Kreml Azərbaycanla razılaşmalı olur
Qarabağda qanunsuz qızıl filizi hasilatı ilə məşğul olan Ermənistanın “Base Metals” şirkəti bu özbaşına fəaliyyətə son qoymaqla bağlı Azərbaycanın tələbi ilə razılaşıb.
Keçmiş Ağdərə rayonu ərazisində qızıl və mis-molibden yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti fəaliyyətini dayandırdığını açıqlayıb.
Şirkətin yaydığı məlumatda azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ilə əlaqədar şirkət rəhbərliyinin mədən fəaliyyətlərini müvəqqəti dayandırdığı və ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldiyi bildirilib. Artıq BMT-nin müvafiq strukturlarına və digər aidiyyəti təşkilatlara qısa müddətdə ekspertizanın təşkil edilməsi üçün müraciət edilib.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçirən “Base Metals” şirkəti ermənilərin “Vallex Group” konqlomeratının törəməsidir və Xankəndidəki qondarma hökumətin əsas “vergi” ödəyicilərindən biridir. Lixtenşteyndə qeydiyyatdan keçmiş “Base Metals” şirkəti 2002-ci ildə Heyvalı kəndi yaxınlığındakı “Qızılbulaq” mis-qızıl və “Dəmirli” yatağının qanunsuz istismarını həyata keçirib.
“Vallex Group”a isə Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın şəxsən “vətənə xidmətə görə” medalı ilə mükafatlandırdığı Rusiya vətəndaşı olan erməni biznesmen Valeri Mezhlumyan sədrlik edir. Ermənistan şirkətinin Qarabağda qızıl və mis-molibden yataqlarında qanunsuz fəaliyyətini dayandırması müsbət xəbər olsa da, problemin həlli demək deyil.
Çünki Rusiyanın “GeoProMining” şirkəti Azərbaycanın icazəsi olmadan “Dəmirli” yatağında və onun bir hissəsi olan “Qızılbulaq” yatağında qanunsuz qızıl filizi və mis-molibden hasilatını davam etdirir. Ona görə də Qarabağda ekoloji terrora son qoyulması üçün Rusiya şirkətinin də Azərbaycan ərazisini tərk etməsinə ehtiyac var. Yəqin ki, bunan sonra qızıl yataqlarının yağmalanması ilə bağlı əsas danışıqlar Azərbaycanla Rusiya arasında gedəcək.
Ermənistan hakimiyyəti “Base Metals” şirkətinin işlərini dayandırmaqla çox güman ki, Azərbaycanı Rusiya ilə qarşı-qarşıya gətirməyə çalışır. Rusiya isə Ruben Vardanyanı qondarma rejimin başına gətirmək planı qurmaqla Azərbaycana təzyiq etməyə çalışır. Lakin məsələ beynəlxalq qalmaqala çevrildiyinə görə nə Ermənistanın, nə də Rusiyanın Qarabağdakı qızıl və mis yataqlarını nəzarətsiz istismar etmək imkanları qalıb.
İlk növbədə, Laçın-Xankəndi yolunun bağlı olduğundan filizin Ermənistandakı Rusiya şirkətinə məxsus Ararat Qızılayırma Fabrikinə daşınması mümkün deyil. İkincisi, Azərbaycan həmin yataqların idarə edilməsini 3 milyard dollar dəyrində müqavilə əsasında Böyük Britaniyanın “Anglo Asiya Mining Plc.” şirkətinə verib. Adıçəkilən şirkət “Dəmirli” və “Qızılbulaq” yataqları üzərində mülkiyyət hüququna malikdir. 2022-ci ilin iyulun 5-də Azərbaycan Milli Məclisi “Anglo-Asian Mining Plc.” şirkəti ilən “Hasilatın Pay Bölgüsü” Sazişinə dəyişiklikləri təsdiq edib.
Bu dəyişikliklər şirkətə Qarabağda mis-profir yatağı da daxil olmaqla ümumi sahəsi 882 kv. kilometr olan 3 əlavə konsessiya verib. “Anglo-Asian Mining Plc.” şirkəti Qarabağdakı biznes fəaliyyəti və hazırda başqaları tərəfindən istismar edilən yataqların üzərindəki mədən hüquqları ilə bağlı dekabrın 20-də BMT, ABŞ Dövlət Departamenti, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və Avropa İttifaqı daxil olmaqla bir sıra beynəlxalq təşkilatlara və ölkələrə müraciət ünvanlayıb. Britaniya şirkətinin maliyyə direktoru İlham Xəlilov isə Rusiya və Ermənistan şirkətlərindən beynəlxalq arbitraj məhkəməsinə şikayət ediləcəyini bildirib. Yəni məsələnin məhkəmə predmetinə çevrilməsi Ermənistanın geri çəkilməsində mühüm rol oynayıb.
Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun Ermənistana səfərini zəruri edən əsas səbəblərdən birinin məhz qızıl yataqları ilə bağlı müzakirələr olduğuna dair məlumatlar var. Bu, eyni zamanda, Rusiya üçün də problem yaradır. Əslində, Rusiya Dövlət Neft Şirkətinin prezidenti İqor Seçinə aid olduğu deyilən “GeoProMining”şirkəti ilə Britaniya arasında hüquqi çəkişmənin baş verməsi bölgədə geosiyasi qarşıdurmanı artıra bilər.
Ermənistan “Base Metals” şirkətinin fəaliyyətini dayandırmaqla Azərbaycanın Laçın dəhlzini açacağına ümid edir. Lakin Rusiya şirkətinin qanunsuz fəaliyyətini davam etdirməsi və regionda Britaniya ilə iqtisadi maraqlar toqquşmasının geosiyasi müstəviyə keçməsi yolun tezliklə açılacağını istisna edir.
Politoloq Xaqani Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hansı ölkəni təmsil etməsindən asılı olmayaraq, hər bir şirkətin Azərbaycan dövləti ilə razılaşdırılmadan ölkə ərazisində, o cümlədən Qarabağda fəaliyyət göstərməsi qanunsuzdur:
Ona görə də ekspert Rusiyanın Azərbaycanın mövqeyi ilə barışmalı olacağını deyir:
“Azərbaycanın bütün ərazisində yeraltı və yerüstü sərvətlərin istismarı və hasilatı kimi məsələlər Azərbaycanın dövlət qurumlarının razılığı ilə həyata keçirilməlidir. Bundan kənar fəaliyyət qanunsuzdur. Ona görə də Ermənistan şirkəti Qarabağda fəaliyyətini dayandırdığı halda Rusiya şirkətinin qalıb işini davam etdirməsinə yol verilə bilməz. Bizim məqsədimiz hər hansı dövlətə məxsus şirkətin Qarabağdan çıxarılması deyil. Məqsədimiz Azərbaycanın qanunvericiliyindən kənar fəaliyyət göstərən şirkətin Azərbaycan ərazisini tərk etməsi olmalıdır. Çünki bu, Azərbaycanın suverenliyinin pozulması anlamına gəlir. İstənilən şirkətin Azərbaycan dövlətinin qanunvericilik qaydasında razılığını əldə etmədən fəaliyyət göstərməsi bu, ölkəmizin suverenliyinin pozulması deməkdir. Hesab edirəm ki, Rusiyanın Azərbaycana ciddi təzyiq etmək imkanları məhduddur. Sadəcə olaraq, 2020-ci il 10 noyabr Bəyanatında Rusiya sülhməramlılarının fəaliyyəti müəyyən edilib.
Bundan kənar, yəni sülhməaramlıların fəaliyyəti istisna olmaqla Rusiyanın Qarabağda hər hansı fəaliyyəti qanunsuzdur. Azərbaycan Rusiya ilə çox açıq danışmalıdır və bildirməlidir ki, “GeoProMining” şirkəti Qarabağda fəaliyyətini dayandırmalıdır. Həmin şirkət yalnız Azərbaycanla razılaşdırldıqdan sonra həmin yataqlarda fəaliyyətini davam etdirə bilər. Bu, Ermənistan şirkətinə də aiddir. Həmin şirkətlər istehsal və ya biznes fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycanla heç bir saziş imzalamayıb. Ona görə də hansı dövləti təmsil etməsindən asılı olmayaraq, onların qanunsuz əməllərinin qarşısı alınmalıdır. Aksiyaların da tələbi həmin ərazilərdə Azərbaycanın suverenliyinin təmin olunmasına yönəlib. Söhbət hər hansı hüquqi şəxsin Qarabağdan çıxarılmasından getmir. Azərbaycan öz əraziləri üzərində suverenliyini təmin etməlidir”.
Xaqani Cəfərlinin fikrincə, Britaniya şirkətinin məhkəməyə müraciət etməsi Azərbaycana mülkiyyət hüquqlarını təmin etməyə şərait yaradır:
“Fikrimcə, bu iddia birgə qaldırılmalıdır. Çünki həmin sərvətlər ilk növbədə, azərbaycan dövlətinə və xalqına məxsusdur”.