Azərbaycan ABŞ-ÇİN savaşının tən ortasında:Rusiya Qarabağın qaytarılmasına niyə razılıq vermir?
Rusiya 2014-cü ildə Qərbi və Şərqi Ukrayna şüarları ilə separatçı fəaliyyəti, ardınca hərbi kampaniyaya başlayaraq Ukraynanın Şərqində qondarma Donetsk və Luqansk Xalq Respublikalarının qurulmasına səbəbkar olması, daha sonra həmin ildə Krım yarmadasını ilhaq etməsi ilə son nəticədə qazandığından daha çox şey itirmiş oldu.
2008-ci ildə Gürcüstan, daha sonra Ukraynada baş verənlərin fonunda dünya siyasi arenasında öz etimadını itirdi. Bütün bu məsələlər ölkənin nüfuzuna da böyük xələl gətirdi. Əksər siyasi analitiklərin fikrincə, Rusiyanın qarşısına qoymuş olduğu imperialist planlarını sonadək gerçəkləşdirmək üçün ona hərbi yolla Ukraynanın tamamı və ya siyasi cəhətdən özündən tam şəkildə asılı olan bir ölkə lazım idi. Bu iki yoldan başqa istənilən alternativ bir yol Rusiya üçün mütləq şəkildə uğursuzluq anlamına gəlməlidir.
Amma Rusiyanın qeyd olunan birinci addımı atması, o vaxt olduğu kimi, indi də çox təhlükəlidir. Bu addım Rusiyanı NATO blokuna daxil olan və xüsusən də ABŞ-ın dəstəyi nəticəsində son illərdə hərbi cəhətdən möhkəmlənən Polşa kimi arzuolunmaz bir ölkəylə qonşu etmiş olur. “Defenseone.com” saytı Polşada NATO-dan başqa, ABŞ-ın özünün də hərbi bazasının yaradıldığını yazır.
Ümumiyyətlə, Rusiyanın bütün qonşularına qarşı apardığı siyasəti nəzərə alsaq, bu addımın Rusiya üçün təhlükəsini bir daha görmək olur. Rusiya qonşu olduğu NATO ölkələri, xüsusən də Baltikyanı ölkələrlə digər qonşularından fərqli olaraq, daha pərdəli davranır.
Rusiya daim tutarsız arqumentlər ilə inkar etməyə çalışsa da, əslində, NATO-dan çəkinir. NATO qüvvələrini uzaqməsafəli hədəfləri vurmaq imkanına malik raketlərlə hədələmək siyasətini rəhbər tutur. Digər təfdən də, coğrafi mövqeyindən istifadə edərək, müəyyən xırda iqtisadi təzyiqlər etmək siyasətinə üstünlük verir. Buna bariz misal kimi, Rusiyanın 2019-cu ildə Polşa yük gəmilərinin Baltik dilini (“Балтийская коса”) dolaşaraq, Kalininqrad Dəniz Gəmiçilik kanalından keçib Baltik dənizinə çıxmasını əngəlləmək cəhdlərini göstərmək olar. Bu kimi təxribat xarakterli əməllərin nəticəsidir ki, elə həmin ildə Polşa höküməti Baltik dilinin öz akvatoriyasına düşən hissəsindən birbaşa olaraq Baltik dənizinə kanal çəkməkdə israrlı olduğunu açıqladı.
Məsələnin ikinci tərəfi ondadır ki, Vladimir Zelenskinin qısa müddət ərzində öz gerçək mövqeyini ortaya qoyaraq apardığı Rusiyameyilli siyasəti də, artıq vəziyyəti Rusiyanın leyhinə dəyişə bilmir. Çünki xalqının Rusiyaya qarşı narazılığı və Qərb qüvvələrinin təsiri altında Ukrayna artıq öz gələcək dövlətçilik kursunu təyin edib.
Əslində, Rusiya bu aqressiv həmlələri ilə hələ Sovetlər dövründən Ukraynanın qərbində mövcud olan rusofobiya problemini bir qədər də dərinləşdirərək, onun Ukraynanın digər ərazilərinə və ümumilikdə bütün slavyan dünyasına sıçramasına yol açmış oldu. Slavyan dünyasında böyük qardaş statusunda olan Rusiya bu əməlləri ilə Balkanlar və Şərqi Avropadakı kiçik qardaşlarında özünə qarşı küskünlük və inamsızlıq yaratdı. Rusiya hakimiyyəti ənənəvi “parçala və hökm et” siyasətlərini ört-basdır etməyə çalışaraq, bunu ilk növbədə sırf təbliğatla məşğul olan televiziyası vasitəsi ilə özlərinə sərf edəcək bir şəkildə, guya, ədalətlilik prinsiplərini rəhbər tutduqları formada işıqlandıraraq, Ukrayna kimi digər slavyan ölkələrini bir qədər də qıcıqlandırır.
Amma gerçəkləri təhrif etməyə hesablanmış bu vasitə öz aktuallığını çoxdan itirib. 2014-cü ildən başlayan qeyd edilən konflikt nəticəsində, hərbi və mülki olmaqla, on minlərlə vətəndaşını itirən Ukraynanı artıq slavyan qardaşlığının möhkəmliyinə və Rusiya hakimiyyətinin ədalətinə inandırmaq mümkünsüzdür. Bunu son illərdə xüsusi ilə aydın bir şəkildə görmək olur.
Ukraynana cəmiyyətində gedən proseslər də öz növbəsində Rusiya hakimiyyətini narahat etməyə bilməz. Eyni zamanda Rusiya Ukrayna kampaniyası zamanı verdiyi itkilərini və onların törətdiyi sonrakı fəsadları da artıq öz cəmiyyətindən gizlədə bilmir.
Ukraynaya əks cəbhənin də on minlərlə insan itkisinə məruz qalması, bunların arasında xeyli sayda rus əsgər və vətəndaşlarının olması da artıq hər kəsə məlumdur.
Digər tərəfdən, hakimiyyətin ruporları bu konflikti, xüsusən Krımın ilhaqını Rusiyanın son illərdəki böyük qələbəsi kimi təqdim etsələr də, artıq bunun heç də belə olmadığı açıq-aydın görünür. Krım yarmadasının ilhaqının Rusiyaya siyasi, sosial olmaqla yanaşı, iqtsadi cəhətdən də ağır yük olması, Rusiya üçün bu yarımadanın icməli su təminatının son dərəcə məsrəfli bir proses olduğu sıx şəkildə mətbuatda öz əksini tapmaqdadır.
Rusiyanın baş verən siyasi proseslər fonunda NATO qüvvələri ilə sərhəd olmaqdan çəkindiyini bu günlərin ən aktual mövzusu olan Belarus nümunəsində də görürük. Düşünürük ki, Rusiyanın Belarus məsələsinə birbaşa müdaxilə etməməsi və tərəddüdü də, məhz bu arqument ilə bağlıdır. Rusiya bu məsələdə olduqca çətin bir durumdadır. Belarus hadisələrinin Rusiya hakimiyyəti üçün də destruktiv olacağı açıqdır. Eynən Ukraynada olduğu kimi, hərbi yolla Belarusun da tamamına sahib olmaq çox təhlükəli bir addımdır.
Amma düşünürük ki, hadisələr əleyhinə olsa, Rusiyanın bu və ya digər dərəcədə bu yola da əl atacağı qaçılmaz olacaqdır. Çünki Belarus öz mahiyyəti etibarı ilə Rusiyanın qalxanıdır. Belə ki, Rusiyanın bu ölkədə yerləşən iki strateji bazası bütövlükdə Rusiyanın, xüsusən də Moskvanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımaqdadır. Bu obyektlərdən biri Minskdən 190 km qərbdə, Brest vilayətinin Qantseviçi şəhərində yerləşən Volqa radiolokasiya stansiyasıdır (70М6 Волга) ki, bu stansiya Rusiyanın ən əsas raket hücumundan xəbərdarlıq sistemlərindən biridir. Qərbdən gələ biləcək bütün təhlükələrin ilkin xəbərdarlıq və dəyərləndirmə mərkəzidir.
İkinci obyekt isə, Minsk vilayətindən 10 km qərbdə olan Vileyka şəhərində yerləşən Rusiya hərbi dəniz qüvvələrinin 43-cü əlaqə düyünüdür (43-й узел связи ВМФ России). Bu obyektin Rusiya üçün əhəmiyyəti ikincidən daha önəmlidir. Belə ki, bu məntəqə Baltik və Şimal dənizlərindən ola biləcək sualtı və suüstü istənilən təhlükələri aşkar etməkdən əlavə, həm də Atlantik, Hind və Sakit okeanlarında da analoji təhlükələri izləməkdə vacib obyekdir.
Mümkün hücum təhlükələri barədə öncədən xəbərdarlıq verən bu iki obyektsiz, Qərbdən olacaq hava və dəniz təhlükələri qarşısında Rusiyanın qorunma xəttinin effektivliyi və müdafiəsinin əhəmiyyəti anlamsız olur. Rusiya silahlı qüvvələrinin bu iki obyektdən təmənnasız istifadə hüququ, Rusiya və Belarus arasında 1995-ci ilin yanvar ayının 6-da bağlanan saziş ilə qüvvədədir. Məsələnin ən maraqlı tərəfi ondadır ki, 25 illiyə bağlanılan bu sazişin qüvvədə olma müddəti artıq bitmişdir. Yeni sazişin imzalanması barədə isə heç bir rəsmi məlumat yoxdur.
Rusiyadan əlavə, onun dünyanın müxtəlif nöqtələrində baş verən proksi münaqişələrdəki tərəfdarları da birbaşa və dolayı zərbələr almaqdadır. Suriyada Əsəd rejimini dəstəkləməkdə İran ilə maraqları bir çox hallarda üst-üstə düşən Rusiyanın, Livanın paytaxtı Beyrut şəhərindəki limanda baş verən partlayışdan sonra Suriyada da təklənəcəyi açıqdır. Çünki İsrailin son dərəcə aqressiv davranışları üzündən hava və Fərat çayının sol sahilində İraqdan gələn quru yollarının keçdiyi əsas məntəqə Deyrizor bölgəsini nəzarət edən Suriya Demokratik Qüvvələri, quru yolları ilə İranın Suriyaya hərbi cəhətdən yardım etməsini artıq mümkünsüz etməkdədirlər. İranın son aylaradək Livanda nüfuzu böyük olan Hizbullah vasitəsi ilə, Suriya rejim güclərinə yeganə dəstəyi olan dəniz yolu da artıq İran üçün bağlıdır.
Belə şərtlər daxilində, yəni, İranın da həmlələri olmadan, Rusiyanın Suriyadakı gələcək taleyi qaranlıq görünməkdədir.
Düşünürük ki, yaxın zamanlarda Türkiyə ilə yanaşı ABŞ-ın da bu bölgədə daha qətiyyətli hərəkət etməsinin şahidi olacağıq. Deyrizor bölgəsində rus generalı, Suriya silahlı qüvvələrinin hərbi məsləhətçisi Vyaçeslav Qladkixin öldürülməsi də, bu baxımdan təsadüfi bir hadisə deyil.
Digər tərəfdən, Rusiyanın Liviyada Türkiyəyə qarşı əsas müttəfiqi olan Fransa və Fransanı yaxından dəstəkləyən Almaniyanın da yaxın vaxtlarda ciddi iqtisadi problemlər ilə qarşılaşacağı açıqdır. Liviya məsələsində Türkiyəyə qarşı pərdəarxası qüvvə olan Fransanın Covid-19 pandemiyası ilə əlaqədar onsuz da gərginləşən iqtisadi vəziyyəti, bu günlərdə Malidə baş verən hadisələrlə əlaqədar daha da çətin bir mərhələyə daxil olacağı aydındır. Afrikanın bu ölkəsinin uzun illərdir Fransanın müstəmləkəsi, müasir dövrdə isə maliyyə sistemləri və bank şəbəkələri üzərindən müasir müstəmləkəsi olması da məlumdur. Bugünlərdə Mali prezidentinin ölkədə baş verən hərbi çevriliş nəticəsində devrilməsinin, Fransa iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi də açıqdır. Mali də daxil olmaqla Qərbi Afrika ölkələrinin Fransa maliyyə sistemləri tərəfindən amansız istismar edilməsi də bilinən faktdır. Bu məsələdə ən maraqlı cəhət avqustun 18-də baş verən qiyam nəticəsində Mali prezidenti İbrahim Boubakar Keyta ilə bərabər, həm də ölkənin keçmiş İqtisadiyyat və Maliyyə naziri, eləcə də vəzifədə olan baş naziri Boubou Sissenin də tutulmasıdır. Məlumdur ki, Qərbi Afrika ölkələrinin iqtisadiyyat və eləcə də maliyyə nazirləri xüsusi statusa malikdirlər. Bu ölkələrin, demək olar ki, hamısı maliyyə cəhətdən Fransa frankı vasitəsi ilə birbaşa Fransa bank sistemlərinə bağlıdır. Bu mənada, Fransanın prezidenti Emmanuel Makron da təsadüfi bir fiqur deyil. Makron prezident seçilməmişdən öncə məşhur ailənin Fransa qolu olan “Rothschild & Co” maliyyə holdinqində çalışması, daha sonra Fransanın İqtisadiyyat, Sənaye və Rəqəmsal İşlər naziri olması da maraqlı məqamdır. Düşünürük ki, Covid-19 pandemiyası ilə bir qədər də mürəkkəbləşən bu hadisə, Qərbi Afrikanın digər ölkələrini də çalxalandıracaq. Bir çox maliyyə analitikləri Fransanın indiki iqtisadi vəziyyətini nəzərə aldıqda, bu təlatümlərin ölkə üçün ölümcül olacağını qeyd edirlər.
Rusiyanın gələcək aqibətini həll edəcək daha bir mühüm amil də ABŞ və Çin arasında artan gərginlik və bu qarşıdurmanın yaxın vaxtlarda törədəcəyi mümkün nəticələrdir. Məlumdur ki, son illərdə inanılmaz güc qazanaraq, nəhəng iqtisadi qüvvəyə çevrilən Çin ənənəvi İpək Yolunun bərpasında olduqca maraqlıdır. Çinin ümumilikdə XXI əsrin ən böyük lahiyələrindən olan “Bir kəmər – Bir yol” (One Belt One Road) proyekti Rusiyanın dünya gücü qismindəki aktuallığına böyük əngəldir. Çinin artıq Rusiyaya xammal mənbəyi kimi baxması da, mərhələli şəkildə gerçəkləşməkdə olan bu layihədə Rusiyaya hansı rolun verildiyini üzə çıxarır. Moskva mərkəzli Rusiya Avropa olmaq arzusunda ikən, yerdə qalan Rusiya yeni qurulan dünyada istismar olunacaq nəhəng koloniyadır.
Tarix boyu “Köhnə dünya” ilə Cənubi Şərqi Asiyanı əlaqələndirən bu yolun əsas dayaq məntəqələri Avropanın bir qismi, Anadolu, Cənubi Qafqaz, Orta Asiya və Çin olmuşdur. Yenidən bu məkanları əhatə edəcək Çin layihəsinə əlavə olunan bölgə Hindistan üzərindən Afrika və Cənubi Şərqi Asiya ölkələridir. Bu planın əsas hamisi olan Çinin İran, Orta Asiya, Şərqi Afrika ölkələri, Cənubi Avropa, İndoneziya və eləcə də yaxın Şərqə böyük sərmayələr yatırması da, bu mənada, başadüşüləndir. Təsadüfi deyil ki, Çin “Bir kəmər – Bir yol” layihəsinin əsas bəndlərindən biri olan Livanda partlayış nəticəsində darmadağın olan Beyrut limanının da yenidən inşasını öz üzərinə götürməyə çalışır. Böyük ehtimalla, bu yenidənqurma tenderini də Çin şirkətlərindən biri qazanacaqdır. Həm də Covid-19 pandemiyasının fəsadları nəticəsində dünya ölkələrinin iqtisadiyyatlarının nə vəziyyətə çatdıqlarını nəzərə aldıqda da, bu, real görünməkdədir. İndiki halda bu kimi məsrəfli işləri öz üzərinə götürəcək tək ölkə Çindir.
Düşünürük ki, Çinin qeyd olunan layihəsinin əsas bəndlərindən biri olan Azərbaycanın da aktuallığı bu mənada önə keçməkdədir. Təsadüfi deyil ki, 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu nəhəng layihənin ən əsas sistemyaradıcı elementlərindən biridir. Bu cəhətdən Çin qeyd olunan layihəyə daxil olcaq bütün ərazilərdə sülhün tərəfdarıdır. Bu qurşaqda münaqişəli nöqtələrin olması, Çinin nizama yönələn planlarına tamamən ziddir. Bu baxımdan, rəsmi şəkildə bildirməsə də, Rusiyadan fərqli olaraq, Dağlıq Qarabağ məsələsinin tez bir zamanda həllində Çin də maraqlıdır. Birbaşa olaraq Rusiya tərəfindən törədilən və 30 il idarəedilən xaos səviyyəsində saxlanılaraq daima nəzarətdə olan bu konflikt, “Bir kəmər – Bir yol” layihəsinə daxil olan məkanlardakı ən mürəkkəb və ziddiyyətli məsələlərdən biridir. Tovuz döyüşləri də bu məsələnin nə dərəcədə önəmli olmasını bir daha göstərmiş oldu.
Düşünürük ki, Tovuzda baş verən hadisələrin dünyada bu qədər geniş rezonans doğurmasının bir səbəbi də məhz budur. Çünki illər ərzində ən yaralı yerimiz olan bu münaqişə, artıq təkcə bizim olaraq, yəni, lokal xarakter daşımaqdan çıxaraq, dünyada gedən qlobal oyunların bir hissəsinə çevrilməkdədir.
Qlobal oyunların əsas oyunçuları isə ABŞ və Çindir. Yeni dünyanın gücləri arasında “jandarma rolu”nun öhdəsindən gələ bilməyən Rusiya olmadığından, bu münaqişənin də, onun nəzarətindən çıxaraq yeni aktorların nəzarəti altına keçəcəyi qaçılmazdır. Rusiyanın keçmiş sovet məkanında idarəedilən xaos yaratmaq cəhdlərinin bir səbəbi də budur. Rusiya bu bölgədə sülh olacağı təqdirdə, artıq aktual ölkə deyil. Onun aktual olması ancaq bu xaoslar sayəsində mümkündür. Rusiyanın real güc sərgiləməsi bununla məhdudlaşmaqdadır.
İkinci tərəfdən, məhz bu yeni maraqlar fonunda Azərbaycan Çinə əks cəbhədə duran ABŞ üçün də geostrateji cəhətdən böyük aktuallıq qazanmaqdadır. Çünki ABŞ hər cəhətdən Çinin planlarına qarşı çıxmağa çalışır. Onun qlobal miqyaslı layihələrinin gerçəkləşdirməsinə əngəl olur. ABŞ və Çin arasındakı münasibətlərin son həddə çatmasında da, Çinin müstəqil şəkildə gerçəkləşdirərək dünyada bir nömrəli gücə çevriləməyi hədəfləyən “Bir kəmər – Bir yol” lahiyəsinin rolu həlledicidir. ABŞ-ın Demokratlar Partiyasının da dəstəklədiyi qlobalistlər və “Wall Street”in maliyyə nəhənglərinə yaxınlığı ilə seçilən dünya finans mərkəzlərindən biri “City of London”un törəmə övladı olan Çin bu layihəni gerçəkləşdirməyə çalışmaqla ABŞ-ın real iqtisadi sektor nümayəndələri “Main Street” və daima ABŞ-ın taleyini həll edən dərin dövləti (deep state) də narahat etməkdədir.
Covid-19 pandemiyasının nədən Çindən dünyaya yayılması, bu pandemiyanın “Bir kəmər – Bir yol” layihəsinin əsas təəssübkeşləri olan İran və İtaliyanı bu qədər iflic hala salmasına da bu bucaqdan baxdıqda, məntiqi cavab tapmaq olur. Son aylarda Covid-19 adlı gizli agentin Amerika dərin dövlətinin Çinə qarşı bir həmləsi olduğu da artıq mətbuatda daha çox səslənməkdədir.
Görünən odur ki, ABŞ-ın dərin dövləti Çini qabaqlayaraq dünya bölgüsünü yenidən öz diqtəsi altında və ABŞ-ın maraqlarına uyğun bir şəkildə gerçəkləşdirmək niyyətindədir. Köhnə dünya düzənində həvalə olunduğu rollarının öhdəsindən gələ bilməyən İran və Rusiyanın hər tərəfdən zərbələr alaraq küncə sıxışdırılması, son illərdə Çinə daha çox yaxınlaşan Cənubi Avropa ölkələrindən İtaliya və İspaniyanın iqtisadi cəhətdən çökməsi, dünya maliyyəsinin böyük bir qisminə nəzrət edən ailələrin maraqları üzrə fəaliyyət göstərən Fransa və Almaniyanın nədən bu qədər çətinliklər ilə üzləşdiyini də, bu rakursdan baxdıqda, anlamaq mümkündür.
Çinin həmlələri qarşısında geosiyasi maraqlarını yenidən tənzimləyən ABŞ-ın gələcək planlarında Azərbaycanın əsas açar dövlət olacağını da görməmək mümkün deyil. Düşünürük ki, ABŞ-Çin iqtisadi müharibəsində ABŞ-ın qələbəsini təmin edəcək ölkə də məhz Azərbaycandır.
Məsələnin bir qədər də aydın olması üçün qeyd edək ki, Azərbaycanın da daxil olduğu Yaxın Şərqdə ABŞ-ın ən böyük konsulluğu İraq Kürdüstanının mərkəzi şəhəri olan Ərbildə, ən böyük səfirliyi isə Ermənistanın paytaxtı olan İrəvan şəhərindədir. Ərazisinin kiçik, əhalisinin isə az olmasına baxmayaraq, ABŞ-ın İrəvandakı səfirliyinin ölçüsü və ərzisi, təxminən, Azərbaycan Milli Elmlər Akademiyasının binası və şəhərciyi ölçüsündədir. Bunu “Google maps” proqramı vasitəsi ilə izlədikdə də aydın görmək mümkündür. Hər halda, son əsrlərdə dünya siyasətini yönəltən ABŞ-ın Ərbil və İrəvan seçimləri təsadüfi deyil. Kiçik məkanlardakı bu iki böyük ABŞ mərkəzinin sırf konsulluq və səfirlik fəaliyyəti göstərməsi də inandırıcı deyil. İmperialist maraqlarından çıxış edən ABŞ-ın İraq və Suriya kampaniyasında kürdləri öz ambisyaları naminə istifadə etdiyini 2000-ci idən bugünədək görürük. “Parçala və hökm et” siyasətinin son dərəcə effektiv bir üsul olduğunu ABŞ-ın öz hərbi ekspertləri də gizlətmirlər. ABŞ-ın Yaxın Şərqdə hərbi əməliyyatlara başladığı zaman ilk öncə ərazidə kimin sünni, kimin şiə, kimin ələvi, kimin türk, ərəb, kürd olmasını öncədən müəyyənləşdirməsinin zəruriliyini Harri Tabax da dəfələrlə qeyd edib. ABŞ-ın “vəhdət demokratiyası”na zidd olan bu fəaliyyətin, əslində, nə dərəcədə effektiv olduğunu elə ABŞ ekspertlərinin özləri də təsdiqləyir.
İqtisadi cəhətdən tam şəkildə xarici sərmayədən asılı olan ermənilər öz hiyləgər diplomatiyaları ilə, maddi yardımlar müqabilində öz ölkələrini ABŞ-ın regional kəşfiyyatı üçün istifadəyə verirlər. Ermənistanın İrana yaxın olması ABŞ kəşfiyyatı üçün qaçırılmaz bir fürsətdir.
Artıq qeyd etdiyimiz kimi, son aylarda baş verən hadisələrin fonunda ABŞ üçün İran və Rusiya Çin qədər təhlükəli deyil. ABŞ üçün önəmi artan məsələ Çini qabaqlamaq, hər vasitə ilə ona əngəl olmaqdır. Bunun üçün ABŞ-ın Çinə doğru, yəni, bir qədər də Şərqə tərəf üz tutacağı, qüvvələr nisbətində yerdəyişmələr edəcəyi də qaçılmazdır. Bu qəbildən olan məsələlər üzrə mütəxəssis Türkiyəli analitik Barış Adıbellinin də fikrincə, ABŞ-Çin gərginliyində geostrateji cəhətdən açar ölkə Azərbaycandır. Çünki Azərbaycan coğrafi cəhətdən, həm Rusiya, həm İran, həm də Xəzər və Orta Asiya üzərindən Çini nəzarətdə saxlamaqda ən ideal məkandır. Düşünürük ki, Qarabağ məsələsinin həllində də bu arqumentin rolu həlledici olacaqdır. Rusiyanın nədən dünyada ən güclü ordu və müasir silahlara sahib NATO ölkələrindən biri Türkiyənin, Azərbaycanı bu qədər dəstəklədiyindən təlaş keçirdiyinə, bu mənada, məntiqi cavab tapmaq olur. Düşünürük ki, ən əsas NATO ölkəsi olan ABŞ-ın ötən illərdən fərqli olaraq Türkiyənin Cənubi Qafqazın işlərinə bu qədər yaxından maraq göstərməsinə imkan yaratması, daha doğrusu, bu məsələyə qarışmaması, onun öz maraqları ilə də əsasən üst-üstə düşür.
Türkiyə olmadan Yaxın Şərqin və Orta Asiyanın yenidən dizayn edilməsi mümkün deyil. ABŞ-ın ərazicə böyük və enerji qaynaqları ilə zəngin bölgəyə nəzarət etməsinə zəmin yaradacaq amillərdən biri də Orta Asiyanın türk xalqlarından ibarət olmasıdır. Orta əsrlərin nəhəng Osmanlı, Səfəvi və Moğol kimi türk imperiyalarını müasir dünyada yenidən canlandırmaq üçün artıq fiziki sərhədlərə ehtiyac yoxdur. Müasir dünyanın şərtləri daxilində bunu birbaşa sərhədlər olmadan da inşa etmək mümkündür. Türkiyənin ilbəil artan nüfuzu bu əraziləri konsolidasiya etməkdə önəmli olduğu qədər, həm də yetərli faktordur. Barış Adıbelli düşünür ki, bu plan lazım olduğu anda ABŞ-a İranı parçalamaq və Çinə Şərqi Türküstan üzərindən ikinci zərbəni vurmaqda da, xeyli imkanlar qazandırmış olur. Çinin ən zəif yerlərindən biri olan Şərqi Türküstan məsələsinin son zamanlar xeyli dərəcədə aktuallaşması da təsadüfi hadisə deyil. Eləcə də, son zamanlar “Youtube” kanallarında çinlilər tərəfindən orada yaşayan türklərə edilən işgəncələrin insanlara görüntülü olaraq təqdim edilməsi də bu proseslərin davamıdır. Çinin Sincan Uyğur Muxtar Rayonunda yaşayan uyğur türklərinin haqqları uğrunda mübarizə aparan aktivist Rəbiyyə Qədirin ABŞ-da yaşayaraq fəaliyyət göstərməsi, beynəlxalq konfranslarda bu mövzularda çıxışlar etməsi, kitab və məqalələr yazması da birbaşa bu məqsədlərə xidmət edir. ABŞ bütün mümkün vasitələr ilə Çinin reputasiyasına zərbə vurmağa çalışır.
Digər tərəfdən, Ayasofiyanın yenidən məscid elan edilməsi ilə müsəlmanlara mesaj verən Türkiyə, türk dünyası ilə yanaşı, İslam aləmini də konsolidasiya etmək iqtidarında olduğunu bəyan etməyə çalışır. Bu məsələyə ABŞ sərt narazılıq bildirsə də, əslində gələcəkdə bu məqamdan da öz maraqlarına uyğun formada istifadə etmək niyyətindədir. Təsadüfi deyil ki, Ayasofiyanın yenidən məscid olaraq müsəlmanların istifadəsinə verilməsinə müsbət münasibət göstərənlər arasında, ABŞ akademiki Louis Fishman da var. Louis Fishman Osmanlı imperiyasının son dönəmlərində Fələstin-İsrail münasibətlərinin tədqiqatçılarından biridir. O, İsrailin məşhur və ən qədim qəzetlərindən olan “Haaretz”də bu məsələyə bir məqalə də həsr edib. Öz twitter səhifəsindən isə, Ərdoğanın Ayasofiyada “Quran” oxumasından çox təsirləndiyini və bu mühüm məsələnin kiçildilməsinin yolverilməz hal olduğunu vurğulayıb.
Rusiyanı indiki anda qorxuya salan əsas amil, Qarabağ və işğal olunmuş torpaqlarımızın müharibə yolu ilə qaytarılacağı təqdirdə, Azərbaycanın regional olaraq birdəfəlik onun nəzarətindən çıxmasıdır. Azərbaycanın Türkiyə-NATO xətti ilə ABŞ-a da dolayı bağlanmasıdır. Bu məsələnin sülh yolu ilə də həllinə mane olma səbəbləri eyni məntiqə bağlıdır. Bu halda da itirəcək ölkə Rusiyadır. Belədə, onun təzyiqlərindən qurtulan Azərbaycanın öz kursunu da dəyişəcəyi qaçılmazdır.
Düşünürük ki, Rusiyanın Qarabağ problemində bütün rasional yollardan boyun qaçırmasının birbaşa səbəbləri də budur. Tarix boyu olduğu kimi, imperializmin əsas bəlası, sonda bütün məsələlərin kələfə dönməsi, məntiqi və ən sadə yolların belə, çıxılmaz vəziyyətdə kəsişməsidir. Rusiyanın Azərbaycan gedişi ilə suqsvanq mövqeyə düşməsinin səbəbkarı da öz hakimiyyətindən başqası deyil.