“Moskva da, Brüssel də istəyir ki, münaqişə ocağı qalsın” – “Məhz bu, erməniləri vadar edəcək ki, ya bizə tabe olsunlar, ya da çıxıb getsinlər…”
Tofiq Zülfüqarov: “Bizim işğaldan azad olunan ərazilərdə olmağımız və güclənməyimiz onlara əlavə pressinq, psixoloji təsir olacaq”
“Ermənilər öz oyunlarından əl çəkməsələr, 1918-ci ilin xəritələrini əsas kimi götürmək lazım gələcək”
“Moskva və ya Brüssel ikinci dərəcəli oyunlar oynaya bilərlər, amma bu prosesi dəyişə bilməzlər”
Məlum olduğu kimi, mayın 22-də Brüsseldə Avropa İttifaqı rəhbərliyinin vasitəçiliyi ilə yüksək səviyyəli görüş baş tutdu, müəyyən razılaşmalar əldə olundu. İndi diqqət Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı rəhbərinin iştirakı ilə keçirilən görüşlər zamanı əldə olunan razılaşmaların həyata keçirilməsinə yönəlir. Bakı razılaşmaların vaxtında və sürətlə həyata keçirilməsinə siyasi və psixoloji baxımdan hazır görünsə də, İrəvan haqqında bunu demək çətindir.
“AzPolitika.info” bu mövzunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müzakirə edib:
– Tofiq bəy, mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə növbəti görüş baş tutub, tərəflər bir sıra məsələlərdə razılığa gəlib. Uzun illər Qarabağ məsələsi ilə məşğul olan diplomat kimi son Brüssel görüşünü və əldə olunan razılaşmaları necə qiymətləndirirsiniz?
– Əvvəla, nəzərə almalıyıq ki, razılaşma olsa da, ortada öhdəlik yaradan sənəd yoxdur. Sadəcə olaraq tərəflər danışıb, müzakirələr aparıb. Hiss edilir ki, gözlənilən kimi Paşinyan yenə də Brüsseldə şikayət edib ki, ona sülh əldə etmək üçün imkan vermirlər. Bu, köhnə taktikadır və vaxt uzatmaq üçün edilən gedişlərdir. Eyni zamanda, Paşinyan Avropa İttifaqında özünü “sülhpərvər” göstərməklə, ondan maliyyə və dəstək istəyəcək. Hazırda Ermənistanı maraqlandıran əsas məsələ puldur.
Bizə gəldikdə, mən öncədən demişdim ki, Azərbaycan bu görüşdən Ermənistanın qeyri-konsturktiv mövqedə olduğunu ortaya qoymaq üçün istifadə edəcək. Bu da baş verdi. Təəssüflər olsun ki, Avropa İttifaqının rəhbərliyi Fransanın təsiri altında demarkasiya və delimitasiya məsələsini qabartmağa çalışır. Məqsəd elə sovet vaxtında olan sərhədləri tanımaqdır. Bunu tanımaqla Ermənistan elə vəziyyət yaratmaq istəyir ki, ərazi iddialarını sanki təsbit edilən sərhədlər əsasında irəli sürsün. Bu iddialar da gündəmdədir, sadəcə onun forması dəyişib. Erməni əhalisinin hüquqları və sair bu kimi mövzularda fikirlər səslənir. Yenə də köhnə oyunlar davam edir. Amma demarkasiya və delimitasiya məsələsində hesab edirəm ki, bizim mövqeyimiz bəllidir. 1918-ci ilin xəritələri gündəmdədir. Ermənilər öz oyunlarından əl çəkməsələr, qənaətimcə, bu xəritələri əsas kimi götürmək lazım gələcək.
– Brüsseldə tərəflər arasında təxminən 5 saat müzakirə aparılıb. Verilən açıqlamalarda və yayılan sənəddə “dağlıq Qarabağ” ifadəsi işlədilməyib, status haqqında məsələdən ümumiyyətlə bəhs edilməyib. Yalnız “Azərbaycan ərazisində yaşayan etnik erməni əhalisi”ndən söz gedib. Bu kontekstdə Brüssel platformasında bizim maraqlarımız təmin edilməyibmi?
– Bilirsinizmi, biz bəyanatdan danışırıq. Bunun tərəflər üçün hüquqi nəticələri və öhdəlikləri yoxdur. Şarl Mişelin dediyiniz səpkidə fikirləri bizim üçün qəbulediləndir. Ancaq sabah cənab Mişelin yerini başqa diplomat tuta və başqa fikirlər deyə bilər. Hiss edilir ki, Avropa İttifaqı bizim mövqeyimizi yaxşı başa düşür və bizim siyasi iradəmizi hiss edərkən ifadələrində bu leksikadan istifadə edərək bizim mövqeyimizə yaxınlaşır. Amma yenə də nəticə etibarilə “söz oynatmaq sənəti”ndən bəhs edirik. Birdəfəlik nə Avropa İttifaqı, nə də Paşinyan demir ki, mən sərhədin o tərəfinə baxan deyiləm. Ermənistanın nəyinə qalıb, mənim əhalimin təhlükəsizlik məsələsi necə olacaq və ya olmayacaq. Əgər sən mənim daxili işlərimə qarışırsansa, bu zaman gündəmdə digər məsələ də olmalıdır. Zəngəzur mövzusu.
– Bundan əvvəl aprelin 6-da da görüş keçirilmişdi və sərhədlərin delimitasiya və demarkasiyasına başlanması razılaşdırılmışdı. Amma son anda komissiyaların birgə iclası baş tutmadı…
-Yeni məsələ deyil. Bu, bəyanatdır. Bir növ məclisdə tost demək kimi bir şeydir. Tərəflərin öhdəlik götürməsi vacibdir, mən bunu deyirəm.
– Hər halda, bu dəfəki görüşdən sonra Ermənistan tərəfinin addımları haqqında nə düşünürsünüz?
– Buna qədər necə ki, imitasiya ilə məşğul idilər, bundan sonra da elə edəcəklər. Bilirsinizmi, münaqişə 30 ildir davam edir. İnsanlar nə vaxta qədər inanacaq ki, görüşdə hansısa məsələlər həll edilə bilər? Sadəcə olaraq mən bəzi politoloqların şərhlərini oxuyub dəhşətə gəldim. Doğrudanmı kimsə inanır ki, Brüsselə gedən kimi məsələlər həll ediləcək? Yox! Onun hansısa elementləri bəlkə də dəyişə bilər. 30 ildir ermənilərin beyninə yeridilən ərazi iddialarından əl çəkəcəklər? Sözsüz ki, yox. İstər bunu onlara Şarl Mişel desin, istərsə də bir başqası.
– Amma rusların vasitəçiliyi ilə keçirilən görüşlərdə əldə olunan razılaşmalar da həyata keçirilmir…
– Bəli, sizinlə razıyam. Çünki ermənilər indi bir faktordan istifadə edirlər. Söhbət ondan gedir ki, üçüncü oyunçular maraqlıdırlar ki, münaqişə ocağı qalsın və bu məsələdə onlarla ermənilərin maraqları üst-üstə düşür. Noyabrda olan bəyanat əsasında əgər ermənilər üç rayonumuzu tərk etməsəydilər, müharibə bərpa olunacaqdı. Bu, hamıya bəlli idi. İndi onlar istəyirlər ki, müxtəlif qurumlar yaratmaqla indiki vəziyyəti dondursunlar. Bu siyasət həm Moskva, həm də Brüssel tərəfindən həyata keçirilir. Biz bunları anlamalıyıq. Biz elə başa düşürük ki, Moskva və ya digər oyunçular istəyirlər ki, bu məsələdə kimsə uduzsun, ermənilər və ya biz. Ancaq söhbət ondan gedir ki, onlara daha çox münaqişə şəraiti lazımdır. Məqsədləri də münaqişə ocağını saxlamaqdır.
– Belə iddialar səsləndirilir ki, Brüsseldə əldə olunan razılaşmaları Moskva pozur, çünki bu məsələdə Brüssellə Moskva arasında açıq və gizli rəqabət var. Bu yanaşmanı nə dərəcədə doğru hesab edirsiniz?
– Bu, ümumi prosesin hansısa elementidir, əsas elementi deyil. Moskva bunu istəmir və ya Brüssel onu istəmir… Bunlar ikinci dərəcəli mövzulardır. İrəvan məcbur olaraq həm Moskvanın ağzına baxır, həm də Brüsselin. Çünki Moskvadan təhlükəsizlik, Brüsseldən isə pul gözləyir. Ona görə də burada Moskvanın və Parisin oyunları bəllidir. Sadəcə, bunlar işin mahiyyətini dəyişmir. Münaqişənin öz məntiqi var. Bu məntiq onu göstərir ki, Ermənistanın taktikası yenə vaxt udmağa hesablanıb.
– Sizin gözləntiniz nədir?
– Ehtimal edirəm ki, İrəvan bu taktikasını davam etdirəcək. Bizim işğaldan azad olunan ərazilərdə olmağımız və güclənməyimiz əsas məsələdir. Bizim bu torpaqlarda güclənməyimiz onlara əlavə pressinq, psixoloji təsir olacaq. Bizim Kəlbəcərimiz, Laçınımız, Ağdamımız var. Şuşa artıq gündəmdədir. Ağdamın insanları qayıtmalıdır. Ermənilər hər gün görməlidirlər ki, Kəlbəcərdən səs gəlir, Ağdamda hansısa hərəkətlənmə yaşanır və sair. Onlar hiss etməlidirlər ki, bu ərazilərin sahibləri yerindədir, artıq qayıdıblar. Məncə məhz bu, onları vadar edəcək ki, ya bizə tabe olsunlar, ya da çıxıb getsinlər. Münaqişənin əsas elementi budur. Moskva və ya Brüssel ikinci dərəcəli oyunlar oynaya bilərlər, amma bu prosesi dəyişə bilməzlər. Biz demoqrafik prosesdən bəhs edirik.
– Siz hesab edirsiniz ki, belə davam edərsə, sonda problem hərbi yolla həll olunacaq?
– Müharibəsiz də ola bilər. Çünki orada qalan ermənilər özünə sual verir: burada qalım, ya qalmayım? Hər gün onlar Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada həyatın qayıdışını gördükcə özlərinə bu sualı verəcəklər. Düşünəcəklər ki, burada qalıb yaşayım, yoxsa çıxıb gedim? Məntiqi yanaşmadır.
– Bu təhlükəyə görəmi ruslar Xankəndində akademik Andrey Saxarovun abidə kompleksini ucaldıb və üzərində “Cəsarətli olun, ermənilər, işiniz haqq işidir” şüarını yazıblar?
– Bununla onlar çalışırlar ki, orada öz varlıqlarını təmin etsinlər. Hansısa ideologiya əsasında. Onlar hər gün görürlər ki, Şuşada hansısa böyük tədbir keçirilir. Azərbaycan onlara diktə edir ki, burada mənəm. Onlar da çalışırlar ki, buna cavab olaraq nəsə etsinlər. İndi 20-25 min erməni üçün rus neyləyə bilər? Onlar bacarsaydılar gedib öz bərbad vəziyyətdə olan şəhərlərində nəsə edərdilər. Bu baxımdan tikilməkdə olan yeni Ağdamı hansısa heykəl və abidə kompleksi ilə müqayisə etmək olarmı?
– Siz hərbi əməliyyatlar gözləyirsinizmi?
– Hesab edirəm ki, biz buna getməməliyik. Çünki proseslər bizim xeyrimizə inkişaf edir. Müharibədən keçən dövrdə Azərbaycanın bu torpaqlara real qayıdışı hiss olunur. Hələ qabaqda minadan təmizləmə prosesi olacaq, insanlarımız yurdlarına qayıdacaq. Bununla da, işğalçı qüvvələrə psixoloji təsir güclənəcək. Bir var gedib avtomatla durursan orda, təzyiq edirsən, bir də var elə şərait yaradırsan ki, özü bu torpaqlardan getsin. Bəlkə də ermənilər istərdi ki, hay-küy yaransın, sonra da “yeni soyqırım” şüarıyla hər yerə qaçqın kimi yerləşsinlər. Amma sakit getmək məsələsi də var. Onsuz da gedirlər. Kimi Rusiyaya, kimi başqa yerlərə gedir. Əsas məsələ budur. Bir daha deyirəm ki, Moskva və Brüssel bu prosesin bir elementidir, əsas elementi deyil.