Kalininqrad Polşaya verilə bilərmi? – Açıqlama
Ukraynada iki aydan çoxdur ki, işğalçı müharibə aparan Rusiya Avropada ciddi təhdidə çevrilib. Siyasi liderlər və politoloqlar öz dövlətinin təhlükəsizliyini təmin etmək üçün müxtəlif təkliflər irəli sürür. Bu ölkələrdən biri də Polşadır.
Belə ki, bu günlərdə Polşanın keçmiş müdafiə nazirinin müavini Romuald Şeremetyev Kalininqrad vilayətinin “demilitarizasiya”sı və Avropanın təhlükəsizliyi üçün NATO-nu genişləndirilməsi planını irəli sürüb. O bildirib ki, bu regionun silahsızlaşdırılması lazımdır, çünki NATO barıt çəlləyinin üstündə otura bilməz”.
Maraqlıdır, Şeremetyevin bu fikirləri nəyə hesablanıb?
Mövzu ilə bağlı konkret.az-ın suallarını politoloq İlyas Hüseynov cavablandırıb. O bildirib ki, indiki situasiyada Kalininqrad məsələsi aktuallaşıb:
“Son dövrlərdə Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın sərhədlərində bir sıra mühüm proseslər gedir. Təhlükəsizlik aspektləri indi daha çox qabardılır. 1997-ci ildən bu yana NATO Şərqə doğru genişlənib. NATO ilə Rusiya arasında təhlükəsizlik zəmanəti ilə keçirilən bütün danışıqlar raundunda əsas məsələ məhz Rusiya tərəfindən irəli sürülən şərtlərin qəbuledilməzliyidir. Rusiya NATO-nun Şərqə doğru genişlənməsini qəbul etmir və alyansın 1997-ci il sərhədlərinə çəkilməsini tələb edir. Çünki NATO Şərqə genişləndikcə öz müasir silahlarını və raket sistemlərini bu ərazilərə yerləşdirir. Hazırda İsveç və Finlandiyanın alyansa qəbul edilib-edilməməsi ilə bağlı dilemma yaranıb. Çünki Türkiyə adıçəkilən dövlətlərin NATO-ya üzv olmasına qarşıdır. Lakin alyansın əsas məqsədi bu dövlətləri öz portfelinə daxil etməkdir. Belə olan təqdirdə isə Kalininqrad məsələsi aktuallaşır. Polşa fevral ayında müharibə başlayan kimi bu ərazi ilə bağlı iddialar irəli sürüb. Kalininqradın Polşaya qatılmasına dair siyasi bəyanatlar var”.
Politoloq bildirib ki, sözügedən ərazidə nüvə başlıqları var:
“Nüvə başlıqları özlüyündə NATO üçün təhdid elementidir. NATO bunu üzv dövlətlərə qarşı çağırış olaraq dəyərləndirir. Bu səbəbdən Polşa siyasətçiləri Kalininqradın demilitarizasiyasını tələb edir. Həmin ərazidə nüvə başlıqlarının olması İsveç və Finlandiya üçün də böyük təhlükə yaradır. Müharibədə Rusiyanın uğursuzluğa düçar olması Kreml rəhbərinin radikal addımlar atması ilə nəticələnə bilər. Çünki Rusiyanın itirəcəyi bir şey yoxdur. Belə olan təqdirdə Kreml istənilən addımı ata bilər. Avropa üçün hədə ocağına çevrilən bu ərazidə nüvə başlıqlarının məhv edilməsi və hücum xarakterli silahların aradan qaldırılması indi əsas siyasi prioritetlər kimi irəli sürülür. Polşanın əsas məqsədi sərhədlərinin yaxınlığında problemləri aradan qaldırmaqdır. Rusiya Ukraynada məğlubiyyətə uğrayarsa, yekun sazişdə bu məsələ ilə bağlı ayrıca bənd ola bilər. Polşa indidən bu məsələni qaldırmaqla öz məqsədinə nail olmaq istəyir”.