Rusiyanın 3 helikopteri vuruldu, dəmir yolu körpüsü partladıldı – Ruslar hipersəs raketdən istifadə etdi, bu şəhərləri bombaladı
Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri ötən gün Rusiyanın 3 döyüş helikopterini vurub.
Bu məlumatı Ukrayna Müdafiə Nazirliyi feysbuk səhifəsində yayıb.
Bildirilib ki, qarşı tərəf martın 19-da və martın 20-nə keçən gecə hücum əməliyyatı keçirməyib: “O, qismən məhv edilən texnikanı bərpa edib, xarici muzdluları Ukrayna ilə sərhəd rayonlara yerləşdirib”.
Məlumata görə, Rusiya müvəqqəti olaraq nəzarət etdiyi ərazilərdə sərt inzibati-polis rejimi ilə humanitar böhran yaradır: “Ötən sutka Ukraynanın Dnepropetrovsk vilayətinin Apostolov şəhərindən Xersona göndərilən ərzaqla və ilkin tələbat üçün dərman pereparatları ilə dolu 14 yük maşını əraziyə buraxılmayıb. Bu yolla yerli sakinləri onlarla əməkdaşlığa məcbur etmək istəyirlər”.
Bildirilib ki, nəzarət etdikəri ərazilərdə Rusiya hərbçiləri Ukrayna vətəndaşlarına kredit borclarını siləcəklərini, yerli iş adamlarına isə biznes fəaliyətləri üçün güzəştlər vəd edirlər.
Məlum olub ki, Rusiya Silahlı Qüvvələri Kostroma 331-ci Qvardiya paraşüt zərbə alayının Kiyev istiqamətində döyüşən hərbçilərindən yalnız biri sağ qalıb. O da hazırda hospitaldadır.
Habelə qeyd edilib ki, yaranmış şərait fonunda Rusiya Qara Dəniz Donanmasının komandanlığı müqavilə əsasında xidmət edən 810-cu piyada dəniz desantlarının 7-ci desant-hücum diviziyasının 130 hərbçisini əvəzləmək üçün təcili tədbirlər görür. Onların gələcək xidməti barədə qərarı Rusiya Federal Təhlükəsizlik Xidməti qəbul edəcək.
Ukraynanın Donetsk vilayəti üzrə Rusiyanın kuratoru 1-ci ordu korpusuna yeni qüvvələri cəlb etmək üçün növbəti səfərbərlik elan edib. Səfərbərlik üçün yaş həddini 65-ə qaldırıblar. Rusiyanın nəzarəti altında olan Luqansk vilayətində fəaliyyət göstərən 2-ci ordu korpusundan hər gün əsgər meyitləri ilə dolu yük maşınları Luqansk, Sorokina və Dovjansk yaşayış məntəqələrinə gəlir.
Müharibənin başlanmasından bu yana Rusiya ordusunun tərkibində vuruşan çeçen hərbçilər yüzlərlə üzvünü itirib.Bu barədə Ukrayna əks-kəşfiyyatı məlumat yayıb.
Qeyd olunub ki, çeçen hərbçilər artıq martın 13-də Qroznı şəhərinə qayıdıblar.
Ötən gecə Ukrayna Baş Kəşfiyyat İdarəsi və “Azov” alayının döyüşçüləri Rusiya ilə sərhəd yaxınlığındakı dəmir yolu körpüsünü partladıblar. Bu yolla işğalçılar öz qoşunlarına sursat və ləvazimat gətirməyi planlaşdırırdılar. Bu barədə Ukrayna KİV-ləri yazır.
“Ukrayna dialoqu” nəşrinin Telegram kanalında onlar körpünün altına partlayıcı maddələr olan qutuların qoyulması və onun partladılması prosesinin pilotsuz təyyarə ilə lentə alınmış videosunu dərc ediblər. Qeyd olunur ki, “düşmən artıq dağıdılmış körpü ilə bir patron belə çatdıra bilməyəcək”.
Bu gün məlum olub ki, İrpen çayının bəndini partlatmaqla işğalçılar Kiyev istiqamətində manevr etmək və hücum etmək imkanından məhrum olublar. Eyni zamanda Putinin əsgərləri öz əməlləri ilə bir neçə kəndi su basmasına səbəb olublar.
Döyüşlərdə Rusiya Qara Dəniz Donanması komandanının müavini, birinci dərəcəli kapitan Andrey Palı Ukrayna ərazisində həlak olub. Bu barədə Ukrayna mətbuatı xəbər verir.
Donanma komandiri müavininin harada və hansı şəraitdə həlak olduğu barədə məlumat verilmir.
Rusiya ordusu isə yenə şəhərləri bombalayır, raket atəşinə tutur. Ötən gecə Xarkov şəhərini növbəti dəfə atəşə tutub.
Nəticədə Şimali Saltovka və Böyük Danilovkada yanğınlar baş verib.
Yerli sakinlər həmçinin yaşayış evlərinə də mərmilərin düşdüyünü qeyd edir.
Xarkov Təcili Tibbi Yardım Mərkəzinin məlumatına görə, hadisə nəticəsində ölən və yaralılar var. Ölənlər arasında azyaşlının da olduğu qeyd edilir.
Bu arada sosial şəbəkələrdə “Kinjal” hipersəs raketinin hərbi əməliyyatlar zamanı ilk rəsmi istifadəsini əks etdirən videogörüntülər yayılıb.
Rusiya Silahlı Qüvvələri bu silahlardan Ukraynanın İvano-Frankovsk vilayətindəki hərbi bazasını atəşə tutarkən istifadə edib.
Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə hipersəs raketlərinin Ukraynada ilk dəfə istifadə edildiyini bildirmişdi.
Rusiyanın başlatdığı müharibənin əvvəlindən bu günə qədər Kiyevdə dördü uşaq olmaqla 228 dinc sakin həlak olub. Bu barədə Kiyev şəhərinin hərbi administrasiyasından bildirilib.
Qeyd olunub ki, sözügedən müddətdə 16-sı uşaq olmaqla 912 nəfər yaralanıb.