“Yaxın zamanda virus sönüb gedəcək”

Ölkəmizdə koronavirusla mübarizədəki son vəziyyətlə bağlı tibb elmləri doktoru, professor İbadulla Ağayev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

– İbadulla müəllim, sizcə, hazırkı epidemioloji göstəricilərə görə yumşalma tədbirləri davam edirilməlidirmi?

– Yumşalma tədbirləri əhaliyə bağlı məsələdir. Əgər vətəndaşlar deyilən qayda-qanuna riayət edəcəksə, dövlət yumşaldılma tədbirləri həyata keçirəcək. Mən vətəndaşlardan xahiş edirəm, deyilən gigiyenik normalara riayət etsinlər.

– Necə düşünürsünüz, rayonlara gediş-gəliş açıla bilərmi?

– Yəqin şəhərdə müşahidə aparmısınız, 100 nəfərdən 98-i maskasızdır. Maskanı çənənin altına salır, yaxud “yadımdan çıxıb, cibimdədir” deyirlər. Kimsə yaxınlaşanda maska taxırlar. Halbuki maska ağız-burun boşluğunu örtməlidir. Əgər insanlar bu kiçik qaydalara riayət etsələr, yoluxmaların sayı azalsa, əlbəttə, rayonlara gediş-gəliş də bərpa olunacaq.

Təəssüf ki, insanlar qaydalara riayət etmirlər. Mən təcrübəli mütəxəssis kimi vətəndaşlardan xahiş edirəm, bütün tövsiyələrə tam əməl etsinlər.

– Hazırkı vəziyyətlə bağlı insanlara daha hansı tövsiyələrinizi çatdırmaq istərdiniz?

– Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qaydalarına riayət etmək lazımdır. Ölkə ərazisindəki epidemoloji vəziyyət barədə bütün məlumatlar Operativ Qərargaha verilir. Məsləhət görürəm ki, maskalardan mütləq istifadə olunsun. Qapalı məkana maskasız daxil olmaq qəti yolverilməzdir. İnfeksiya hava-damcı yoluyla yayılır deyə əhali özünü qorumalıdır.

Eyni zamanda kütləvi yerlərdən çəkinmək lazımdır. Belə məkanlar da yoluxma ehtimalını artırır. Xahiş edirəm ki, insanlar bu müddət ərzində tünlük olan yerlərə getməsinlər.

Mütləq şəkildə dezenfenktantlardan istifadə etsinlər. Dəfələrlə deyilib, müxtəlif əşyalara toxunduqda əllər təmizlənməlidir, əgər spirt yoxdursa, sabunla əllər yuyulmalıdır. Bütün bu gigiyenik normativlərə riayət etmək vacibdir.

– Peyvənlə bağlı hansı proqnozlarınız var?

– Əgər peyvəndi Ümumdünya Səhiyyə Təşkilatı məsləhət görsə, müəyyən vaxt ərzində kütləvi şəkildə satışa buraxılsa, əlbəttə, ölkəmiz də kənarda qalmayacaq. Amma digər ölkələrlə müqayisədə bizdə vəziyyət hələlik yaxşıdır.

– Uzun müddətdir COVID-19 virusu ilə müharibə şəraitindəyik. Nə üçün tibb dünyası bu virusun qarısında aciz qalıb?

– İnsan təşəkkül tapdığı gündən indiyədək yoluxucu xəstəliklər olub və olacaq. Yoluxucu xəstəliklərlə mübarizə çox çətindir. Dünyanın ən inkişaf etmiş ölkələri hazırkı pandemiya ilə mübarizə aparır, Azərbaycan da öncüllər sırasındadır. Ölkəmizdə vəziyyət digər dövlətlərlə müqayisədə qat-qat yaxşıdır. Bizim tibb xidmətimiz vaxtında və ölkə rəhbərliyi tərəfindən verilmiş göstərişlərə əsasən yoluxmaların qarşısını aldı, xəstələrin sayı azaldı.

Bu, adi xəstəlik deyil ki, müəyyən vaxt ərzində müalicə edək. Yoluxma yolları çoxdur, hava-damcı infeksiyası olduğuna görə mübarizə aparmaq çətindir. Müəyyən müddətdən sonra, yaxın zamanda virus sönüb gedəcək. Qaydalara riayət olunsa, nəinki bizim ölkədə, bütün dünyada bu virusa qalib gəlmək mümkün olacaq.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button