleriya sistemi, 43 ədəd havadan müdafiə sistemi, 93 ədəd hərbi təyyarəsi, 112 ədəd helikopteri, 879 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 12 ədəd dronu məhv edilib.
“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – məlumatda vurğulanıb.
Rusiya Silahlı Qüvvələri isə Ukraynanın paytaxtı Kiyevin Podolsk rayonundakı yaşayış məhəllələrini atəşə tutub.
Bu barədə Kiyev Şəhər Administrasiyası teleqramda məlumat yayıb.
“Hadisə yerində artıq xilasedici və tibb işçiləri fəaliyyət göstərir. Yaşayış binalarının dağıntı xarakteri, miqdarı və zərərçəkmişlərin sayı dəqiqləşdirilir”, – məlumatda qeyd olunub.
Rusiya Silahlı Qüvvələrinə məxsus “Smerç” reaktiv yaylım atəşi sistemləri Ukrayna ordusunun Xarkov vilayətinə də atəş açıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Sözügedən görüntüləri təqdim edirik:
Xarkovda Rusiya Ordusunun atəşə tutması nəticəsində universitet və yaşayış binalarına zərər dəyib.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla saat 08:40 (Bakı vaxtı ilə 10:40) radələrində baş verən hadisə nəticəsində bir nəfər həlak olub, 11 nəfər yaralanıb, 1 nəfər dağıntılar altında qalıb.
Dövlət İdarəçilik Akademiyasının altımərtəbəli tədris binasına ciddi ziyan dəyib. Yaxınlıqdakı iki binada başlayan yanğın isə artıq söndürülüb.
Ukraynanın bir çox digər bölgələrində də hava həyəcanı verilib. Bundan yarım saat sonra Lvovda partlayışlar başlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, daha sonra Xarkov və Dneprdə partlayışların baş verdiyi barədə xəbərlər yayılıb.
Partlayışlar Nikolayev vilayətinin Voznesensk şəhərində də qeydə alınıb. Mərmilərin silah anbarına düşdüyü qeyd edilir.
Sumı rayonunda işğalçılar iki dinc sakini qətlə yetiriblər. Onlardan biri gənc qız olub: güllə ona avtomobildə olarkən dəyib. Digəri isə kiçik bir qəsəbəni ərzaqla təmin edən kişi olub.
Şəhərətrafı qəsəbələrin və Sumı şəhərinin atəşə tutulmasının davam etdiyi vurğulanır.
Eyni zamanda qeyd edilir ki, işğalçılar insanlardan silahlarını və telefonlarını alırlar.
Rusiya Ukraynanın qərbində yerləşən Lvov şəhərinin bir neçə rayonunu raket atəşinə tutub.Bunu Lvovun meri Andriy Sadovı bildirib.
O raket atəşinə tutulan ünvanları dəqiq deyə bilməyəcəyini vurğulayıb. Mer əlavə edib ki, hava limanının atəşə tutulmadığını isə dəqiq bilir. Raket atəşi nəticəsində itkilər və dəyən ziyan dəqiqləşdirilir.
Xatırladaq ki, Ukraynanın şərqində gedən döyüşlərdən qaçan mülki əhali ölkənin qərb bölgəsinə, o cümlədən Lvova sığınır.
Rusiya Ukraynadakı müharibəyə Suriyanın bir hissəsinə nəzarət edən Bəşşar Əsədin və Livanın “Hizbullah” qruplaşmasının muzdlularını cəlb edir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rusiya Silahlı Qüvvələrinin komandanlığı şəxsi heyətin itkilərinin əcnəbilər hesabına ödənilməsi üçün tədbirlər görməyə davam edir. Yeni məlumata görə, Rusiya işğalçıları artıq Bəşşar Əsəd və “Hizbullah”ın qondarma ordusunun nümayəndələrindən 1000-ə yaxın muzdlu toplayıb.
Xarici döyüşçülər üçün əsas tələb şəhərdə döyüş təcrübəsidir. Eyni zamanda, mövcud məlumata görə, sözügedən yaraqlılar Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək deyil, ezamiyyətlərindən Avropa ölkələrinə getmək fürsəti kimi istifadə etmək məqsədi güdürlər”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası “Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır.
***
Ukraynaya qarşı başladılmış müharibənin 23-cü günündə Rusiya ordusunun itkiləri də artıb, amma əhəmiyyətli irəliləmə əldə edə bilməyib.
Ukrayna Müdafiə Nazirliyi məlumatında bildirilir ki, ölkənin müdafiə qüvvələrinin son sutka ərzində vəziyyətində və fəaliyyət xarakterində əsaslı dəyişiklik baş verməyib.
Bildirilib ki, gün ərzində ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı 437-ci təlim alayının və 26-cı tank alayının bölmələrini qismən məhv edərək hücumunu dayandırıb, düşmənin itkiləri dəqiqləşdirilir: “Ötən gün Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı və hücum təyyarəsi düşmənin hərbi texnikasının karvanlarına güclü zərbələr endirib. Ukraynanın zenit-raket qoşunları və qırıcıları düşmənin 14 hava hədəfini, o cümlədən 7 təyyarəsini, bir helikopterini, 3 PUA-sını və 3 qanadlı raketini vurub”.
Məlumata görə, Rusiyanın canlı qüvvə resursları əhəmiyyətli dərəcədə tükənib: “Müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya işğalçıları dinc əhaliyə ərzaq məhsulları paylamaqla özlərinə müsbət imic yaratmağa çalışırlar. Onlar ukraynayönlü fəalların, dövlət qulluqçularının, antiterror əməliyyatınin iştiraklçılarının və onların ailə üzvlərinin, eləcə də işğala qarşı müqaviməti təşkil etməyə qadir olan başqa vətəndaşların axtarışını aparır. Həmin ərazilərdə Rusiyaya qarşı olan qüvvələri saxlayırlar.
Rusiya itkilər verməkdə davam edir. Qarşı tərəfin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti fərarilik və muzdluların Ukraynaya qarşı müharibədə iştirakdan imtina etməsi hallarının artmasına səbəb olur”.
Rusiya ordusunun quruda verdiyi itkilərlə yanaşı havada üstünlüyü də əldən verdiyi müstəqil hərbi ekspertlər tərəfindən təsdiqlənir. Buna görə də, Rusiya Hava Kosmik Qüvvələri hər gün döyüş təyyarələrini, o cümlədən ən müasir döyüş təyyarələrini və vertolyotlarını itirir. Ötən sutka Rusiyanın Hava Kosmik Qüvvələrinə vurulan ağır zərbə buna sübut hesab edilə bilər.
Qeyd etdiyimiz kimi, Ukraynanın Hava Qüvvələri ötən sutka ərzində 7 döyüş təyyarəsi də daxil olmaqla cəmi 14 hava hədəfi məhv edilib. Belə ki, Ukrayna Hərbi Hava Qüvvələri havada bir neçə döyüş aparıblar, bu zaman bir Rusiya qırıcısı və bir hücum təyyarəsi məhv edilib. Eyni zamanda Ukraynanın hava qüvvələri düşmənin zirehli texnika və avtomobil kalonlarına güclü zərbələr endirib.
Zenit-raket qüvvələri isə düşmənin daha 5 təyyarəsini vurub, onların tipi müəyyənləşdirilir. Habelə zenitçilər 3 PUA və bir çoxməqsədli döyüş vertolyotu (Mi-24 “Hind”) məhv ediblər.
Rusiyanın Hava Kosmik Qüvvələri hər gün verdiyi itkilərə görə artıq Ukrayna səmasında daha az uçmağa başlayıb, əsas uçuşlar mühasirədə olan Mariupol şəhəri üzərində aparılır və şəhərə hər gün orta hesabla 70-100 bomba zərbələri endirilir.
Quruda hücumlar isə artıq neçə gündür ki, dayanıb və döyüşlər Ukrayna qüvvələrinin müxtəlif istiqamətlərdə həyata keçirdiyi əks-həmlələrlə müşaiyət olunur.
Böyük Britaniya kəşfiyyatı növbəti operativ brifinqində bildirib ki, ara verməyən bu cür əks-həmlələr Rusiyanın Ukraynaya qarşı başlatdığı tammiqyaslı müharibədə onun hücum potensialını ciddi ölçüdə məhdudlaşdırır. Ukrayna qüvvələrinin əks-həmlələri Rusiya ordusunu məcbur edir ki, öz təchizat xəttini qorumağa daha böyük sayda qüvvə cəlb etsin.
Virtualaz.org xəbər verir ki, Britaniya kəşfiyyatının məlumatına görə, logistika problemləri Rusiyanın Ukraynaya artıq axsayan hərbi müdaxiləsinə mane olmaqda davam edir. Rusiya qoşunlarının yolsuzluq şəraitində manevrlər edə bilməməsi, hava məkanına nəzarətin olmaması və müvəqqəti salınan körpülərin imkanlarının məhdud olması ön xətdə döyüşən qüvvələrə hətta ən zəruri materialları, o cümlədən quru ərzaq payını, yanacağı çatdırmağa imkan vermir.