Putin bundan sonra nə edəcək? – “Rusiya Prezidenti tezliklə üç sərt seçim qarşısında qalacaq”
“Gərginliyi dayandırmaq üçün ABŞ Kremlə anlatmalıdır ki…”
Ukraynada müharibənin uzanması Rusiyanın planlarına qətiyyən uyğun gəlmir. Vladimir Putin Ukraynanı bir həftə ərzində işğal edəcəklərini düşünürdü. Müharibə başlayandan bir ay sonra ruslar anladılar ki, ilkin planı dəyişmək lazımdır və ona görə də bütün hərbi imkanlarını Ukraynanın şərq və cənub istiqamətində həyata keçirəcəkləri hücüm əməliyyatlarına cəmlədilər. Hazırda həmin istiqamətlərdə şiddətli döyüşlər gedir.
Kreml qarşıdakı bir ay ərzində böyük operativ üstünlük əldə etmək istəyir, əks təqdirdə Qərbin Ukraynaya yollayacağı silahlar tədricən döyüş meydanına gətiriləcək. Bu da müharibənin uzanacağı və vəziyyətin daha da kəskinləşcəyi anlamına gəlir. Bəzi analitiklər müharibənin gediş dinamikasına uyğun olaraq, Putinin konkret seçim edəcəyini fikirləşirlər.
“AzPolitika.info” sözügedən mövzuyla bağlı ABŞ-ın “The National İnterest” internet portalında dərc edilən “Vladimir Putinin Ukraynadakı Pirr seçimi” başlıqlı məqaləni təqdim edir:
”Ukraynanın işğal olunması ilə bağlı ilkin plan uğursuzluğa düçar olandan sonra Putin qarşısına qoyduğu tapşırığın yarısını yerinə yetirməyə qərar verib. O, hələlik Ukraynanın şərq və cənub hissəsini nəzarətə götürmək istəyir. Lakin burada da işlər tam onun istədiyi kimi getmir. İndi bizim önümüzdə maraqlı sual dayanır: görəsən, Putin bundan sonra nə edəcək?
Putinin uğursuzluğu döyüş meydanında da təzahür edir. Ukraynalıların Mariupol şəhərində göstərdiyi sərt dirəniş, Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyserinin batırılması, çoxsaylı rus generallarının məhv edilməsi və Xarkov ətrafının sürətlə azad olunması çox şeydən xəbər verir.
Lakin ukraynalılar bu yolda xeyli qurbanlar verirlər. Çünki Rusiyanın Ukraynanın infrastrukturuna hücumları və şəhərlərin bombalanması çoxsaylı insan faciəsinə gətirib çıxarır. Amma bütün bunlara baxmayaraq, ukraynalıların mübarizə ruhu yüksəkdir.
Rusiyanın Ukrayna silahlı güclərinin tezliklə taqətdən düşəcəyi barədə mülahizələri özünü doğrultmadı. Moskva həmçinin Qərbin Ukraynaya bu səviyyədə yardım göstərə biləcəyini də düzgün hesablamayıb.
Putin düşünüb ki, müdaxilə üçün vaxtı düzgün seçib. O, zənn edib ki, ABŞ Prezidenti çox zəifdir, Amerika cəmiyyəti isə müharibələrdən təngə gəlib və ona görə də Ukraynadakı hadisələrə ciddi baş qoşmaycaq. Rusiya prezidentinin fikrinə görə, NATO parçalanıb və yekdil cavab verə bilməyəcək.
Artıq görünür ki, Rusiyanın vəziyyəti daha da pisləşir. Qərbin Ukraynaya silah yardımı Rusiyanın Donbasda planlaşdırdığı irəliləyişi xeyli ləngidir.
Putinin variantları
Əgər Ukraynadakı hadisələr indiki istiqamətdə davam edərsə, o zaman çox böyük ehtimalla Putin tezliklə üç sərt seçim qarşısında qalacaq.
Birincisi, ukraynalıların döyüş ruhunun yaxın zamanlarda sındırılmasına ümid bəslənilməsi. Daha sonra isə hesab oluna bilər ki, zaman uzandıqca Qərb Ukraynaya yardım göstərməkdən yorulacaq. Ancaq bununla da vəziyyətin kəskin şəkildə Rusiyanın leyhinə dəyişəcəyi müşkül görünür. SSRİ-nin Əfqanıstanda bataqlığa sürüklənməsi kimi, indi də Rusiya Ukraynada oxşar vəziyyətlə üzləşib.
Müharibə uzandıqca itkilər də çoxalacaq, Rusiya iqtisadiyyatının üzərinə böyük yük düşəcək və cəmiyyətdə narazılıq yaranacaq. Əgər nəzərə alsaq ki, iqtisadiyyat beynəlxalq sanksiyarla görə izolyasiyadadır, o zaman bu variant Putin üçün xeyli alternativ məsrəflərə yol açacaq. Xaricdən texnologiya idxalı olmadığından təsərrüfatın bütün sahələri axsayacaq. Ona görə də bu variant perspektiv vəd etmir.
İkincisi, Putin vəziyyəti daha da gərginləşdirməyə başlaya bilər. O, Krım kimi Donbası da Rusiyaya birləşdirər və rus torpaqlarının qorunması üçün ümumi səfərbərlik elan edər. Sonra Putin Ukraynaya maddi və hərbi yardım göstərdiyi üçün Rusiya ilə sərhədi olan NATO ölkələrinə adi silahlarla zərbə vurar. NATO bu cür vəziyyətə hazır olmalıdır. Əgər NATO lazımi reaksiya göstərməsə, Putin bu cür hücumları davam etdirər və alyansın etibarı sarsılar. Gərginliyin ən ciddi forması Ukraynaya və NATO ölkələrinə məhdud nüvə zərbəsi vurulması ola bilər. Putinin məsləhətçiləri arasında bu variantın tərfdarları var. Bəs, belə bir variant gerçəkdən mümkündürmü?
Rusiya Ukraynanın hərbi hədəflərinə qarşı nüvə silahından istifadə edə bilər. Buradakı başlıca məqsəd avropalıları qorxutmaq və onların bu müharibənin hədsiz təhlükəli səviyyəyə çatdığnı düşünməyə məcbur etməkdir. Putin düşünə bilər ki, hadisələrin xoşagəlməz məcraya yönəldiyini görən avropalılar Rusiyaya sərf edən şərtlərlə razılaşacaqlar. Bu variant Putin üçün hədsiz dərəcədə risklidir və Rusiyanın müharibə aparma modelinə uyğun gəlmir, amma Rusiyanın nüvə silahından istifadə etməyəcəyini də konkret söyləmək olmaz.
Üçüncüsü, Putin siyasi həll yolunu tuta bilər. Biz, Putinin öz səhvlərini nə dərəcədə anladığını bilmirik. Biz onun mövcud vəziyyətdən necə çıxılması ilə bağlı strategiyasının olub-olmadığını da bilmirik. Ancaq biz bilirik ki, Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə deyib ki, öz ölkəsinin maraqlarına xələl gətirilməməsi şərtilə məsələnin diplomatik yolla həll olunmasına hazırdır.
ABŞ nə etməlidir?
ABŞ və onun müttəfiqləri Ukraynanın dəstəklənməsini davam etdirməli, Rusiyanın önünü kəsməli, onun uğur qazanmasına imkan verməməlidir. Gərginliyi dayandırmaq üçün ABŞ Kremlə anlatmalıdır ki, o, istənilən ilhaqı qəbul etməyəcək və Ukraynaya göstərilən hərbi dəstəyi daha da artıracaq.
Vaşinqton bildirməlidir ki, əgər Ukraynaya qarşı nüvə silahı tətbiq olunarsa, o zaman cavab tədbiri kimi, Rusiyanın Qara dəniz qruplaşması məhv ediləcək və ya rusların Ukraynadakı quru qoşunlarına böyük zərbə vurulacaq.
Daha bir variant müharibənin davam etdirilməsinin dəstəkləməklə Rusiyanı müharibə xərcləri ilə yükləmək, sonra isə Krım da daxil olmaqla onları zəbt etdikləri bütün ərazilərdən vurub çıxarmaqdır. Belə bir nəticəyə can atmaq müharibəni uzadar.
Ən az riskli variant isə müharibənin bitməsidir. Bunun üçün elə etmək lazımdır ki, Putin hərbi məğlubiyyəti ilə barışsın. O və komandası anlamalıdır ki, əgər onlar müharibəni davam etdirib vəziyyəti daha da kəskinləşdirərlərsə, hər şey daha pis ola bilər.
Müharibənin dayandırılması və Ukraynanın suverenliyinin tam bərpa olunması təqdirində Rusiya Ukraynanın NATO-ya daxil olmayacağı öhdəliyi də daxil olmaqla, öz təhlükəsizliyinə beynəlxalq təminat almalı və ona qoyulmuş sanksiyalar tədricən götürülməlidir.
Eyni zamanda, Ukraynanın gələcək təhlükəsizliyinə də beynəlxalq səviyyədə təminat verilməlidir. ABŞ-ın edəcəyi seçim çox mühümdür. Bu qərar Ukrayna və NATO-dakı müttəfiqlərlə koordinasıyalı şəkildə verilməlidir.