Eldar Həsənovun “dostları” vasitəsi ilə şantajı və “5-ci kolon”un ayaq səsləri
Ölkədə çox maraqlı və olduqca mühüm proseslər gedir. Bir neçə istiqamətdə Azərbaycanda qanunlara, dövlətə, iqtidara təhdidlər göstərənlər cəzalandırılır, neytrallaşdırılır. Habelə, de-fakto və de-yure Azərbaycan üçün ən ciddi təhdid olan “5-ci kolon”un ifşası prosesi gedir.
Bu prosesdə bir çoxları da bilərəkdən, ya bilməyərəkdən, biriləri isə məcburiyyətdən, yaxud da götürülmüş öhdəliyə uyğun şəkildə hücuma keçir. “5-ci kolon”un ayaq səsləri eşidilir və burada ən maraqlı detallardan biri də bu zaman şantaj xəttinin seçilməsidir.
Bu sırada daha bir sima özünü ifşa edib.
Sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun tərəfdarlarından olan Əlövsət Ağalarov sosial şəbəkələrdə şantaj dolu bir açıqlama ilə çıxış edib. O, Eldar Həsənovun müdafiəsinə qalxıb. Bu, təəccüblü olmaya bilərdi, düşünmək olardı ki, hörmətli Ağalarov zaman-zaman Eldar Həsənovdan qidalananlardan olub və indi belə deyək ki, bir vəfa borcu göstərir. Ancaq məsələnin heç də bundan ibarət olmadığı Əlövsət Ağalarovun açıqlamasından bəlli olur…
Ağalarov uzun-uzadı cümlələrlə Eldar Həsənovu təriflədikdən, onun qanunsuz əməllərindən yazanları yamanladıqdan, “atılan çamurlar Eldar Həsənova yapışmadı” iddiasını qeyd etdikdən sonra təhqiramiz sözlərlə keçir, onun əleyhinə danışanları şantaja keçir. Sitat: “Daş atın, atın, sonucda İlahi ədalətin nişangahına tuş gələndə peşimançılığınız gec olacaq. İndi Eldar müəllimə hürənlərdən biri – müxalifət donuna bürünən yaramaz Monteneqroya öz katibəsini aparırmış. Eyni uçaqla gedən səfirlik əməkdaşlarından biri bu gədənin məşuqəsiylə birlikdə şəklini çəkir və Eldar müəllimə göstərir ki, mərkəzə göndərsin. Kişiyanə hərəkətləriylə hər zamankı kimi tanınan Eldar müəllim həmin əməkdaşın telefonunu alır və şəkli silir. Deyir oğlum, bu, kişiliyə yaraşmayan mübarizə metodudur. Əhəmiyyət vermə. Etik cəhətdən və adını çəkib “şərəfləndirməmək” məqsədilə geniş izahata lüzum görmürəm (bir az da qulağı kəsilmiş küçük kimi zingildəsə, adını çəkib mətbuata verəcəm). O şəkil isə yəqin ki, mövcuddur”…
Ağalarov daha sonra qeyd edir: “55 illik sadiq dostum Eldar müəllimin, həm də özümün adımdan dilə gətirmək istəyirəm: mətbuatda, sosial şəbəkələrdə bu olaya səbrli və təmkinli yanaşın, artıq-əksik ifadələrə, emosional fikirlərə yol verməyin. Dövlətimizin qanunları çərçivəsində araşdırılan bu anlaşılmazlığı anlayışla qarşılayıb obyektiv və dürüst istintaqın nəticəsini gözləyək”.
İlk baxışda Ağalarov bu tərzi ilə bəlkə də naşı adamları, yeniyetmə sosial şəbəkə istifadəçilərini aldada bilər. Ancaq siyasi-ictimai yetkin, baş verənlərin mahiyyətini bilən adamlar dərhal başa düşür ki, bu, qətiyyən dost üçün verilən səmimi mücadilə deyil. Bu, “5-ci kolon”un ayaq səsləridir, o xorun bir xaric elementidir.
Bunu cəmi 3 məqamla təsdiqləmək mümkündür:
Əvvəla, Eldar Həsənovun xaricdə Azərbaycan iqtidarına qarşı müəyyən işlər çevirməsi, onun Abbas Abbasovla birgə Rusiyadakı bağlı olduqları güclərin diqtəsi ilə təxribat xarakterli addımlar atması haqda illərdir mətbuat, sosial şəbəkə istifadəçiləri yazırdı. Həmçinin, Azərbaycan dövlətinə, iqtidarına qarşı “söyüş müxalifəti”nə çevrilən bir qrup mühacirin də onun üzərindən idarə edildiyi ittihamları uzun zamandan bəri səslənirdi. Habelə, Eldar Həsənovun dövlətin milyonlarını mənimsədiyinə dair son 10 ildə mətbuatda kifayət qədər yazılıb.
Niyə Əlövsət Ağalarov bu 10 ildə səsini çıxarıb “55 illik dostu-qardaşı”nı müdafiə etmirdi?
İkincisi, Eldar Həsənovun həbsindən artıq 15 gün keçir. Bu 15 gündə artıq bütün deyilənlər deyildi, danışılanlar danışıldı. Ona qarşı irəli sürülən rəsmi korrupsiya, rüşvətxorluq cinayətləri üzrə ittihamlar kifayət şərhlər verildi, faktlar səsləndirildi. Habelə, ona qarşı qeyri-rəsmi ittihamlar da dartışıldı: Azərbaycana qarşı fəaliyyət göstərən mühacirlərin maliyyələşdirilməsi, Serbiyanın Ermənistana silah satması olayında dolayısı ilə iştirakçılığı haqda nələr yazılmadı, deyilmədi ki…
Həmçinin, xeyli sayda məşhur sima, o cümlədən Qarabağ qazisi Nurəddin Xoca geniş müsahibə verərək, Eldar Həsənov baş prokuror olarkən onu və digərlərini necə şərləyib həbsə saldığını danışdı.
Lakin bu 15 gündə Əlövsət Ağalarov yenə də dinmədi, dostunun müdafiəsinə qalxmadı…
Üçüncüsü, indiyə kimi qorxan, səsini çıxarmayan, dostunu anında müdafiə etməyən, reaksiya bildirməyən, onu dəstəkləməyən adam – hörmətli Ə.Ağalarov necə oldu ki, sabiq PA rəhbəri Ramiz Mehdiyevin məlum davranışlarından, hökumətə və dövləti müdafiə edənlərə qarşı hücum keçməsindən dərhal sonra xora qoşuldu, danışmağa başladı?!
Sanki eyni mərkəzdən siqnal alıbmış kimi hərəkət etməyə başlayıb və “beşinci kolon” təmsilçiliyi iddiası olan Eldar Həsənovun üzərindən, onun adından, əvəzindən o da “ayaq səslərini” eşitdirməyə başlayıb…
Bir maraqlı detal da odur ki, 15 gündən sonra Eldar Həsənovun müdafiəsini isə ona-buna böhtan, şantaj üzərində qurub. Hansısa bir müxalifətçiyə söz atır, onu susdurmaq üçün: Kimsə öz katibəsi ilə Monteneqroya gedirmiş, Eldar onun şəklini çəkdirib, sonra verməyib, telefondan sildirib və s.
Nə bilək ki, Eldar Həsənov o adamı uzun zaman şantaj etmirdi? Bəlkə o adam da indi qisasını alır?
İstənilən halda, həmin şəxsin Eldar Həsənov tərəfindən şantaja məruz qalması faktını elə Ə.Ağalarovun bir təhdidi də təsdiqləyir. Ağalarov açıqca yazıb ki, “o şəkil mövcuddur”.
Əgər dediyi kimi, Eldar Həsənov o şəkli telefondan silmişdisə, bəs, indi necə mövcuddur? Mövcuddursa, deməli ondan şantaj məqsədi ilə istifadə edib. Bu isə nə kişiliyə yaraşır, nə də bir diplomat tərzinə…
Nəhayət, ortada bir nəticə də var: Ağalarov Eldar Həsənovun adından danışaraq, “5-ci kolon” xoruna qoşulmaqla əməllicə ipucu verib, özünü də ifşa etmiş olub. Mehdiyevin hərəkətlənməsinin ardından təhdid dolu açıqlamalar, canfəşanlıqlar səbəbindən müvafiq hüquq-mühafizə və təhlükəsizlik orqanlarının onu da sorğu-sual etməsinə zərurət yarandığını bir çox ekspertlər də dilə gətiriblər…