Rus ordusuna ağır zərbələr vuruldu – İşğalçının şok itkiləri açıqlandı
Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 008 tankı, 2 445 zirehli döyüş maşını, 436 artilleriya sistemi, 151 reaktiv yaylım atəşi sistemi, 77 havadan müdafiə sistemi, 190 hərbi təyyarəsi, 155 helikopteri, 1 701 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 232 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 32 xüsusi avadanlığı məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 23 200 canlı qüvvəsini itirdiyini bəyan edib.
Rusiya ordusunun Şərq Hərbi Dairəsinin bölmələri Belqoroddan Ukraynanın Xarkov vilayətinin İzyum şəhərinə köçürülür. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilib ki, ruslar Slobojanski istiqamətində əsas səylərini işğal altında olan mövqeləri qoruyub saxlamağa və Ukrayna Silahlı Qüvvələrinin bölmələrini atəşə tutmağa yönəldib: “Düşmən qruplaşmanı gücləndirmək üçün Şərq Hərbi Dairəsinin bölmələrini Belqorod vilayətindən İzyum şəhəri ərazisinə köçürür”.
Baş Qərargahın məlumatına görə, rus qoşunları Sulıxivka və Dovxenke yaşayış məntəqələri istiqamətində hücuma keçməyə cəhd etsə də, buna nail ola bilməyib: “Düşmən Xarkov və İzyum istiqamətlərində öz qoşun qruplarını gücləndirmək üşün hava hücumundan müdafiə qüvvələri və vasitələrini bu ərazilərdə yerləşdirməyə çalışır”.
Eyni zamanda, bildirilib ki, Donetsk və Luqansk vilayətlərinə tam nəzarəti ələ keçirmək və işğal olunmuş Krımla quru dəhlizinin saxlanılması məqsədilə rus ordusunun şərqdə hücum əməliyyatları davam edir: “Rus ordusu Rubijne, Popasnyanski (Kalinovo və Popasna istiqamətində) və Kuraxivin (Alyonevka və Novomixayilovka) işğalını başa çatdırmağa çalışdığı Limanski (Yampil, Ozerna, Liman) və Severodonetskdə irəliləməyə cəhd edir. Amma düşmənin hücum əməliyyatları uğurlu deyil. Bu istiqamətlərdə döyüşlər davam edir”.
Məlumata görə, rus qoşunları şimal istiqamətində Kindrativka, Katerinivka, Svarkove və Bilokopıtove yaşayış məntəqələrində Ukrayna qoşunlarının mövqelərini atəşə tutub. Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində rus qoşunlarına ağır artilleriya zərbələri endirib.
Ruslar cənubda aktiv hücum əməliyyatları keçirməyiblər. Amma Nikolayev istiqamətində hava kəşfiyyatını gücləndirib. Volın və Polissya istiqamətlərində isə fəallıq yoxdur. Bu ərazilərdə vəziyyətlə bağlı ciddi dəyişiklik olmayıb.
“Ukraynanın Donetsk vilayətində ümumilikdə Slavyanskdan şimalda, İzyum istiqamətində vəziyyət sabit-gərgin olaraq qalır. Qarşı tərəf çoxsaylı şəxsi heyət və texnikanı döyüşə atmaqla düşündükləri xəttə qədər irəliləməyə və bizi mühasirəyə almağa çalışır. Amma buna nail ola bilmirlər”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında ukraynalı döyüş zabiti, Rusiya təbliğatı əleyhinə beynəlxalq mərkəzin sədri Yuriy Koçevenko bildirib.
O qeyd edib ki, artilleriyadan çox fəal istifadə olunmasına, aviasiyadan istifadə olunmaq cəhdlərinə baxmayaraq, Rusiya silahlı qüvvələrində heç nə alınmır: “Bizim hava hücumundan müdafiə qüvvələri hər cür yüksəklikdə onların təyyarə və helikopterlərinin öhdəsindən məharətlə gəlməyi əla öyrənib. Elə dünən “Stinger” DZRK ilə Rusiyanın “Ka-52” helikopterini vurduq. Bununla belə, ümumilikdə rəqib canlı qüvvə, texnika, artilleriyadakı üstünlüyündən istifadə edərək bizi gərginlikdə saxlaya bilir. Müharibənin başlamasından iki ay keçir. Amma gördüyünüz kimi, düşmən burada – Donbassda qarşıya qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib. Ukrayna ordusu yüksək döyüş hazırlığındadır, fəal döyüşlər aparır, qarşı tərəfin həmlələrini heçə çıxarır və düşməni canlı qüvvəsində və texnikasında ciddi itkilərə məruz qoymaqla əldən salır”.
Y.Koçevenko vurğulayıb ki, hər gün Rusiyanın bir neçə texnikası – tanklar, PDM-lər, helikopterləri məhv edilir:
“Onlarda bu texnikanın sayı çoxdur deyə, hər dəfə hücum edirlər, amma düşmənin itkisi xeyli çoxdur. Əlbəttə, bizim də itkilərimiz var. Amma elə də çox deyil. Ordumuzda döyüş ruhu və döyüş bacarığı yüksək səviyyədədir”, – deyə, Y. Koçevenko əlavə edib.
Qeyd edək ki, dünən, İzyum istiqamətində Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlıları son günlərin ən uğurlu hərbi əməliyyatını keçirib.
Yerli saytlarda və sosial mediada paylaşılan görüntülərdə Rusiya hərbi birliklərinin aramsız artilleriya zərbələrinə məruz qaldığı görünür.
Bildirilir ki, xüsusi təyinatlılar Ukrayna Silahlı Qüvvələri ilə birlikdə bir neçə dəqiqə ərzində işğalçı ordunun 30-dan çox hərbi texnikasını və onlarla hərbçisini məhv ediblər.