Terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar beynəlxalq siyahılara daxil edilmə qaydası müəyyənləşir
Fiziki şəxslərin və qurumların beynəlxalq siyahılara (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, habelə kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış sanksiya komitələri tərəfindən sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların daxil edildiyi siyahılar) daxil edilməsi qaydası müəyyənləşir.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edilmiş əsaslar müəyyən olunduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılara daxil edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunda nəzərdə tutulmuş müraciət əsasında sanksiya komitələrinin müəyyən etdiyi prosedurlara uyğun olaraq fiziki şəxsin və qurumun beynəlxalq siyahılara daxil edilməsi barədə sanksiya komitələrinə təqdimat verir.
Nəzərdə tutulmuş təqdimat əsasında sanksiya komitələri fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılara daxil edilməsi barədə qərar qəbul etdikdə, həmin fiziki şəxs və ya qurum barədə müvafiq məlumat bu Qanunla müəyyən edilmiş qaydada hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) beynəlxalq siyahılara yeni daxil edilmiş fiziki şəxslər və qurumlar, onların beynəlxalq siyahılara daxil edilməsinin əsasları və bununla əlaqədar tətbiq olunacaq tədbirlər, habelə həmin siyahılardan çıxarılma prosedurları barədə hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında təxirəsalınmadan məlumat yerləşdirməlidir.
Bu qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib