Ermənilərə “Status” verilməyəcəyi təsdiqləndi, sülh sazişi isə… – Brüssel görüşü hansı nəticələrlə yekunlaşdı?
Fərhad Məmmədov: “Görünür, Ermənistanın ərazi iddialarından imtina etməsi və Laçın dəhlizinə nəzarət məsələsi sülh müqaviləsi imzalandıqdan sonra aktuallaşacaq”
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçüncü görüş də nikbin bəyanatla yekunlaşıb. Liderlər mətbuata ayrıca açıqlamalar verməyiblər, Aİ prezidenti 5 saatlıq görüşdən sonra özü danışıb.
Şarl Mişel bildirib ki, yaxın günlərdə Azərbaycan Ermənistan sərhədində komissiya üzləri görüşəcək, habelə sülh razılaşması ilə bağlı da müzakirələr davam edəcək və xarici işlər nazirləri bu məqsədlə bir araya gələcəklər.
Prezident Mişelin açıqlamasından aydın olur ki, görüşdə yalnız sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh danışıqları məsələləri deyil, həmçinin humanitar məsələlərə, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi də müzakirə edilib.
Brüssel görüşünü şərh edən politoloq Fərhad Məmmədov bildirir ki, Şarl Mişelin bəyanatını iki hissəyə bölmək olar: “Böyük hissədə sülh sazişi, sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılması yer alıb. Kiçik hissədə Mişelin liderlərə Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizlik məsələləri ilə bağlı çağırışı yer alıb. Əlbəttə, burada onun seçdiyi ifadələrə diqqət etmək lazımdır.
Birincisi, Mişel “dağlıq Qarabağ” yox, “Qarabağ” ifadəsi işlətdi.
İkincisi, “xalq” yox, “Qarabağın erməni əhalisi” dedi. Bu, olduqca vacib məqamdır. Çünki öz müqəddəratını təyin etmə prinsipi ancaq xalqlara aiddir.
Prinsipcə, adı açıqlanmayan avropalı diplomat aprelin əvvəlində keçirilən ikinci görüşdən sonra “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsində bu barədə danışmışdı”.
Ekspert əlavə edir ki, “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi” həm də Rusiya sülhməramlılarının və ya Bakının hazırladığı, lakin açıqlanmayan reinteqrasiya mexanizmləri ilə bağlıdır.
“Görünür, bütün bunlar – Ermənistanın ərazi iddialarından imtina etməsi və Laçın dəhlizinə nəzarət məsələsi sülh müqaviləsi imzalandıqdan sonra aktuallaşacaq” –deyə, politoloq vurğulayıb.
F.Məmmədovun sözlərinə görə, ola bilsin ki, “status” məsələsi qanunun və təhlükəsizliyin təmin edilməsi mexanizmi kimi irəli sürüləcək: “Burada bir daha xatırladaq ki, bəyanatda qeyd olunur ki, bu Mişelin çağırışıdır, razılaşma deyil”.
Politoloq deyir ki, vacib məsələlərdən biri də sərhədlərlə bağlı komissiyanın iclasının hansısa üçüncü ölkədə deyil, Azərbaycan-Ermənistan sərhədində keçirlməsi barədə razılaşmadır. Onun sözlərinə görə, Avropa İttifaqı bu prosesi canlandırmaq missiyasını öz üzərinə götürdü.
“İndi Rusiyanın təpkisi necə olacaq, Rusiyapərəst qüvvələr Ermənistanda keçirdiyi etirazların yeni mərhələsində daha radikal, daha kəskin qarşıdurmaya gedəcəklər, yoxsa yox, bunu artıq yaxın günlərdə görəcəyik“, – o qeyd edib.
F.Məmmədov qeyd etdi ki, sülh müqaviləsi ilə bağlı danışıqların tarixi kimi yaxın həftələr göstərilib.
Ekspert vurğulayır ki, əsas proseslərin mayın sonu və iyun ayına təsadüf edəcəyini görəcəyik.
“Bu dövrdə məlum olacaq ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, yoxsa prosesi yenə uzadacaq“, – politoloq bildirib.
Ekspertin sözlərinə görə, beş saat davam edən müzakirələr göstərir ki, məsələlər və onların icrası ardıcıllığı çox geniş müzakirə olunub. Görüşün nəticələrinin şərhindən çox şey asılı olacaq: “Trend dinc gündəmdədir, lakin müxtəlif mövzularda qərarlar qəbul olunmasa, proses istənilən vaxt pozula bilər. Hələ ki, sülh gündəmini pozan daha çox işarə var”.
Deputat Vüqar Bayramov isə hesab edir ki, görüş sülh danışıqları istiqamətində yeni bir addım idi. Onun sözlərinə görə, görüşdə Azərbaycan üçün strateji və humanitar əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub və bu da regionda daha dayanıqlı sülhün formalaşması üçün yeni imkanlar deməkdir: ” Aİ-nin Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyluşu həyata keçirib”.
İqtisadçı əlavə edib ki, Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəklib. Onun sözlərinə görə, bütövlükdə ixracatımızın təxminən 48 %-ə yaxını İtaliyaya yönəlib.
“Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır”, – o vurğulayıb.
V.Bayramov hesab edir ki, Brüssel görüşləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır: “Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir”.
Deputat vurğulayır ki, Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın güclənməsinə önəm verir: “Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin dərinləşməsi, köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun və əhəmiyyətinin daha da artması, Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar və qurumun bölgədə dayanıqlı stabilliyin əldə edilməsində rolunun artması da bundan xəbər verir”.
Millət vəkilinin sözlərinə görə, son görüşün nəticələri bir daha təsdiq etdi ki, Cənubi Qafqazda dayanıqlı sülh mümkündür.
“İrəvandakı revanşistlərin bunu tez-gec qəbul edəcəkləri qaçılmazdır. Artıq nəinki dünya, region düzəni də dəyişib”, – Vüqar Bayramov vurğulayıb.