Karantin postunda polisləri daşlayanlar həbs edildilər
18 may 2020-ci il tarixdə Yevlax şəhəri ərazisində xidməti vəzifələrini icra edən Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarına bir qrup şəxs tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma-zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə), 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Yevlax rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Yevlax rayon prokurorluğundan verilən məlumata görə, istintaqla Yevlax rayon sakinləri Qulu Quliyev, Əli Salmanov, Heydər Quliyev və Veyis Abdullayevin rayon sakinlərinin arasında koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Yevlax rayon polis şöbəsinin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qəsdən bir qrup şəxs halında polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə həmin vaxt orada ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməklə müqavimət göstərib yerdən götürdükləri daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçuların istiqamətinə atmaqla polis əməkdaşları Eşqin İbrahimov, Şamil Nəcəfov və Vasif Fəttayevə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qulu Quliyev Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 221.3 və 315-ci maddələri ilə, Əli Salmanov, Heydər Quliyev və Veyis Abdullayev isə Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.