“Rəsmi Bakı Ceyhun Bayramovun Qarabağ mesajına cavab gözləyir, danışıqlar…” – Deputatdan sərt açıqlama

“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edən Ermənistan eyni zamanda mövcud status-kvonun saxlanması üçün müxtəlif üsullara əl atır”.

Bunu KONKRET.az-a Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya səfərini şərh edən deputat Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, işğalçı ölkənin silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatı, həmçinin Rusiyanın müdafiə naziri Sergey Soyqunun ölkəmizə səfəri ərəfəsində, avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun növbəti təxribat cəhdi isə Ermənistanın münaqişənin nizamlanmasında maraqlı olmadığını bir daha təsdiqləyir:

“Bütün bunların fonunda ATƏT-in Minsk qrupunun səssiz qalması Azərbaycanda haqlı narazılıqla qarşılanıb. İstər Rusiyanın müdafiə naziri Sergey Soyqunun ölkəmizə səfəri, istərsə də Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Rusiyaya səfəri zamanı əsas müzakirə mövzusu məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi oldu. Moskvada rusiyalı həmkarı ilə görüşdə bu məqama toxunan Ceyhun Bayramovun da bəyan etdiyi kimi danışıqlar prosesinin pozulmasına yönəldilən bütün hərəkətlər və bəyanatlar beynəlxalq birlik, ilk növbədə, ATƏT-in Minsk qrupu tərəfindən qınanmalıdır. Azərbaycanın danışıqlar prosesindəki konstruktiv mövqeyi real fəaliyyətə söykənir. Ərazilərinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycan 30 ilə yaxındır ki, danışıqlar masası arxasındadır. Biz münaqişənin siyasi yolla həllinə tərəfdarıq”.

Deputatın sözlərinə görə, heç şübhəsiz bu məsələdə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biri olan Rusiyadan da haqlı gözləntilər var:

“Məlum olduğu kimi Ermənistanın işğal etdiyi əzəli Azərbaycan torpaqlarından Azərbaycan əhalisi qovulub, onların evlərində xaricdən, o cümlədən Yaxın Şərqdən köçürülən ermənilər yerləşdirilir. Bu isə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Heç şübhəsiz Minsk qrupu tərəfindən işğalçı ölkəyə yerində və lazımi təpki göstərilmədiyi üçün Ermənistan bu cür addımlar atmaqda davam edir”.

Vüqar İskəndərov deyib ki, regionda gərginliyin daha da alovlanmaması üçün Minsk qrupunun həmsədrləri, o cümlədən Rusiya Ermənistana təzyiq göstərməlidir:

“Yəni cənab Ceyhun Bayramovun Moskvada bəyan etdiyi kimi Azərbaycan tərəfinin birmənalı mövqeyi budur ki, danışıqlar prosesi beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və digər təşkilatların sonrakı illər qəbul etdikləri sənədlər əsasında aparılmalıdır. Bu baxımdan, biz danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq, lakin hesab edirik ki, danışıqlar olduqca konkret məsələlər ətrafında aparılmalı, imitasiya xarakteri daşımamalı, substantiv olmalıdır”.

Mənbə
konkret.az
Hamısını Göstər

Related Articles

Back to top button