“Sevgidəndi”- Günün şeiri
Zülümdədi könülləri incələr,
Ürəyində həsrət olan dincələr?
Yuxu gəlmir, yatmaq olmur gecələr,
Canım, gözüm, sevgidəndi,
sevgidən.
Qayğıların sıra-sıra düzülsə,
Bir gün əlin yerdən, göydən üzülsə.
Yanağından yaş giləsi süzülsə,
Canım, gözüm, sevgidəndi,
sevgidən.
Sözünü de, sonralara saxlama.
Sevgi gələn cığırdı bu bağlama.
Hicran gəlsə qapını aç, ağlama,
Canım, gözüm, sevgidəndi,
sevgidən.
İşin keçir daşdan bir az, o da var,
Ağrın, acın yaşdan bir az, o da var.
Ağıl çıxır başdan bir az, o da var.
Canım, gözüm, sevgidəndi,
sevgidən.
İstefada olan polis polkovnik, Şair- FƏXRƏDDİN TEYYUB
13.01.2023