Neftçalada balıqçılarla görüş keçirilib

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, ekoloji sabitliyin, bioresursların qorunması, balıqların kürütökmə dövrü ilə əlaqədar qəbul edilmiş qadağalara balıqçılar tərəfindən riayət edilməsi və onları maraqlandıran məsələlərin müzakirə olunması məqsədilə Neftçalada bir qrup sakinlə görüş keçirilib. Görüşdə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin və Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon Prokurorluğun və Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Keçirilən görüşdə balıqçılarla kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna moratorium qoyulmasına toxunulub. Bildirilib ki, qəbul edilmiş qərarla əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan moratorium bir müddət davam edəcək. Bu müddət ərzində hər bir balıqçı qaydalara ciddi riayət etməli, balıq artımının qarşısının alınmasına yönəlmiş heç bir hərəkətə yol verməməli, xüsusən su hövzələrini çirkləndirən sintetik torların, balıq artımının qarşısının alınmasına təsir edən digər vasitələrin yığışdırılmasına öz dəstəklərini verməlidirlər. Ona görə balıq ovu ilə məşğul olan sakinlərin üzərinə böyük məsuliyyət düşür.

Çıxışların sonunda idarə əməkdaşları qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin və yerli polis şöbələrinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edərək, qaydaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəyini bildiriblər.

Hamısını Göstər

Related Articles

Back to top button