Zakir Həsənov MDB-nin iclasında Ermənistanı ittiham edib
“Ərazilərimizin 20 faizinin MDB-nin üzvü olan bir dövlət tərəfindən işğalı faktı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən bu Birliyin normalarına və ruhuna ziddir”.
Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 4-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının növbəti iclasında çıxışı zamanı deyib.
Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatın regional təhlükəsizliyə təhdid yaratdığını qeyd edən Müdafiə naziri eyni zamanda rəsmi Yerevanın Azərbaycanla MDB-yə üzv olan dövlətlər arasında münasibətlərə xələl gətirmək məqsədi güddüyünü də bildirib.