“Rusiyanın neft itkiləri illik 30-50 milyard dollar olacaq” – “Ruslar artıq öz neftlərini hara satacaqlarını bilmirlər”
Avropa Birliyi Ukraynada gedən müharibəyə birbaşa qoşulmasa da, Moskvanın əsas gəlir mənbələrinə sarsıdıcı zərbə vurur. AB Rusiyadan idxal etdiyi yanacaq növlərindən biri olan təbii qazdan birdəfəlik imtina etmək planı üzərində işləsə də, hələ ki, obyektiv səbəblər üzündən bunu edə bilmir. Ancaq mavi yanacaqdan fərqli olaraq, Avropa Birliyi Rusiyadan aldığı neft və neft məhsullarına embarqo qoyulması ilə bağlı mühüm tarixi qərar verib.
2023-cü ilin mart ayında Avropa Rusiyadan aldığı neft və neft məhsullarının 90 faizindən imtina edəcək. Ekspertlərin fikrinə görə, həmin vaxta kimi Avropa Birliyi Rusiya neftini tam şəkildə əvəzləyəcək mənbələr tapacaq və beləliklə də, Kreml heç zaman üzləşmədiyi ciddi maliyyə problemləri ilə qarşılaşacaq.
Ukraynanın “Unian.net” interet portalında dərc edilən “Avropa nə vaxt öz iqtisadiyyatını qanlı Rusiya neftindən təmizləyəcək?” başlıqlı məqalədə sözügedən məsələyə toxunulur.
Həmin məqaləni qısa ixtisarla təqdim edirik:
”Avropa Birliyinin Rusiyaya qarşı altıncı sanksiya zərfini tətbiq etməsi bir ay müzakirə olunub. Yekdil qərara gəlməkdə çətinlik çəkən AB-nin 27 ölkəsinin siyasətçiləri ümumi yekunda kompromis variant üzərində dayanıblar.
2021-ci ildə Rusiyanın ixrac etdiyi neftin 42 faizi Avropa Birliyinə göndərilib. Bu cür böyük həcmdə ixrac Avropa Birliyinin Rusiya neftindən əhəmiyyətli dərəcədə asılı olduğunu göstərir.
Anlaşılması üçün onu deməliyik ki, Avropa Birliyinin ən böyük iqtisadi gücü olan Almaniya müharibədən öncə öz yanacaq ehtiyacının 1/3-ni Rusiyadan təmin edirdi. Bəzi Şərqi Avropa ölkələrinin neft idxalı payında Rusiya önəmli yer alır. Məsələn, Litva istehlak etdiyi neftin 83 faizini, Polşa isə 58 faizini Rusiyadan idxal edir.
Məhz bəzi Avropa ölkələrinin Rusiya enerji resurslarından böyük asılılığı ona embarqo qoyulması ilə bağlı danışıqların uzanmasına səbəb olub. AB elə qurulub ki, orada bütün üzv ölkələrin fikirləri və istəkləri nəzərə alınmalıdır. Ona görə də yeni embarqoda bir neçə ölkəyə güzəştə gedilib. Söhbət Macarıstan, Çexiya və Slovakiyadan gedir. Bu ölkələrin dənizə çıxışı olmadığından, onlar hələ bir müddətə kimi “Drujba” neft kəməri vasitəsilə Rusiyadan neft alacaqlar. Bu ölkələrlə yanaşı, 2024-cü ilin sonuna kimi Bolqarıstana da güzəşt edilib. Digər Avropa ölkələri isə altı – səkkiz aydan sonra dəniz yoluyla Rusiyadan xam neft və neft məhsulları almayacaq.
Başa düşmək lazımdır ki, embarqo təcavüzkarın birtərəfli cəzalandırılması deyil. Birşləmiş Avropa çox mürəkkəb məsələni həll etməlidir: böyük həcmdə neftin operativ şəkildə əvəzlənməsi asan iş deyil.
Yaxın Şərq və Venesuela “Energetika Araşdırmaları Mərkəzi”nin direktoru Aleksandr Xarçenko “Unian.net”-ə verdiyi müsahibəsində qeyd edib: ”Digər neft hasilatçıları aktiv şəkildə öz məhsullarını təklif etməyə başlayırlar. Məsələn, Almaniya kimi böyük istehlakçının Rusiyadan aldığı neftin yeri boşalır. Bu isə Səudiyyə Ərəbistanı və ya Venesuela üçün yeni bazar anlamına gəlir. Onlar öz neftlərini təklif etmək üçün hasilatı sürətlə artıracaqlar”.
“OPEK+” təşkilatı iyul və avqust aylarında hasilatın artırılması qərarına gəlib. Belə hesab etmək olar ki, Avropa bazarında Rusiya neftinin yerini Yaxın Şərq ölkələri dolduracaqlar. Bundan əlavə, “OPEK +” ölkələri Rusiyanın bu təşkilatdan çıxarılmasını müzakirə edəcəklər və sonra isə Rusiyanın kvota payı təşkilatın digər ölkələri arasında bölünəcək.
Hazırda Avropa şirkətləri Yaxın Şərqlə yanaşı, diqqətlərini Rusiyanın sanksiya “rəfiqəsi” Venesuelaya yönəldiblər. ABŞ hökuməti İtaliya və İspaniya istehlakçılarına neft nəql etməsi üçün bu ölkəyə tətbiq etdiyi sanksiyaları bir qədər zəiflətmək qərarına gəlib.
Xüsusi layihələr üzrə “Psixeya” elmi texniki mərkəzinin direktoru Qennadi Ryabçev deyib: ”Rusiya neftinin əvəz olunması prosesi artıq gedir. Avropa neft şirkətləri Yaxın Şərq neftinin tədarükü ilə bağlı müqavilələr imzalayırlar. Polşanın neft şirkətləri Səudiyyə neftinin tədarükü ilə bağlı müqavilə imzalayıb. Yaxın Şərq neftinin Aralıq dənizi limanlarına, Amsterdam, Roterdam və Antverpen limanlarına çatdırılması ilə əlaqədar razılaşma var. Rusiyadan alınan xam neftə və neft məhsullarına müvafiq olaraq altı və səkiz aydan sonra embarqo qoyulması, bu keçid müddəti ərzində Avropa Birliyi enerji şirkətlərinin digər ölkələrədən alternativ tədarükü təmin etməsi ilə bağlıdır”.
Rusiya nə qədər itirir?
“Bloomberg” agentliyi hesablayıb ki, Rusiya qarşıdan gələn embarqoya görə ildə 10 milyard dollar itirəcək. Amma ekspert Aleksandr Xarçenko deyir ki, real itkilər bundan daha çox olacaq. Xarçenko bildirib: ”Ruslar artıq öz neftlərini hara satacaqlarını bilmirlər. 2021-ci ildə rusiyalılar neftdən ümumilikdə 110 milyard dollar qazanıblar və bunun da 60 faizi tankerlə, 40 faizi isə neft kəməri vasitəsilə daşınıb. Hesablamalara görə, keçənilki ilə müqayisədə Rusiyanın maliyyə itkisi 30-50 milyard dollar arasında olacaq”.
Əgər “OPEK+” ölkələri hasilatı artırarlarsa və Venesuela İspaniya və İtaliyaya neft ixrac edərsə, o zaman çox böyük ehtimalla neftin qiyməti aşağı düşər və Rusiyanın neft hasil etməsi qeyri-rentabelli hala gələr.
Xarçenko vəziyyəti belə şərh edib: ”Əgər neftin bir barelinin qiyməti 50 dollara düşərsə, o zaman indiki sanksiya şəraitində öz neftini 30 faiz aşağı qiymətə satmağa məcbur qalan Rusiya embarqodan sonra nə edəcək? Sanksiyaya məruz qalan İran uzun illər ərzində öz neftini 60 faiz endirimlə satıb. Deməli, belə olan təqdirdə Rusiya neftin bir barelini 30 dollara satmaq məcburiyyətində qalacaq”.
Bazarlarda gözlənilən dəyişikliklər
Yaxın Şərq ölkələri ilə yanaşı, Venesuela da neft hasilatını artırarsa, o zaman şübhə yoxdur ki, hasilatı artıranların cərgəsinə İranın da qoşulmasına imkan verilə bilər.
Öz növbəsində Avropa Birliyi əbəs yerə Rusiya neftindən və neft məhsullarından imtina olunması üçün müəyyən interval götürməyib. Əgər bu qərar qəbul olunmasaydı, AB-nin enerji şirkətləri Rusiya neftini digər mənbələrlə əvəzləməyə macal tapmazdı və bu da Avropanın yanacaq sferasında ağrılı şok yaradardı.
Ekspertlər bildirirlər ki, yanacağın qiymətinin daha yüksəklərə qalxması üçün fundamental səbəblər yoxdur. Lakin onun məhdud həcmdə satışı hələ yaxın aylara kimi davam edəcək. Sivil dünya aktiv şəkildə Rusiya neftindən imtina edir, bu isə təcavüzkarın böyük miqdarda maliyyə gəlirlərindən məhrum olması deməkdir.
Digər tərəfdən, Avropa iqtisadiyyatının inkişaf strategiyasında ekoloji dəyişikliklərə qarşı mübarizə kursu seçilib. Bu isə daxili yanma mühərriklərinin tədricən elektrik mühərrikləri ilə əvəzlənməsini tələb edir. Yeni texnologiyalar benzin iqtisadiyyatının qəbirqazanı olacaq. Hadisələrin bu istiqamətdə cərəyan etməsi nəhəng “yanacaqdoldurma məntəqəsi” sayılan Rusiyanın yeni imperiya siyasətinə qarşı sivil dünyanın daha bir təsirli cavabı olacaq”.