Kəlmeyi-şəhadətini oxutdurub, hamama salıb doğrayıb… – Nahidənin dəhşətli qətli
Bu ilin yanvar ayında Bakı şəhəri, Xətai rayonunda 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın amansızlıqla qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daha əvvəl “Lider” televiziyasında çalışmış N.Həsənovanı amansızlıqla qətlə yetirərək bədənini hissələrə ayırmış həyat yoldaşı, 1987-ci il təvəllüdlü Orxan Alıyevə 20 il müddətinə həbs cəzası verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə O.Alıyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndirilib. Məhkəmə prosesi iyulun 3-də başa çatıb. Prosesdə məlum olub ki, Nahidə həyat yoldaşı Orxanla dayıoğlu-bibiqızı olub. Lakin o, ailədə mütəmadi şiddət görüb və qətlə yetirilməzdən bir neçə gün əvvəl Nahidə Bakıdan Füzuliyə anasıgilin yanına gedibmiş. Lakin Orxan daha sonra – yanvarın 3-də Nahidənin ardınca Füzuliyə gedərək israrla onun geri qayıtmasını istəyib. Bir gün Füzulidə qayınanasıgilin evində qalan Orxan Nahidəni razı salaraq Bakıya gətirib. Elə həmin gün o, Xətai rayonu, General Şıxlınski küçəsindəki evdə Nahidəni xüsusi amansızlıqla qətlə yetirib.
Məhkəmədə ifadə verən Orxan Alıyev Nahidəni qətlə yetirməzdən əvvəl ona məcburi şəkildə kəlmeyi-şəhadətini oxutdurduğunu bildirib:
“Nahidə ilə 2017-ci ildə ailə həyatı qurmuşduq, o mənim bibim qızı idi. Nahidə, anam və azyaşlı qızım eyni evdə yaşayırdıq. Ailə qurandan sonra onun məni aldatmasından şübhələnməyə başlamışdım, mobil telefonu vasitəsilə izlətdirirdim. Lakin Nahidənin kiminləsə danışmasını və ya mesajlaşmasını görməmişəm. Bununla bağlı tez-tez mübahisəmiz olurdu. Sonuncu dəfə 5 dekabr 2021-ci il tarixdə Nahidə ilə yenə dalaşdıq, uşağı götürüb Füzuliyə atası və anasının yaşadığı evə getdi. 3 yanvar 2022-ci il tarixdə Nahidəni və uşağını geri gətirmək üçün yola düşdüm. Həmin gün onları Bakıya gətirmək istəsəm də, qayınatamgil buna imkan vermədi. Gecəni orada qalıb Nahidəni Bakıya getməyə razı saldım, yanvarın 4-də səhər saat 7 radələrində yoldaşımı və uşağı Füzuli rayonundan götürüb taksi ilə Bakıya gətirdim, saat 12 radələrində Xətai rayonunda yerləşən mənzilə çatdıq. Bir qədər keçdikdən sonra anama uşağı da götürüb bacımgilə getməsini, Nahidə ilə söhbət etmək istədiyimi bildirdim. Anam uşaqla birgə gedəndən sonra Nahidə ilə mənzildə tək qaldıq, evin giriş qapısını içəridən bağladım ki, evə heç kim girməsin. Nahidədən mənə kiminlə xəyanət etdiyini soruşdum. O isə xəyanət etmədiyini bildirdi. Buna görə çox əsəbi vəziyyətdə danışırdım. Nahidə xəyanət etmədiyinə and içirdi”.
Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra əvvəlcədən planlaşdırdığı qətli törədib:
“Nahidənin saçından tutub sürüyə-sürüyə mətbəxə, oradan isə hamam otağına apardım. Orada Nahidəyə: “Sənin başını da, əllərini də kəsəcəyəm, kəlmeyi-şəhadətini de səni öldürəcəyəm”,- sözlərini deyərək, israrla ona kəlmeyi-şəhadətini deməyə məcbur etdim və mətbəxdən götürdüyüm bıçaqla Nahidənin başını bir qədər kəsdim”.
Bundan sonra həyat yoldaşının ölümünə əmin olan Orxan geri qayıdaraq onun başını bədənindən tamamilə ayırıb, həmçinin qollarını və digər orqanlarını kəsib bədənindən ayıraraq vannaya yığıb:
“Nahidənin başı kəsilmiş meyitini çılpaq vəziyyətdə hamam otağında olan vannanın içinə uzatdım. Orada onun sağ qolunu bıçaqla çiyin nahiyəsindən kəsib bədənindən ayırdım. Meyitin sol qol nahiyəsini çiyin hissədən bıçaqla kəsməyə başlayanda qapı döyüldü. Qapının gözlüyündən baxanda anamla bacımın gəldiyini gördüm. Onlara getmələrini bildirdim, çünki onların bu vəziyyətdə olan meyit görməsini istəmirdim və yeznəmin gəlməsini bildirdim”.
Məhkəmədə mərhum Nahidə Həsənovanın valideynləri onun Füzulidən Orxanla birgə getməyini istəmədiklərini, lakin Nahidənin özünün razılığı ilə Bakıya yola düşdüyünü deyiblər.
Həmçinin Orxanın yaxınları onun son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.
Qeyd edək ki, araşdırmalar zamanı Orxan Alıyevin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi də məlum olub.