Rusiya İrana cəza dəstələri göndərə bilər: “Əvəzində Tehran Azərbaycana…”
Tehran və Moskva tezliklə hərtərəfli əməkdaşlıq sazişi imzalayacaq.
Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
“Biz münasibətlərə dair uzunmüddətli hərtərəfli saziş imzalayacağıq”, – deyə səfir bildirib. Hazırda Rusiya ilə İran arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında hələ 2001-ci ildə Moskvada imzalanmış saziş qüvvədədir.
Rusiya və İranın birgə əməkdaşlığının region üçün zərərləri nə ola bilər?
Cebhe.info-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, hər iki dövlət sanksiyalar altında qalmaqdan boğulur:
“Hər iki ölkə özünün xammal ehtiyatlarını, neftini və qazını sərbəst sürətdə sata bilmir. İndi hərtərəfli əməkdaşlıq adı altında bir – biri ilə neft və qaz sənayesi sahəsinində əməkdaşlıq əlaqələrini yaratmaq istəyirlər. Burada təhlükəli hal budur ki, Tehran Rusiyaya uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları satacaq, həm də Rusiyadan nüvə texnoloiyasının sirlərini əldə etməyə çalışacaq. Bu, çox təhlükəli tendensiyadır.Terrorizmi müdafiə edən iki təcavüzkar dövlətin bir – birilə hərtərəfli əməkdaşlığı dünya üçün də, bölgə üçün də təhlükəli nəticələrə gətirib çıxara bilər”.
Politoloq bildirib ki, İran Rusiyanın köməyi ilə nüvə silahı əldə etməyə çalışacaq, Rusiya İrandakı inqilabi hərəkatı yatırtmaq üçün cəza dəstələri göndərə bilər:
“Tehran Rusiyaya Ukraynadakı təcavüzünü davam etdirməsi üçün raketlər, pilotsuz uçuş aparatları göndərə bilər və göndərməkdə də davam edir”.
Qabil Hüseynli hesab edir ki, İranın Rusiya ilə əməkdaşılığı Azərbaycan üçün də təhlükə yarada bilər:
“İran Azərbaycana dişini qıcıyır. Rusiyanın özü də üstüörtülü formada Azərbaycana qarşı hərəkət edir, erməniləri müdafiə etməkdədir. Amma Azərbaycan güclü dövlətdir. Türkiyə kimi strateji müttəfiqi var. Bu yaxınlarda Türkiyə ilə ölkəmizin birgə hərbi təlimləri keçirildi. Təlimlərdə bu əməkdaşlığı bir daha göstərdilər. Amma bütün hallarda, tarix boyu, “Gülüstan” və “Türkmənçay” sülh müqavilələrindən görürük ki, Azərbaycanın bütövlüyünü pozan, onu iki yerə parçalayan Rusiya və İran olub. Hər iki dövlət Azərbyacana sözün həqiqi mənasında düşmən olan dövlətlərdir və buna görə də həmişə təhlükəlidirlər”.