AVROPA İTTİFAQINDAN AZƏRBAYCANA QARŞI TƏXRİBAT – Praqa razılaşması pozula bilər.
Oktyabrın 17-də Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Cənubi Qafqazda vəziyyəti müşahidə etmək, təhlil etmək və hesabat hazırlamaq üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfinə 40-a yaxın Avropa İttifaqının ekspert müşahidəçilərinin yerləşdirilməsi barədə qərar qəbul edib.
İlk baxışdan burada qeyri-adi heç nə yoxdur – bu missiyanın göndərilməsi barədə qərar 6-7 oktyabrda keçirilən Praqa sammitində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında dördtərəfli görüşdən sonra qəbul edilib. İki aylıq missiyanın məqsədi etimad yaratmaq və hazırladığı hesabatlar vasitəsilə sərhəd komissiyalarının işinə töhfə verməkdir.
Sammit çərçivəsində keçirilən danışıqlarında bu müzakirə olunub və Praqa görüşündən sonra Avropa Şurasının rəsmi saytında yerləşdirilən bəyanatda da belə deyilir. Azərbaycan öz ərazisində belə bir missiyanın yerləşdirilməsindən imtina edib. Azərbaycan Ermənistandan fərqli olaraq öz sərhədlərini özü qoruya bilir. Ona görə də Praqada Prezident Əliyev bildirdi ki, Azərbaycan missiya ilə əməkdaşlıq məsələlərini bizə aid olduğu dərəcədə işlək qaydada həll edəcək.
Caliber.az saytının yazdığına görə, lakin avropalılar Praqada əldə edilmiş razılaşmaları pozaraq, açıq şəkildə təxribata əl atıblar. Ermənistana missiya göndərmək qərarında onun mandatı özbaşına şəkildə əhəmiyyətli dərəcədə genişləndirilib: “Bu qərar oktyabrın 6-da Prezident Əliyev, Baş nazir Paşinyan, Prezident Makron və Prezident Mişel arasında keçirilən dördtərəfli görüşdən sonra qəbul edilib və onun məqsədi regionda sülhün və təhlükəsizliyin bərpası, etimadın yaradılması və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasıdır”.
Yəni, Avropa İttifaqı öz mandatına özbaşına “regionda sülhün və təhlükəsizliyin bərpasını” daxil edib, bu, texniki monitorinq qrupunun deyil, tamhüquqlu sülhməramlı missiyanın mandatına uyğundur!
Bu sənəddə Praqa Bəyanatında qeyd olunmuş – missiyanın bölgədəki vəziyyəti izləmək, təhlil etmək və hesabat hazırlamaq barədə fəaliyyəti haqda heç nə deyilmir.Bu xətt Avropa İttifaqı Şurasının son iclasında sehrli şəkildə ortaya çıxıb. Praqa Bəyannaməsində yalnız delimitasiya komissiyalarının işinə kömək edə biləcək hesabatlardan bəhs edilir. Yəni, Bakı ilə razılaşmadan missiyanın mandatı genişləndirilib. HalbukiPraqada Azərbaycan tərəfi buna icazə verməyib.
Daha sonra Şuranın 17 oktyabr tarixli qərarının 3a maddəsinin 2-ci bəndi Ermənistandakı missiyanın “mümkün uzadılmasını” göstərir. Yəni bu missiyanın yerləşdirilməsi tarixindən 6 həftə sonra Avropa İttifaqı Şurası tərəfindən uzadılma nəzərdən keçirilə bilər. Amma Praqa Bəyannaməsində açıq şəkildə qeyd olunur: “Missiya oktybarda öz işinə başlayacaq və maksimum iki ay müddətinə fəaliyyət göstərəcək”.
Beləliklə, Praqa Bəyannaməsində tərəflər Aİ missiyasının müddətinin maksimum limitini açıq şəkildə müzakirə ediblər. Şurasının 17 oktyabrdakı toplantısında mümkün uzadılma ilə bağlı aldığı qərar Praqa razılaşmalarına ziddir.
İrəvanın mövqeyindəki dəyişiklik artıq təəccüblü deyil: Paşinyan hökumətin bugünkü iclasında bəyan edib ki, “zərurət yaranarsa, Ermənistan sərhədində Aİ-nin monitorinq missiyasının uzadılmasını müzakirə etmək olar”.
Nəhayət, daha bir təfərrüat: Praqa Bəyannaməsində müşahidəçilər yalnız öz hesabatları vasitəsilə delimitasiya komissiyalarının işinə töhfə verə biləcəyini açıq şəkildə göstərilib. Amma Avropa İttifaqı Şurasının 17 oktyabr tarixli qərarında daha geniş şərh verilərək “beynəlxalq sərhədin delimitasiyasına dəstək” cümləsi ilə əvəz olunub.
Mandatın icazəsiz genişləndirilməsi ilə bağlı qeyd olunan düzəlişlərin arxasında, şübhəsiz ki, Avropa İttifaqına sədrlik edən Fransa Prezidenti E.Makronun Qafqazda mövcudluğunu təmin etmək ambisiyaları gizlənir. Paris Ermənistana ehtiramlı dəstəyi ilə tanınır – burada erməni diasporunun fəal fəaliyyəti də rol oynayır ki, bunda Paris siyasətçiləri sözün əsl mənasında liderlik edir. Amma Fransa vasitəçi deyil, Brüsseldir və Avropa Şurasının qərarlarındakı fransız motivləri bütövlükdə Avropanın vasitəçilik missiyasını sarsıdır.
Belə bir şəraitdə Bakının Avropa müşahidə missiyası ilə istənilən qarşılıqlı əlaqəni dayandırmaq hüququ var (bu, yeganə düzgün qərar olardı). Əgər avropalılar Fransanın təzyiqi ilə yazılı razılaşmaları pozmağa qərar veriblərsə, o zaman Azərbaycan bu oyunda iştirak etməyəcəyini açıq şəkildə bildirməlidir.
Yeri gəlmişkən, bu, ATƏT-in oktyabrın 21-dən 27-dək Paşinyanın dəvəti ilə Ermənistana monitorinq qrupunun göndərilməsi ilə bağlı qərarına da aiddir. Azərbaycan torpaqlarının 30 il ərzində işğalda qalması zamanı ATƏT Azərbaycanın işğal olunmuş ərazilərinə bir dəfə də olsun səfər etməyib. Həmçinin, müharibədən sonra ATƏT Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanması problemi ilə heç vaxt maraqlanmayıb. Ən əsası isə odur ki, Ermənistana ATƏT missiyasının göndərilməsi ilə bağlı verilən qərar ATƏT-də standart konsensus qərar qəbuletmə mexanizmindən yan keçərək qəbul edilib. Buna görə də Azərbaycan heç bir halda ATƏT bayrağı altında gələn turistlərlə əməkdaşlıq etməyəcək”.