“Putin “burnu əzilməyənə” qədər durmayacaq”
Sülhəddin Əkbər: “Yeni dünya düzəni qurulur və onun strateji çərçivəsi müəyyən olunur…Unutmamalıyıq ki, bu düzəni yenə də qaliblər quracaq və biz də qaliblərlə bir sırada olmalıyıq”
“Putinin nüvə nüharibəsi zamanı sığınmaq istədiyi yeraltı sığınacaq cəmi 300 metr dərinlikdədir. Ona başa salıblar ki, bunkerə girsə də, salamat qalması problemli olacaq”
“Artıq Rusiyanın şantajlarına, xüsusilə nüvə şantajına məhəl qoyan yoxdur”
Ukraynadakı müharibə bir tərəfdən Rusiya üçün ölüm-dirim savaşına çevrilməkdədirsə, digər tərəfdən də azad dünya üçün strateji nöqtə anlamını daşımaqdadır. Savaşın ikinci mərhələsi davam edir və Ukraynanın şərqində – Donbasda amansız döyüşlər gedir. O da şübhəsizdir ki, müharibə uzandıqca Qərb ölkələri daha açıq mövqedən çıxış etməyə başlayırlar və bu, qətiyyən Rusiyanın maraqlarına və planlarına uyğun deyil.
“AzPolitika.info” Ukrayna müharibəsi mövzusunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik mütəxəssisi Sülhəddin Əkbərlə müzakirə edib:
– Sülhəddin bəy, Ukrayna müharibəsi artıq üçüncü aydır davam edir, üstəlik müharibənin istiqaməti və hədəfləri də dəyişir. Dünya düzəninə təsir edəcək bu savaşın indiki mərhələsini necə qiymətləndirirsiniz?
– Qısaca deyim ki, aprelin 25, 26 və 27-də qəbul edilən qərarlar və atılan addımlar artıq müharibənin strateji planda yeni mərhələyə keçdiyini göstərir. İlk dəfədir ki, ABŞ başda olmaqla kollektiv Qərb dolayısı ilə Ukraynada strateji təşəbbüsü ələ alır. Mən bunu deyərkən ABŞ Dövlət katibi və Müdafiə nazirinin Kiyevə səfərini, onların 3 saatdan artıq Ukrayna dövlət başçısı ilə apardıqları müzakirələri, ardınca “Ramştayn”da 40 dövlətin iştirakı ilə Ukrayna ilə bağlı görüşü və nəhayətdə aprelin 27-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Lend-Liz Aktının razılaşdırılmasını nəzərdə tuturam. Yeri gəlmişkən, Lend-Liz aktını Senat qəbul edib, Nümayəndələr Palatası da sənəd layihəsini razılaşdırıb. ABŞ Prezidenti də xüsusi çıxış edərək, Ukrayna məsələsinə dair ABŞ dövlətinin strateji baxışını açıqlayıb.
Xatırladım ki, bundan əvvəl Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trassın ölkəsinin yeni dünya düzəni ilə bağlı doktrinasını, o cümlədən Ukrayna müharibəsinə strateji münasibətini açıqlayıb. Mən Britaniya nazirinin bir cümləsini səsləndirməklə oxucularınızda təsəvvür yaratmaq istəyirəm: “Ukraynada müharibə bizim müharibəmizdir. Bu, hamımızın müharibəsidir. Ona görə ki, Ukraynanın qələbəsi hamımız üçün strateji imperativdir”.
Başqa sözlə, artıq Ukraynanın qələbəsindən və bunun hamı üçün strateji imperativ olduğundan bəhs edilir. Bu, artıq ABŞ başda olmaqla Qərbin strateji təşəbbüsü ələ alması və bundan sonrakı strateji inkişafa yön verməsi anlamına gəlir.
– Burada diqqəti daha çox Senatda qəbul olunan Lend-Liz Aktı cəlb edir. Bu xarakterli sənədlər nadir hallarda qəbul olunur. Həmin sənədin mahiyyəti nədən ibarətdir və nələr nəzərdə tutulur?
– Lend-Liz Aktı (lend-borc vermək, liz-icarə, kirayə vermək) sənədin qısa adıdır və əslində, “ABŞ-ın müdafisəini təmin etmək haqqında qanun” adlanır. Bu qanun ilk dəfə II Dünya Müharibəsi zamanı 1941-ci ilin 11 martında ABŞ Konqresi tərəfindən qəbul edilib. İndiki halda bu qanun “Ukrayna Demokratiyasını Müdafiə üçün Lend-Liz Aktı-2022” adlanır.
Yeri gəlmişkən, qeyd edim ki, Lend-Liz Aktı 1941-ci ilin 11 martınqa qəbul olunarkən məqsəd Boyük Britaniya və SSRİ-yə hərtərəfli dəstək vermək olub. Bu qanundan sonra ABŞ Prezidenti Ruzveltlə Britaniya Baş naziri Çörçil 1941-ci ilin 14 avqustunda Atlantik Xartiyasını imzaladı. Bu, II Dünya Müharibəsinin gedişatına yön verdi və müharibədən sonra yeni dünya düzəninin qurulmasının əsasını qoydu. Qeyd edim ki, 2021-ci ilin 11 iyununda Böyük Britaniya ilə ABŞ arasında yeni Atlantik Xartiyası imzalanıb. Bundan sonra Böyük Yeddiliyin, NATO-nun, habelə ABŞ və Avropa İttifaqının birgə sammiti baş tutub. Bu gün yeni Lend-Liz aktı qəbul edilməkdədir. Deməli, indi də yeni dünya düzəni qurulur və artıq onun strateji çərçivəsi müəyyən olunur. Başqa sözlə, indiki vəziyyət 1941-ci ildəki vəziyyəti xatırladır. Bu sənədlərin qəbul edilməsi deməyə imkan verir ki, artıq yeni dünya nizamı quruculuqu son mərhələyə daxil olub, onun çərvivəsi, əsas prinsipləri və istiqamətləri müəyyən edilir.
– Qayıdaq hərbi teatra. İndi əsas savaş Donbasda gedir. Ukrayna Baş Qərargahının gündəlik məlumatları da göstərir ki, Şərq Əməliyyat Zonasında döyüşlər qızışır. Britaniya kəşfiyyatı elan edir ki, ruslar texnika və canlı qüvvə baxımından güclü tərəfdir. Bu amilləri nəzərə alaraq gözlənti nədir, inkişaf istiqaməti necə olacaq?
– Bəli, ayın 18-dən Donbas istiqamətindən rusların yeni hərbi əməliyyatı başlayıb. Mən, sizi və oxucuları yormaq istəməzdim. Xüsusilə, indi informasiya kifayət qədər çoxdur. Onların hər birini qiymətləndirmək yorucu olardı. Odur ki, əsas məqamlara toxunmaq münasib olardı.
Əvvəla, qeyd etdim ki, kollektiv Qərbin lideri olan ABŞ öz strateji qərarını verib: Rusiya Ukraynada strateji uğursuzluğa, iflasa və hərbi məğlubiyyətə düçar olmalıdır. Bunun üçün ABŞ əlindən gələni edəcək. Ramştayn görüşündə ABŞ Müdafiə naziri açıq elan etdi ki, “yeri-göyü hərəkətə gətirəcəyik”, nə kömək lazımdırsa edəcək, Ukraynaya dəstək verəcəyik.
Artıq azad dünya Ukraynanın qələbəsini strateji imperativ hesab edir. Yəni, bu qələbə mütləq olmalıdır. O baxımdan strateji qərar verilib, Rusiyanın məğlubiyyəti üçün Qərb əlindən gələni edəcək. Ramştaynda da bu istiqamətdə mühüm qərarlar qəbul olundu. Həmin görüşdə 40-dan çox ölkə iştirak edib. Nəticə olaraq birgə mərkəz yaradılıb. Həm 15 ölkənin nümayəndəsindən ibarət işçi qrupu formalaşdırılıb, həm də göstəriləcək yardımın koordinasiyası və nəzarəti həyata keçiriləcək. Bir sözlə, Ukraynaya ediləcək yardıma A nöqtəsindən B nöqtəsinə qədər nəzarət olunacaq. İlk öncə Ukraynanın ehtiyacları müəyyən olunacaq, bu ehtiyacların hansı ölkələr tərəfindən ödənilməsi müəyyən ediləcək və sonda lazım olan hər şey ünvana çatdırılacaq.
Müharibənin nəticələrinə gəldikdə nəzərdə tutulur ki, mayın ortasında bu yardım və təchizat Ukraynaya çatdırılsın. Mayın II yarısından isə Ukraynanın əks-hücumu planlaşdırılır.
– Amma Moskva da sakit dayanmır. Aprelin 27-də Rusiya elan etdi ki, Ukraynaya gələn yardımlar vurulub…
– Hələ Lend-Liz qanunu rəsmi qəbul edilməmiş artıq ABŞ-ın ilkin hərbi yardımları Ukraynaya daxil olmağa başlayıb. Hərbi yardımlar sadələşdirilmiş yollarla, daha asan şəkildə Ukraynaya çatdırılır. Bu yardımın da ardı-arası kəsilməyəcək. Çünki Böyük Yeddilik iqtisadi potensialına görə dünya iqtisadi gücünün yarısını təşkil edir. Yəni Rusiyanın nə qədər fəallıq göstərməsindən asılı olmyaraq, bu hərbi yardımların həcmi də artacaq, keyfiyyəti də yüksələcək və o, daha sürətlə Ukraynaya gələcək. Bunun əksinə, Rusiyanın hərbi, iqtisadi və maliyyə gücü getdikcə azalacaq. Artıq Rusiyanın şantajlarına, xüsusilə nüvə şantajına Qərbdə məhəl qoyan yoxdur. Sızan məlumatlara görə, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Rusiya Baş Qərargah rəisi Gerasimova zəng edərək bu oyunlara son qoymağı tələb edib. Bildirib ki, ABŞ-da da nüvə silahları var. ABŞ Müdafiə naziri Lloyd Ostin Ramştaynda bəyan etdi ki, bu şantajlar faydasız və təhlükəlidir. Faydasızdır o mənada ki, bizim fəaliyyətimizə təsir etməyəcək, üstəlik də Rusiyanın özü üçün təhlükəlidir.
Yeri gəlmişkən, Çində nüvə təhlükəsizliyi ilə bağlı maraqlı təhqiqat aparılıb. Çinin hərbi-siyasi rəhbərliyinin nüvə müharibəsi zamanı yerləşəcəyi yeraltı sığınacaq 2 min metr dərinlikdə yerləşir. Araşdırmalar göstərir ki, nüvə zərbəsi halında heç bu da təhlükəsiz deyil. Təsəvvür edin ki, Rusiyanın hərbi-siyasi rəhbərliyinin nüvə müharibəsi zamanı sığınmaq istədiyi yeraltı sığınacaq isə cəmi 300 metr dərinlikdədir. Hansı ki, Putin də burada gizlənməyi düşünür. Nəzərə alsaq ki, adi və strateji bomba və raketlərin ən modern nəsli ABŞ-dadır, məncə, şantaja yer yoxdur. Sözsüz ki, bütün bunlar Rusiya tərəfinə də çatdırılıb.
– Putin elan edir ki, kimsə Ukraynadakı vəziyyətə kənar müdaxilə olsa və bu, strateji xarakterli təhlükə yaratsa Rusiyanın cavab zərbəsi “ildırım kimi” olacaq. Bununla Moskva Qərbə nüvə zərbəsi xəbərdarlığı etmirmi?
– Bir daha təkrar edirəm ki, artıq Putinin və digər Rusiya rəsmi şəxslərinin dediklərinə fikir verən yoxdur. Onların hər şantajından sonra Ukraynaya dəstək artır. Bu şantajlar Qərbə tam tərsinə təsir edir. Yəni Rusiyanın istədiyi formada təsir etmir.
Onu da nəzərə alaq ki, artıq çoxdandır “Ukraynadakı vəziyyətə kənar müdaxilə” olur, özü də çoxlu sayda və bu müdaxilələr bundan sonra daha da artacaq.
“Strateji xarakterli təhdid”ə gəldikdə isə yəqin ki Putin ABŞ və NATO-ya qarşı “nüvə triadası”ndan istifadəni nəzərdə tutur. Yəni söhbət quruda, strateji bombardmançı təyyarələrdə və sualtı qayıqlarda yerləşdirilən qitələrarası nüvə başlıqlı ballistik raketlərdən gedir. Diqqət edin, əvvəl Rusiyanın nüvə silahından istifadə edəcəyindən danışılırdı. Qərbin Ukraynaya hər hansı ciddi hərbi dəstəyi olacağı halda nüvə silahından istifadə hədələri dilə gətirilirdi. İndi isə bu fikir yalnız “strateji xarakterli təhdid”lə bağlı səsləndirilir. Halbuki. hər hansı bir strateji təhdid faktiki yoxdur. Kimdir Rusiyanı nüvə zərbəsi ilə hədələyən? Belə bir fikir yoxdur.
– Belə görünür ki, nəticə əsas etibarilə Donbas müharibəsinin yekunlarından asılı olacaq. Bu halda tərəflərin hazırlıq vəziyyəti nə dərəcədə adekvatdır?
– Əvvəla, nəzərə alınmalıdır ki, “Donbas döyüşü” daha qanlı və amansız olacaq. Kütləvi şəkildə raket, artilleriya, aviasiya zərbələrindən istifadə ediləcək. Xüsusilə, zirehli texnika və tanklardan. Təkcə İzyum istiqamətində 500 tank yerləşdirilib.
– Bəli, amma bu tankları ruslar yerləşdirib…
– Bəli, ruslar yerləşdirib. Onların hamısı tədricən, hissə-hissə “əridiləcək”. Xatırlayın, Kiyevə şimaldan yönələn 64 kilometrlik hərbi kolondan bəhs olunurdu. Bəs, nəticə nə oldu? Həm də deyim ki, müharibənin başladığı dövrlə müqayisədə indi ruslar həm canlı qüvvə, həm də zirehli texnika baxımından daha zəifdirlər. Ən azı, həmin qüvvənin üçdə biri artıq yoxdur. Daha doğrusu, Rusiyanın Ukraynaya yeritdiyi həm canlı qüvvə, həm də texnika sayca çox, keyfiyyətcə də yüksək idi. Amma indi onun 30 faizi məhv edilib, sıradan çıxarılıb.
– Bu mərhələrdə tərəflərin dayanması, geri çəkilməsi ehtimalı varmı?
– Nəzəri baxımdan mükündür, amma praktiki baxımdan mən bunu imkansız sayıram. Putin “burnu əzilməyənə” qədər durmayacaq. O, Kiyev ətrafında “noqdaun”a düşdü, indi “nokauta” düşməlidir. Bunsuz dayanmayacaq. Mən deyirdim ki, yeni dünya düzəni quruculuğu həlledici mərhələyə daxil olub, onunla birlikdə geopolitik qarşıdurma da. Dünya ekspertləri iki hissəyə bölünürdü. Bir qrup hesab edirdi ki, müharibə olmadan da yeni dünya nizamı qurula bilər. İkinci qrup hesab edirdi ki, bunun üçün müharibənin olması qaçılmazdır. Mən də ikinci qrup mütəxəssislərin fikirləri ilə razılaşırdım. Müharibəni heç kim arzu etmir, amma reallıqlar var. İmperiya niyyətli bir tiran diplomatik yolla durdurula bilməz. Belə tarixi nümunə, presedent də yoxdur.
Mən zamanında təkrar-təkrar qeyd edirdim ki, 2021-ci ildə Rusiya məsələsi dünyanın gündəminə gələcək, 2022-2023-cü il isə həlledici olacaq. İndi biz bu dövrü yaşayırıq.
– Özünüz qeyd edirsiniz ki, Putini diplomatik yolla dayandırmaq mümkün deyil və o, sona qədər gedəcək. Deməli, nüvə silahının tətbiqi də realdır. Yoxsa, siz bunu mümkünsüz sayırsınız?
– Qlobal strateji sabitlik və tarazlıq, böyük nüvə dövlətlərinin müvafiq doktrinaları “qarşılıqlı yoxetmə” üzərində qurulub. Strateji balans “qarşılıqlı yoxetmə” tezisinə, tərəflərin “qarşılıqlı öldürücü cavab vermə” imkan və potensialına əsaslanır. Təsəvvür edək ki, Rusiya belə bir qərar qəbul etdi.
Birincisi, ABŞ və müttəfiqlərinin kəşfiyyat imkanlarını və mövqelərini, xüsusilə son Ukrayna müharibəsi təcrübəsini nəzərə almalıyıq. Bu təcrübə göstərir ki, ABŞ və müttəfiqlərinin kəşfiyyat imkanları geniş, mövqeləri isə güclüdür. Deməli, Rusiyanın bu qərarından dərhal məlumatları olacaq.
İkincisi, əgər ABŞ və Qərb kəşfiyyatı adi silahlı qüvvələrin hərəkəti haqqında bu qədər dəqiq məlumat əldə edə bilirsə, deməli nüvə silahı haqqında daha dəqiq informasiya əldə edəcək. Çünki nüvə silahı daha təhlükəli və öldürücü olduğundan kəşfiyyat ona öncəlik verir. SSRİ dağılar-dağılmaz ABŞ başda olmaqla kollektiv Qərb bu sahəyə xüsusi diqqət göstərib, göstərir və gələcəkdə də göstərəcək.
Ukrayna müharibəsi ərəfəsində ABŞ kəşfiyyatı elan edirdi ki, Rusiyanın Ukraynaya hərbi təcavüz ehtimalı yüksəkdir, amma Putin son qərarını verməyib. Hətta Putinin nə zaman qərar verdiyini də Qərb kəşfiyyatı öyrənə bilib.
Həm də qabaqcıl texniki-texnoloji imkanlar var. Bu silahların işə düşməsi üçün yuxarıdan aşağıya doğru komanda zəncirində 5-7 həlqə var. Putinin qərar verməsi hələ o demək deyil ki, bu silah dərhal tətbiq olunacaq. Digər tərəfdən, deyək ki, Putin qərar vedi. Axı, bu barədə ikinci, üçüncü, dördüncü və s. şəxslərə əmr verilməlidir. Bunun gizli saxlanılması mövcud şəraitdə və şərtlərdə faktiki olaraq mümkün deyil.
Putin də bütün bunları bilir və anlayır ki, onun addımı cavabsız qalmayacaq. Bu halda Putin gərək öz ailəsinin, qohumlarının, dostlarının, bütövlükdə rus xalqının məhvini gözə alsın. Üstəlik, ABŞ da qərarını verib. Putin operativ-taktiki nüvə silahından istifadə etsə belə, ABŞ həm özünü, həm müttəfiqlərini, həm də tərəfdaşlarını qorumaq üçün cavab zərbəsi endirəcək. Bugünədək cavab tədbirləri, bir qayda olaraq, ABŞ və müttəfiqləri ilə bağlı olurdu. Amma hazırda ilk dəfədir ki, tərəfdaşlar da nəzərdə tutulur. Konkret halda Ukrayna.
Digər tərəfdən, Böyük Britaniya artıq Putinin nüvə şantajına belə cavab verib ki, London müttəfiqləri ilə məsləhətləşmədən Rusiyanın nüvə zərbəsinə adekvat zərbə ilə cavab vermək hüququnu özündən saxlayır. Odur ki, yaranan vəziyyəti, Putinin xarakteri, arzu və istəklərini, düşdüyü vəziyyəti nəzərə alsaq, nəzəri cəhətdən belə silahdan istifadə etməsi mümkündür, amma cavab zərbəsi alacağını da bilir. Ona başa salıblar ki, bunkerə girsə də, salamat qalması problemli olacaq.
Eyni zamanda, belə bir qərarın verilməsi Putin üçün qaçılmaz olaraq güclü daxili təhlükə də yaradacaq. Yaxın ətrafının ona necə reaksiya verəcəyinə öncədən əmin ola bilməz. Xüsusən də bütün bu baş verənlərdən sonra. Çünki onlar da bu halda həm özlərinin, həm də ailələrinin həyatlarını itirəcəklərini bilirlər. Təsəvvür edin ki, 10 illərdir onlar yaxşı həyat üçün nə qədər oğurluq pul yığıblar. Bu qədər “əzab-əziyyəti” nə üçün çəkiblər? Putinə, onun ölümcül avantürasına görə onlar öz həyatlarını, övladlarını, ailələrini itirməyə hazırdırlarmı?
– Amma bu günə qədər gözləntilər özünü doğrultmadı. Yəni, Putinə qarşı ölkə daxilində etiraz yaşanmadı…
– Öncəliklə qeyd edək ki, artıq strateji vəziyyət köklü dəyişir. Bu, hələlik siyasi-diolomatik sahədə görünür. Bir azdan hərbi sahədə, öncə operativ-taktiki, ardınca hərbi-strateji səviyyədə görünməyə başlayacaq. Yəni, birbaşa döyüş meydanında görünəcək. Bunun üçün də cəmi 2 həftə vaxt qalır.
İndiki dünya düzəni II Dünya Müharibəsindən sonra yaranan dünya düzənidir. Yəni, qaliblərin qurduğu düzəndir. Biz yenə də yeni dünya düzəni quruculuğunun ərəfəsindəyik. Yeni dünya düzəni qurulur, biz də burada öz layiqli yerimizi almalıyıq. Unutmamalıyıq ki, bu düzəni yenə də qaliblər quracaq. Odur ki, biz də qaliblərlə bir sırada olmalıyıq. Bunu edə, birinci sırada dura bilmiriksə, heç olmasa arxa planda, ikinci sırada durmalı və tərəfimizi bəlli etməliyik. Seçim üçün kritik dövr yaşayırıq. Qurulacaq yeni dünya nizamında tutacağımız yer böyük ölçüdə bu seçimdən asılı olacaq.