Saatlıda polis maarifləndirmə tədbiri keçirib
Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə F.Şıxaliyev adına Kamallı kənd orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, eləcə də Kamallı və Hacıqasımlı kənd orta məktəblərinin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. Bildirib ki, rayon ərazisində bu maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli tədbirlər görülür və cinayət əməli ilə məşğul olan hər bir şəxs saxlanılaraq məsuliyyətə cəlb edilir. “Erkən nikah və onun fəsadları” mövzusunda da çıxış edən şöbə rəisi, yeniyetmə vaxtlarında gənclərin ailə həyatı qurmalarının yolverilməz olduğunu, bu cür halların gənc ailələrdə problemlər yaratdığı barədə məlumatlar verib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.






