Abramoviçin məkik diplomatiyası: Putin deyib: “Onları məhv edəcəyəm…”
Rusiyalı milyarder Roman Abramoviç Moskva ilə Kiyev arasında qeyri-rəsmi vasitəçilik missiyası həyata keçirir və bu çətin missiya zamanı onun hətta zəhərləndiyi də bildirilir.
Abramoviç bu gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının keçirildiyi Dolmabaxça sarayında da görünüb. Danışıqlar başlamazdan əvvəl o, sarayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ayaqüstü görüşüb. Görüşdə xarici işlər naziri Mövlut Çavuşoğlu da iştirak edib.

Abramoviçin vasitəçilik missiyasına Kremlin istəyi ilə başladığı təxmin edilir, daha əvvəl onun ABŞ prezidenti Cozef Baydenin Polşaya səfəri zamanı qatarla bu ölkəyə getdiyi haqda da xəbər yayılmışdı.
Böyük Britaniyanın “The Times” qəzeti isə ötən gün yazıb ki, Abramoviç martın əvvəllərində Ukrayna prezidenti Volodimir Zelenskidən Rusiya prezidenti Vladimir Putinə məktub aparıb. Zelenskinin əlyazma ilə yazdığı həmin məktubda Ukrayna tərəfinin sülh şərtləri yer alırdı. Lakin bildirilir ki, Putin Zelenskinin yazdıqlarını oxuyanda özündən çıxıb, bərk qəzəblənib və deyib: “Onlara çatdırın ki, mən onları məhv edəcəyəm!”
Ukrayna xarici işlər naziri Dmitri Kuleba bu məlumatı şərh edərkən deyib ki, Putinin ukraynalılarla bağlı bir çox planları olub. Məsələn o, Kiyevi iki-üç günə tutmağı planlaşdırırdı. “Onun nə düşündüyü bizim üçün əsas deyil, bizim öz planlarımız var”, – Kuleba bildirib.



