İnstaqramdan müraciət etdilər, cinayət işi başlandı – Baş Prokurorluq

Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiyası zamanı daxil olmuş müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə Mətbuat xidməti tərəfindən Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarə və şöbələrə təqdim olunur.

Növbəti belə bir müraciətlər əsasında cinayət işi başlanılıb.

Avqustun 28-də keçirilmiş növbəti sessiya zamanı “Avanqard” turizm şirkətinin direktoru Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olub. 

Həmin müraciətlər Baş prokuror tərəfindən nəzarətə götürülməklə “Avanqard” turizm şirkətinin direktoru Yeganə Nağıyevanın qanunsuz hərəkətləri barədə daxil olmuş ərizələr əsasında Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılmış araşdırma nəticəsində toplanmış material əsasında 31 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.   

Cinayət işi üzrə istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb. 

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri aparılır, qanun pozuntularına yol vermiş və cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Mənbə
qafqazinfo.az
Hamısını Göstər

Related Articles

Back to top button