Akar “bir ordu” bəyanatı ilə üç hədəfə mesaj verir

Türkiyənin müdafiə naziri Hulusi Akar “Haber Global” telekanalına müsahibəsində Bakı-Ankara münasibətlərindəki hərbi-strateji əməkdaşlığa dair mühüm bəyanat səsləndirib. Cənab Akar deyib ki, Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir.

Türkiyə müdafiə nazirinin açıqlaması beynəlxalq siyasi sistemin dəyişdirilməsinə cəhdlərin Cənubi Qafqaz regionuna sıçramaması üçün verilən ultimativ reaksiyadır.

Ümumilikdə Akarın xəbərdarlıq tonunda yumşaq güc nümayiş etdirməsi üç istiqamətə ünvanlanır:

1. Rusiyanın Cənubi Qafqaz regionu üzrə siyasətinin hədəflərində Azərbaycana təhlükə yaradılmamalıdır.

2. İranın Azərbaycana qarşı hərbi-siyasi ritorikası davam edərsə və cüzi də olsa təhdid elementləri yaranarsa, Tehran öz qarşısında Ankaranın potensialını görər.

3. Beynəlxalq güclərin Ermənistandan Azərbaycana qarşı cəbhədə faydalanmaq cəhdləri mənasızdır.

Azərbaycan 44 günlük müharibə ilə Ermənistan üzərində həlledici qələbə qazandıqdan sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar Türkiyənin regiondakı maraq dairəsini böyüdüb.

Postmüharibə gerçəkliyi region üzərində mahiyyətcə yeni təzyiq yaratdığından Azərbaycanla Türkiyə vahid komandanlıq halında fəaliyyət göstərir. Azərbaycanın silahlanma proqramının, ordusunun təkmilləşdirilməsində Türkiyənin mühüm rolu var.

Azərbaycanla Türkiyə ordularının şəxsi heyətlərini, yəni silahlı qüvvələrdəki insan kapitalını və təşkilati potensialını bir-birinə inteqrasiya edirlər.

Bununla da Türkiyə modeli əsas tutularaq Azərbaycanda daha güclü hərbi komandanlıq yaradılır. Azərbaycan ordusunun yenilənməsi, Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının kurasiyası ilə aparılır desək, yəqin ki, səhv etmiş olmarıq.

Postmünaqişə dövründə Azərbaycan-Türkiyə ikilisinin hərbi sahədəki əməkdaşlığı qısa müddət ərzində üst səviyyəyə qalxa bilib və bu nöqtədən təhlükələrə qarşı hərbi-strateji cəhətlərdə müşahidə aparılır.

Hərbi tandem təkcə bir-birinin müdafiə qabiliyyətini artırmağa deyil, həm də regional təhlükəsizlik və uzunmüddətli sülhə töhfə verən platformaya çevrilir.

Burada Gürcüstanın da təhlükəsizliyi çox vacib çağırış kimi Azərbaycanla Türkiyənin qarşısında dayanır, çünki Tbilisinin regional və beynəlxalq layihələrdəki tranzit əhəmiyyəti var və bu, Bakı-Ankara ikilisinin strateji maraqlarına cavab verir.

Türkiyənin hərb nazirinin bəyanatında, düşünürük ki, Gürcüstanla bağlı məsələ də özünün pərdəarxası əksini tapır.

Akarın bəyanatının Azərbaycanla bu və ya digər şəkildə bağlı olan hissəsinin təqdimatını etdikdən sonra Bakının da Ankaraya strateji müttəfiqlik ruhuna uyğun olaraq verə biləcəyi yardımlardan danışaq.

Hulusi Akarın “bir ordu” termini özündə həmin məzmunu ehtiva edir. Yəni Türkiyəyə qarşı hərəkətlilik güclənərsə və bu, genişmiqyaslı hərbi təhdid şəklini alarsa, Azərbaycan öz müttəfiqinə kömək edəcək.

Hamısını Göstər

Related Articles

Back to top button