“Polisə Dəstək” İB Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaydı
“31 mart tarixində, ermənilər tərəfindən azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilən qanlı qırğın qurbanlarının xatirəsi həmişə anılır və anılacaq”.
Bu, “Polisə Dəstək” İctimai Birliyinin Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar yaydığı bəyanatda əksini tapıb.
“1918-ci ilin mart-aprel aylarında erməni daşnak-bolşevik silahlı dəstələri Bakı şəhərində, habelə Bakı ətrafı qəzalarda xüsusi qəddarlıqla davam edən kütləvi qırğınlar törədib, on minlərlə dinc sakin məhz etnik, dini və milli mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsi bu gün də dərin hüznlə anılır və gələcək nəslin yaddaşlarında qorunub saxlanılacaq.
Qafqazın Fövqəladə Komissarı, etnik erməni olan Stepan Şaumyan özü də etiraf edib ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksütyun partiyasının 4000 silahlı əsgəri iştirak edib. (Stepan Şaumyan. Seçilmiş əsərləri, 2-ci Hissə, Moskva, 1978-ci il. səh. 259-260)
Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə edib. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16 000-dən artıq insan öldürülmüş, 167 kənd məhv edilmişdir.
Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutudur.
Azərbaycan Xalq Cümhuriyyəti ermənilərin törətdiyi xüsusilə ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında həkk olunması və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Həmin dövrdə müxtəlif millətlərin tanınmış və peşəkar hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası təkzib olunmaz sübutlar əsasında xüsusilə ağır cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılmış və törədilən cinayətlərə görə Bakıda 24, Şamaxıda təxminən 100 nəfər həbs olunmuşdu.
Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən məqsədli və məkrli hərbi təcavüz nəticəsində erməni faşizminin etnik zəmində xüsusi amansızlığı ilə yadda qalan cinayətləri davam etmişdir. Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində bir milyon azərbaycanlı etnik təmizləmə siyasətinin qurbanı olmuşdur.
Bütün bunlar beynəlxalq aləmin gözü qarşısında baş vermişdir (hazırda baş verir). Dünyanın hegemon qüvvələrinin belə amansızlıqları aşkar gördüyü, lakin susqunluq nümayiş etdirməsi hamıda ikrah hissi doğurur.
Beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri, BMT nizamnaməsinin dünya dövlətlərinə görk olacaq tələbləri müstəsna həyasızlıqlarla pozuldu, TŞ-nin qətnamələri vecsiz kağız parçasına çevrildi…
Nə yaxşı ki, 44 günlük Vətən Müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımı və ordunun şücaəti zəfərlə başa çatdı…
Polisə Dəstək İctimai Birliyi Mart qırğınının günahsız qurbanlarını dərin hüznlə anır və Uca Allahdan onlara rəhmət diləyir”, – bəyanatda qeyd olunur.