Elçin Şıxlı əsəbləşdi
Yüksək rütbəli məmurların istefaya göndərilməsi həmişə maraqla qarşılanıb. Medianın bu mövzuya geniş yer ayırması çox vaxt mübahisəsiz ötüşmür.
Bəziləri sosial şəbəkələrdə yazırlar ki, vəzifədən gedən məmurun arxasınca danışmazlar.
Jurnalistlərin əksəriyyəti isə bildirirlər ki, məmurlar vəzifəsində olarkən onların qanunsuzluqları barədə danışmaq, onu tənqid etmək mümkünsüzdür. Çünki həmin məmurların vəzifədə olarkən onları hər cür cəzalandırmaq imkanları var.
Əməkdar jurnalist Elçin Şıxlı yüksək vəzifəli məmurların vəzifədə olarkən jurnalistlərə hədə-qorxu gəldiyini, bu səbəbdən mətbuat işçilərinin məmurlar haqda yazmadığını bildirib:
“Çox qəribə vəziyyətdir. Kiminsə haqqında o vəzifədə olanda jurnalist yaza bilər, amma həmin jurnalistin rəhbəri həmin yazını çap etməyəcək. Jurnalist bunu bildiyi üçün həmin adamlar haqqındakı nöqsanları yazmır. Çünki vəzifədə olan şəxslər haqqında jurnalist yazanda ona hədə-qorxu gəlib, hətta başqa şeylər də edirlər”.
Onun sözlərinə görə, V.Talıbovun Naxçıvana rəhbərlik etdiyi dövrdə heç bir jurnalist Naxçıvana gedərək oradan yaza bilmirdi:
“Son hadisələrdən sonra jurnalistləri günahlandıranda bir şeyi nəzərə almaq lazımdır ki, Vasif Talıbov Naxçıvanda Ali Məclisin sədri olduğu vaxtda Naxçıvana jurnalist peşəsindən olan bir adam belə buraxmırdılar. Təbii ki, indi – Vasif Talıbovun həmin gücü-qüvvəsi olmadığı vaxtda onun haqda yazılması normaldır. Çox adam bunu qınayır, amma elə adamlar bunu qınayır ki, hansı ki, vaxtilə cınqırı çıxmayıb, amma bir problemləri olan kimi jurnalistlərə müraciət ediblər. Onlardan tələb ediblər ki, bizim problemlərimizi işıqlandırın, amma həmişə iş çətinə düşəndə də qaçıb hansısa kolda gizləniblər ki, biz qorxuruq, siz yazın.
Onsuz da bu problemin həlli yoxdur. Belə söhbətlər hər zaman olub, var və olacaq. Bizdə həmişə belədir, kim at belindədirsə, onun haqqında heç kim heç nə danışmır. Atdan endiriləndə isə hamı başlayır onu təpikləməyə. Bu insan xislətinə xas olan elementar bir şeydir. Bunu qəbullanmaq lazımdır”.