Türkiyənin “Pəncə-Kilit”i: İranı da caynağına alır

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terror təşkilatına qarşı başladığı “Pəncə-Kilit” hərbi əməliyyatları həm də Ankara-Tehran münasibətlərindəki hibrid müharibənin dozasını gücləndirir.

Türkiyənin hərbi əməliyyatlarının hədəfi:

1. Regionun təhlükəsizlik zolağına salınması,

2. Öz milli təhlükəsizliyinə qarşı yönələn təhdid elementlərini aradan qaldıraraq bufer zona yaratmaq.

Ankaranın yaxın zamanlarda bu istədiyinə bütövlükdə nail olacağını proqnozlaşdırmaq düzgün olmazdı, çünki istər Suriya, istərsə də İraq ərazisindəki antiterror əməliyyatları təhdid mənbələrini tam aradan götürməyib.

Təhdidlərin regenerasiya olunması Türkiyə-İran münasibətləri müstəvisində izaha ehtiyac yaradır, çünki regiona baxış bucağında Ankara ilə Tehranın fərqli mövqeləri mövcuddur.

İranın strategiyası bundan ibarətdir ki, Türkiyənin İraqdakı hərəkətliliyini minimuma endirsin, bunun üçün özünün çətiri altında olan şiə qruplaşmalarının PKK ilə əlaqəsində əhəmiyyətli koordinasiya yaradır.

Son zamanlar İranın İraqdakı Türkiyə bazalarını hədəfə alması da onun İraqda təkbaşına hərəkət etmədiyinin göstəricisidir.

Bütün bu hadisələr İranın PKK-nı qorumaq və terror qruplaşmasını Türkiyəyə qarşı fəaliyyətinin alovlandırmaq strategiyasının bir hissəsidir.

Hərçənd ki, İranın öz daxilində etnik kürdlərlə problemləri mövcud olub (İran-PJAK münaqişəsi) və bu məsələdə PKK kürdlərə dəstək göstərib.

Lakin bu məsələ İranın öz hüdudları ilə məhdudlaşıb, çərçivələrin xarici ölkələrə düşən hissəsində Tehran, PKK amilini əlinə verilən kart kimi dəyərləndirir. PKK Türkiyə tərəfindən ağır təzyiqlərə məruz qalanda PKK liderlərinə Tehran yardım əlini uzadır. Əvvəllər bu yardım PKK-nı sığınacaqlarla təmin etməklə məhdudlaşırdısa, indi İranın patronajlığı altındakı şiə silahlıları Suriyadan İraqa qədər olan ərazidə Türkiyəyə qarşı vahid cəbhədə birləşir.

İndi Türkiyənin hərbi əməliyyatları İranı narahat edir, ona görə ki, PKK-nın İraqda məhvi İranı ən əhəmiyyətli resurslarının birindən məhrum edəcək.

Təhlükəsizliyin qavrayışı ilə bağlı yanaşmalar Türkiyə-İran münasibətlərini kibermüstəviyə qədər sürükləyir.

Son günlər Türkiyənin bəzi dövlət əhəmiyyətli saytları İran tərəfindən kiberhücumlara məruz qaldığı haqqında informasiyaların yayılması bu arqumenti səsləndirməyə imkan verir.

Ümumiyyətlə İran özünün nəzarətinin altında olan qruplar vasitəsilə kiberordu yarada bilib, bu işdə ona ən əhəmiyyətli dəstək “Hizbullah” tərəfindən verilir.

Ancaq Türkiyə üçün İranın bu cür həmlələrinin əhəmiyyəti olmayacaq, çünki Ankara kifayət qədər güclü müdafiə təsisatlarına malikdir.

Türkiyə ilə İran arasında “yumşaq müharibə” davam edəcək, Türkiyənin regionda ciddi uğurlara imza atması Tehranı alternativ variantlara sürükləyəcək.

Digər məsələ İraqda hakimiyyətin formalaşdırılmasıdır, bu məsələdə də Türkiyə-İran rəqabətini gücləndirəcək.

Aqşin Kərimov

Hamısını Göstər

Related Articles

Back to top button