İrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq?

Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcəyi ilə bağlı beynəlxalq qurumlara məlumat verib. Bakı hərb variantını düşünür deyə, bu gün Ermənistan və onun Qarabağda yaratdığı qanunsuz qurum özünü zəif göstərməmək üçün əks iddialarla çıxış edir.

Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov “dqr”in “təhlükəsizlik şurası”nın “katibi” Samvel Babayan və erməni “qəhrəmanı”, erməni silahlı birləşmələrinin veteranı Kamo Arutyunyanın Goranboyu ələ keçirməklə bağlı sözlərini şərh edərkən deyib.

Ş.Ramaldanov bildirib ki, Qarabağdakı qondarma rejim heç vaxt müstəqil olmayıb:

“Özünü “dqr” adlandıran qurum Ermənistanın işğalı nəticəsində qanunsuz şəkildə yaradılmış bir oyuncaqdır. Biz münaqişə tərəfi olaraq işğalçı Ermənistanla üz-üzəyik. Qarabağdakı qondarma rejim özünü Azərbaycanla tay tuta bilməz. Bu qurum müxtəlif qüvvələrin sifarişini yerinə yetirir. Bu gün Samvel Babayan, Kamo Arutyunyan kimilərin belə bir ritorika ilə danışmasının bir sıra səbəbləri var. Məlum Tovuz hadisələri, daha sonra Rusiyanın dolayı yollarla Ermənistana külli miqdarda silah göndərməsi, Paşinyanın tez-tez Qarabağa səfər etməsi bu gün bu şəxslərin belə fikirlər səsləndirməsinə gətirib çıxarır”.

Polkovnikin sözlərinə görə, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı Ermənistanı çox narahat edir:

“Bu gün regionda güclü bir Türkiyə-Azərbaycan əməkdaşlığı var. Əməkdaşlığın hərbi müstəvidə uğurları isə ilk növbədə Ermənistanı narahat edir. Erməni cəmiyyəti yaxşı anlayır ki, ehtimal bir lokal müharibədə onları Rusiya belə xilas etməyəcək. Rusiya Cənubi Qafqaza gələnə qədər Türkiyə Ermənistanı heç çətinlik çəkmədən ələ keçirə bilər. Buna görə də hər dəfə Türkiyə-Azərbaycan əməkdaşlığını qaralamaq üçün əllərindən gələni edirlər.

Samvel Babayan, Kamo Arutyunyan kimi şəxslərin fikirlərini diqqətə almalıyıq. Lakin Qarabağdakı separatçıların Goranboyu və ya Gəncəni işğal etməsi iddiası boş və mənasız bir xülyadır. Məsələ ondadır ki, heç Ermənistanın buna imkanı yoxdur. Aprel döyüşləri, Tovuz hadisələri, Naxçıvan istiqamətində gedən döyüşlər buna misal ola bilər. Düşmən hər istiqamətdə Ordumuzu sınamağa, zəif bir nöqtə tapmağa səy göstərir. Lakin hər dəfə məğlubiyyətə düçar olur”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button