Qaydaları pozan vəzifəli şəxsləri gözləyən böyük cəzalar
Heç kim qanundan üstün ola bilməz. Sadə vətəndaşlar da, vəzifəsindən istifadə edib rayonlara gedənlər də, şadyanalıq keçirənlər də bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Qaydalar pozulubsa, onun cəzası da var. Cəza tədbirləri isə bütün kateqoriyadan olan insanlara tətbiq edilir.
Azərbaycan hüquqi dövlətdir və ölkədə bərabərlik, ədalət, qanunun aliliyi əsas prinsiplərdən biridir. Səlahiyyətindən, mənsub oldugu zümrədən, vəzifəsindən aslı olmayaraq hər kəs qanunun tələblərinə birmənalı şəkildə əməl etməlidir.
Varlı, kasıb fərq etməz, hər kəs bir məqsədə xidmət edərsə, dövlətə də bəzi problemlərin aradan qaldırılması çətin olmaz. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvi Millət vəkili Bəhruz Məhərrəmov deyir ki, Pandemiya dövründə qəbul edilən qərarlar elə onu pozmağa cəhd edən vətəndaşın sağlamlığına xidmət edir.
Bəhruz Məhərrəmov – millət vəkili: “Bu gün ölkədə toy, ad günləri, eləcə də səlahiyyət statusundan istifadə edərək rayonlara səfər etmək və bunları aktiv formada sosial şəbəkədə bölüşərək, dövlətin keçirdiyi tədbirlərə zidd olmaqla yanaşı, həm də insanlarda ikrah hissi yaradıb.
Biz konstitusiyanı qəbul edəndə də elə bir hüququ öhdəmizə götürmüşük ki, orada qanunun aliliyi olsun. Yəni, hər kəs qanun qarşısında bərabər olmalıdır, hər kəs törətdiyi əmələ və törətdiyi əməlin ictimai təhlükəsinə görə status mənşəyindən və digər bərabərlik mənşəyindən asılı olmayaraq qanun qarşısında bərabərdir”.
Vətəndaşının qeydinə qalan dövlətin qanuni tələblərini pozduğu halda onun cəzalandırılması ilə bağlı verdiyi qərar da anlayışla qarşılanmalıdır.
Bəhruz Məhərrəmov – millət vəkili: “Azərbaycan dövləti birmənalı olaraq karantin qaydalarına riyət olunmasını təmin etdirəcək gücə malikdir. Cənab prezidentin də dediyi kimi, bu qaydaları pozan, səlahiyyətindən, vəzifəsindən, eləcə də statusundan istifadə edərək qaydaları pozmağa cəhd edən və özündə bu qaydaları pozmağa güc tapan şəxslərə qarşı qərarlar kifayət qədər sərt olacaq.
Bundan sonra da qaydaları pozanlar gücündən, vəzifəsindən asılı olmayaraq xüsusi diqqətli və həssas olmalıdırlar, çünki bundan sonra da kimliyindən asılı olmayaraq qaydaları pozan şəxs cəza və tənbeh tədbirlərilə üz-üzə qalacaq. Heç bir vətəndaşın buna şübhəsi belə olmasın”.
Deyilənlərdən və verilən qərarlardan belə aydın olur ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir. Qanun və qaydaları pozanlara heç bir güzəşt yoxdur. Qanunları pozanlara qarşı cəza tədbirləri bundan sonra da tətbiq ediləcək.