“Rusiyanın valyuta ehtiyatları müsadirə edilə bilər” – BVF rəsmisindən açıqlama
Beynəlxalq Valyuta Fondu (BVF) Rusiyanın valyuta ehtiyatlarının müsadirəsi ideyasını müzakirə edəcək.
Bu barədə “Financial Times” nəşri yazıb. BVF-nin idarəedici direktorunun müavini Gita Qopinat bildirib ki, təşkilat Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarının müsadirə edilməsi ideyasının müzakirəsini planlaşdırır:
“Biz beynəlxalq valyuta sistemi üçün nəticələri ola biləcək istənilən strategiyanı müzakirə edirik. Biz bunu (Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarının müsadirə edilməsi ideyasını – red.) diqqətlə öyrənəcəyik”, – o vurğulayıb.
Bununla belə, BVF rəsmisi müsadirə ideyası ilə bağlı konkret fikir söyləməyin hələ tez olduğunu açıqlayıb.
Xatırldaq ki, daha öncə Yaponiyanın Maliyyə Nazirliyi bildirmişdi ki, qanunvericilik Rusiya Mərkəzi Bankının vəsaitlərinin müsadirə edilməsinə icazə vermir.
Qeyd edək ki, Rusiya əleyhinə sanksiyalar çərçivəsində Yaponiya Rusiya Mərkəzi Bankı ilə əməliyyatları dayandırıb. Bununla da Rusiya Bankının yapon yeni (pul vahidi – red) ilə təqribən 33 milyard dollar dəyərində qiymətləndirilən aktivləri dondurulub.