Almaniya Putindən izahat tələb etdi: Sanksiyalar tətbiq oluna bilər

Almaniyanın Xarici işlər naziri Berlinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çalışacağına eyham vurub. Əgər Moskva Kremlin tənqidçisi Aleksey Navalnının zəhərlənməsini izah edə bilməsə bu sanksiyalara əl atıla bilər. Nazir Berlinin istintaqı yubatmasına dair Moskvanın iddialarını da rədd edib.

Heiko Maas sentyabrın 6-da dərc olunmuş müsahibəsində bu haqda danışıb. Rusiya zəhərləmədə əil olmadığını deyir və Moskvanı əməkdaşlıq etməməkdə suçlayır.

Maas deyir ki, Rusiyanın zəhərlənmənin arxasında olmasının “bir neçə əlaməti” var.

“Əgər bir neçə günə Rusiya baş verənlərin aydınlaşmasına kömək etməsə, biz sanksiya məsələsini müzakirə edəcəyik”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha sonra deyib ki, Rusiya zəhərlənmə üzrə təhqiqatla əməkdaşlıq edəcək. Ancaq o, “Rossiya-24” televiziyasına bildirib ki, “Berlin tərəfi operativ hərəkət nümayiş etdirmir”.

“Gözdən pərdə asmaq”

Maas bundan sonra “ARD” televiziyasına əlavə açıqlamasında Rusiyanın ittihamını “gözdən pərdə asmaq” adlandırıb, məsələylə bağlı Rusiyayla əməkdaşlığa razılıq verməməyə əsas olmadığını deyib.

“Bild am Sonntag”a müsahibəsində Maas onu da deyib ki, Almaniyanın Şimal axını-2 layihəsi üzrə siyasətində dəyişiklik ola bilər.

Kansler Angela Merkel bundan öncə Navalnı işinin “Şimal axını 2”layihəsi ilə əlaqələndirilməsini rədd edib. Qara dənizin dibindən çəkilən bu kəmər tamamlanmaq üzrədir, Rusiyadan qazı Almaniyaya aparacaq.

Birləşmiş Ştatlar və Qərb ölkələri planı təxirə salmaq üçün Merkelə təzyiq göstərirlər.

Maas qeyd edib ki, kəmərin çəkilməsinin dayandırılması Almaniya və Avropa şirkətlərinə ziyan vurar, ancaq daha məhdud sanksiyaları da istisna etməyib.

“Sanksiyalardan danışırıqsa onlar mümkün qədər hədəfli olmalıdırlar”, – o vurğulayıb.

Almaniya sentyabrın 2-də bildirib ki, toksikologiya testləri Navalnının Noviçokla zəhərlənməsinə “birmənalı dəlil” ortaya qoyub.

Sovetlərdə hazırlanan, hərbi dərəcəli bu qaz əvvəllər hərbi orqanların əlində olub, yalnız az sayda adamın ona çıxışı var, Maas deyib.

2018-ci ildə Britaniyada rusiyalı ikili agent Sergey Skripal və qızının zəhərlənməsində də Noviçokdan istifadə olunub.

Maas deyib ki, əgər Rusiya Navalnıya qarşı cinayətin çözülməsində iştirak etməsə, bu, ölkənin həmin işdən əli olduğunu göstərəcək.

Mənbə
gununsesi.info
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button