Siyasi ekspertdən Rusiya ilə bağlı şok açıqlama: “Vəziyyəti kifayət qədər ağırdır …”
Ukrayna tərəfinin yaydığı məlumatlara görə, Rusiya ordusu Mariupola mənşəyi məlum olmayan zəhərli maddə atıblar.
Məlumatda, qurbanlarda tənəffüs çatışmazlığı, vestibulo-ataktik sindrom yarandığı bildirilir.
Siyasi şərhçi Elçin Xalidbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib ki, Rusiyanın Ukrayna savaşında zəhərli maddə tətbiq etməsi barədə məlumatlar Kreml üçün ciddi problemlər vəd edir.
“Əgər, rəsmi Kiyevin bu iddiaları konkret faktlarla təsdiqlənərsə, onda, Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilmə ehtimalı qətiyyən istisna deyil. Yəqin ki, Ukrayna ordusunun Mariupoldakı hərbçiləri Rusiyanın istifadə etdiyi zəhərli maddə ilə bağlı örnəklərin təqdim olunasına çalışacaq.
Onu da qeyd etmək lazımdır ki, Rusiyaya qarşı növbəti addımların atılmasında istifadə edilən zəhərli maddənin kimyavi silah və ya kütləvi qırqın silahı kateqoriyasına aid olub-olmadığı böyük önəm daşıyır. Çünki, NATO-nun bir müddət öncə keçirilmiş növbədənkənar toplantısında Rusiyanın Ukraynaya qarşı kimyavi və bioloji silahlardan, eləcə də, taktiki nüvə silahından istifadə edəcəyi təqdirdə, bu hərbi-siyasi alyansın dərhal müdaxilə edəcəyi bəyan olunmuşdu. Yəni, iddialar sübutlarla təsdiqlənərsə, NATO-nun Ukrayna savaşına müdaxilə etmə ehtimalı kifayət qədər yüksəkdir”.

Siyasi şərhçi bildirir ki, bəzi ehtimallara görə, Rusiya Ukrayna savaşında ən çıxılmaz duruma düşərsə, Kreml kütləvi qırğın silahlarından istifadə etmək qərarı verə bilər:
“Hazırda Rusiyanın savaş meydanında vəziyyəti kifayət qədər ağırdır. Ola bilsin ki, Rusiya hərbi dairələri mənşəyi bəlli olmayan zəhərli maddədən istifadə etməklə, NATO-nun mümkün reaksiyasını da yoxlamaq niyyətinə düşüblər. Əgər, reaksiya yetərincə, sərt olmazsa, növbəti mərhələdə daha fərqli kütləvi qırğın silahlarından da istifadə etmək ehtimalı ciddiləşə bilər.
Ona görə də hesab etmək olar ki, əgər, Mariupolda istifadə olunan zəhərli maddə kimyavi silah kateqqoriyasına aid olarsa, NATO-nun bu məsələyə hərbi məzmunlu cavab reaksiyasi qətiyyən istisna deyil. Buna paralel olaraq, Rusiyaya qarşı daha dağıdıcı beynəlxalq sanksiyalar da tətbiq oluna bilər”.



