NATO Ukrayna dəniz limanlarının blokadadan çıxarılmasında iştirak etmək istəmir
Şimali Atlantika Alyansı Qara dəniz vasitəsilə Ukraynanın ixracı üçün dəhliz yaratmaq məqsədilə NATO-nun hərbi imkanlarından istifadə etməyi düşünmür. Bunun qəbuledilməz eskalasiyaya gətirib çıxaracağını əsas gətirir.
Bunu “Evropeyskaya pravda” qəzetinə müsahibəsində NATO Baş katibinin müavini Mirça Coane deyib.
“NATO-nun hərbi imkanlarının cəlb edilməsi vəziyyətin həllinə kömək etməyəcək. Əksinə, biz düşünürük ki, daha da kəskinləşməsinə səbəb ola bilər”, – deyə o, Ukraynanın Qara dənizdən keçən ticarət yollarının açılması variantları barədə sualı cavablandırarkən qeyd edib.
Coane vurğulayıb ki, tərəfdaşlar başqa həll yolları tapmağa çalışırlar. Bunlardan birincisi, dəmiryolu və avtomobil yolu ilə Aİ ölkələrinin limanlarına gedən yoldur və bu marşrut çatışmazlıqlara baxmayaraq artıq ixrac üçün nəzərdə tutulan taxılın heç olmasa bir hissəsini çıxarmağa imkan verir.
“İkinci variant – həqiqətən çox çətindir – Qara dəniz boyunca təhlükəsiz dəhlizlərin təşkilidir. Rusiya onların həmtəşkilatçısı ola bilər”, – deyə Mirça Coane əlavə edib.
Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk isə hesab edir ki, Qara dənizdəki Ukrayna limanlarını blokdan çıxarmağın bir neçə yolu var, lakin onların hamısı hərbçilərin cəlb olunmasını nəzərdə tutur.