Zelenski informasiya savaşında Putinə necə qalib gəlir?
Biri cəbhədə döyüşçüləri təltif edir, o biri Kremldə Simonyanı…
Dünən Ukraynanın ən qaynar və təhlükəli nöqtəsi olan Baxmuta səfər edən, orada hərbçilərlə görüşən və onları mükafatlandıran Volodimir Zelenski bu gün artıq Vaşinqtondadır. Görünür, kifayət qədər gənc və dinamik Zelenskinin həm fiziki, həm də mənəvi durumu belə kritik və gərgin səfərlərə imkan verir.
Ondan fərqli olaraq, rusiyalı “əsgər anaları” ilə görüşdə oğulları müharibədə həlak olanlara “müharibəyə getməsəydilər alkoqoldan ölcəkdilər” tezisi ilə “təskinlik verən” Vladimir Putin cəbhə xəttinin 100 kilometrliyinə də yaxın gəlmir, ya qısa müddətə Kremldə, ya “izqoy” dövlətlərə səfərlərdə, ya da hansısa bunkerdə görünür. Onun təltif etdikləri isə ötən gün olduğu kimi, hətta rusiyalıların belə böyük hissəsinin nifrət etdiyi Marqarita Simonyan, Semyon Peqov və Ukraynadakı qondarma qurumların quldur və satqın rəhbərləridir…
Beləliklə də, bu gün sözün əsl mənasında Zelenski öz timsalında gənc və hələ həyatı qarşıda olan Ukrayna xalqının və dövlətinin, Putin isə yenə öz timsalında həyatının qürub çağını yaşayan, başını, hərəkətini, sağlamlığını itirmiş və bunun heyfini bütün dünyadan çıxmağa hazır olan Rusiyanın simvoluna çevrilib. Bununla da hər ikisi öz davranışlarında rəhbərlik etdikləri ölkənin hansı mənəvi-psixoloji durumda olduğunu əks etdirir…
ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) hesab edir ki, Zelenskinin son Baxmut səfəri Kremlin son günlər Putinin aktivliyi, müharibə və ordunun vəziyyətilə maraqlanması, komandanlıqla görüşlər keçirməsilə gündəmə gətirmək istədiyi informasiya əməliyyatını alt-üst edib.
İnstitutun son hesabatında qeyd olunur ki, Kremlin başlatdığı bu informasiya əməliyyatı Rusiya cəmiyyətində Putinə və Müdafiə Nazirliyinə, ordu rəhbərliyinə qarşı artan narazılığın qarşısını almağa, ən əsası isə cəbhədəki məğlubiyyətlərə görə məsuliyyəti Putinin üzərindən yayındırmağa hesablanıb.
Lakin sıravi vətəndaş belə Ukrayna Prezidenti ilə Rusiya başçısının davranışları, fəaliyyəti, yaxın ətrafı arasındakı fərqləri, eləcə də iqtisadiyyatda, sosial həyatda və cəbhədəki vəziyyəti yaxşı görür.
İnstitutun hesabatında deyilir ki, təkcə sıravi vətəndaşlar deyil, millətçilər də Putinin Kremldəki son “mükafatlandırma şousu”ndan narazıdır: “Zelenskinin cəbhə xəttindəki Baxmuta səfəri ilə müqayisədə Putinin Kremldə hərbi əməliyyatlarda heç bir iştirakı olmayan öz ətrafını mükafatlandırmaq qərarı rusiyalı millətçilərin narazılığına səbəb olub”.
Onu da qeyd edək ki, Donbasdakı separatizmin və “rus dünyası”nın ən tanınmış simalarından olan İqor Qirkin(Strelkov) Putinin ötən gün Simonyanı, Peqovu və bu qəbildən olan digər “Z”-çiləri təltif etməsinə münasibət bildirərkən deyib ki, “Putin cəbhədə döyüşən əsgərləri yox, Kremldə “öz qəhrəmanlarını” mükafatlandırır…”
Bir çox müşahidəçilər qeyd edirlər ki, artıq Rusiya daxilində Kremlin Ukraynada guya faşizmə qarşı savaş getdiyinə dair təbliğatı da iflasa uğrayır. Yeri gəlmişkən, Uinston Çörçilin vaxtilə işlətdiyi məşhur bir ifadəsi var: “Gələcəyin faşistləri özlərini antifaşist adlandıracaqlar”.
Təəssüf ki, bu gün Ukraynada müşahidə etdiklərimiz onun nə qədər haqlı və uzaqgörən olduğunu təsdiqləyir. Lakin indi guya “Ukraynanı faşistlərdən azad etməklə məşğul olan Çar”dan fərqli olaraq, Adolf Hitler gənc illərində müharibədə savaşıb, ağır yaralanıb, İkinci Dünya Müharibəsində isə son günə qədər cəbhələrdə, ən qaynar nöqtələrdə olub. Hətta onun haqqında belə bir fikir var ki, Hitlerin yeganə böyük qələbəsi intihar etməsidir. Yəni, öz çirkin, cinayətkar və fəlakətli ideyasına sadiqliyidir. Lakin indiki Rusiya rəhbərliyinin heç bu cür də olsa ideoloji dayağı və səmimi vətənpərvərliyi belə yoxdur…