“Kremldə Putinə varis axtarışına başlanıb” – “Onların arasında 3 şəxsin adı önə çıxır…”
“Ondan həm “müharibə partiyası”, həm də sülh istəyənlər narazıdır…”
“Ukraynada üç aydır davam edən müharibədə Putin həm “müharibə partiyası”nı, həm də sülh istəyənləri özünə qarşı qaldırıb. Kremldə ümid edirlər ki, o, “görünən perspektivdə” gedəcək və artıq onun yerinə varis də axtarırlar…”
Bunu Rusiyanın populyar “Meduza” nəşri özünün Kremldəki mənbələrinə istinadla yazıb.
Nəşrin məlumatına görə, müharibənin gedişində Rusiya elitasının mövqeyi və əhval-ruhiyyəsi bir neçə dəfə dəyişib. Belə ki, elitada əvvəlcə çaşqınlıq, sonra isə “patriotizmin yüksəlişi” müşahidə olunub.
Üç aydan sonra isə bu hisslər pessimizmlə əvəzlənib. Kremlə yaxın mənbə bildirib ki, hazırda siyasi, iqtisadi və hərbi elitada olanlar şəxsən Putinin özündən narazıdırlar. Özü də eyni mövqe həm müharibəni dəstəkləyənlərə, həm də sülh istəyənlərə aiddir.
“Meduza”nın mənbəyi xəbər verir ki, hətta pərdə arxasında Putinin varisinin kim olacağı da müzakirə edilir: “Onların arasında Moskva meri Sergey Sobyanin, Dmitri Medvedev və bu yaxınlarda Kremlin Donbas üzrə kuratoru təyin olunan Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kirienko var”.
Xəbərdə qeyd olunur ki, hazırda söhbət dərhal Putinin devrilərək, yerinə kiminsə gətirilməsindən getmir: “Lakin Kremldə tez-tez “Putindən sonrakı gələcək” mövzusu müzakirə olunur və anlaşılır ki, “kifayət qədər görünən perspektivdə” ölkəni o odarə etməyəcək”.
Bununla yanaşı, Kremldə hesab edirlər ki, Putin öz postunu yalnız səhhətinin ciddi şəkildə pisləşməsi halında tərk edə bilər: “Ona görə də yüksək rütbəli məmurların narazılıqları özünü yalnız öz aralarındakı söhbətlərdə büruzə verir”.
Məlumatda o da bildirilir ki, Kremldə qondarma “dnr” və “lnr”-in, eləcə də müharibənin ilk günlərində işğal olunmuş Ukraynanın Xerson vilayətinin Rusiyaya birləşdirilməsinə dair “referendum” keçirilməsi ideyasından vaz keçməyiblər. Hətta bunun mümkün tarixi də göstərilir – 11 sentyabr.