Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”

İşğalçı ölkənin Azərbaycanın ikinci böyük şəhərinə qarşı təxribatlarına görə Türkiyə və Azərbaycan Ordusundan növbəti sərt xəbərdarlıq; hərbi ekspert: “Türkiyə bununla demək istəyir ki, biz bütün Azərbaycanı müdafiə etməyə hazırıq!”; Nikol Paşinyanın hakimiyyətdən rüsvayçı şəkildə qovulması hər an baş verə bilər

Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət gərgin olaraq qalır. İşğalçı ölkənin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində gizirimizin yaralanmasına cavab olaraq bir gün sonra düşmənin bu istiqamətdə müqaviləli hərbçisi məhv edilib.

Məlumata görə, erməni çavuş Azərbaycan mövqelərinə minaatandan atəş açmaq istərkən snayperimizin hədəfinə tuş gəlib. Bunun qarşılığında işğalçı ölkənin müdafiə naziri David Tonoyanın həyasızcasına Azərbaycanı hədələməsi və “adekvat cavab veriləcəyini” deməsi Ermənistanın ötənlərdən dərs çıxartmadığını nümayiş etdirir. Azərbaycan ərazilərini işğalda saxlayan İrəvan üstəlik, ölkəmizdən beynəlxalq təşkilatlara və həmsədr ölkələrə də şikayət edib. Ermənistanın Qarabağın hüdudarından kənar istiqamətdən aylardır davam etdirdiyi təxribatlara biganə yanaşan Minsk Qrupunuun həmsədrlərinin isə deyəsən “donu” açılıb. Vasitəçilərin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşkin bir araya gələrək bölgədəki vəziyyəti müzakirə etməsi və danışıqlarla bağlı növbəti təşəbbüs səsləndirmələri də heç şübhəsiz, Azərbaycanın işğalçıya hər an sarsıdıcı zərbələr endirməyə hazır olması ilə bağlı ortaya qoyduğu qəti mövqedən yaranan narahatlığın məntiqi nəticəsidir.

Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınması barədə əmr verib | Report.az

Sentyabrın 16-da cəbhədəki son vəziyyətə toxunan müdafiə naziri Zakir Həsənov şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.

Sentyabrın 15-də, Bakının işğaldan azad edilməsi münasibətilə Gəncədə keçirilən mərasimdə Türkiyə və Azərbaycan şahinlərinin birlik nümayişi də təsadüfi deyildi. Qeyd edək ki, 21 avqust 2001-ci il tarixində Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” akrobatik qrupu Bakı səmasında ilk dəfə möhtəşəm uçuşları ilə təkcə milyonları heyrətləndirən şou göstərməmişdi. Əslində “Türk şahinləri” Bakı üzərində uçuşlar edəndə mesajın hansı ölkəyə yönəldiyi məlum idi. Elə iki il öncə, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun yaradılmasının 100 illiyi şərəfinə, Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə keçirilən hərbi parad zamanı nümayiş olunan uçuşlarda da əsas məqsəd dost-düşmənə ali mesajın verilməsi idi. Növbəti uçuşlara iyul-avqust aylarında birgə hərbi təlimlər zamanı şahidlik etdik. Amma 15 sentyabrda Azərbaycanın birinci paytaxt şəhəri – Gəncə üzərində iki qardaş ölkənin pilotlarının birgə uçuşlarında hədəf daha konkret idi.  Bu mesaj birbaşa “Gəncəni də vuraraq” kimi sərsəmləyən erməni hakimiyyətinə yönəlmişdi. Tovuz döyüşlərindən sonra Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma “başçısı” vasitəsilə Azərbaycanın Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd edirdi. Əslində bu, Araik Arutyunyanın “başının və ağlının məhsulu” deyildi, bunu ona dedirdən qüvvələr var idi. Ermənistanı Tovuz istiqamətində hücuma keçməyə sövq edənlər ardınca da “Gəncəni vurmaq” kimi avantürist hədələrin yayılmasına stimul verdilər.

Düşmənə gözdağı - Naxçıvan səmasını türk bayraqları bəzədi /Fotolar - Qəzet

Hətta “Gəncə qədim erməni şəhəridir” kimi sərsəm iddialar da erməni mediasında tirajlanmağa başladı. Elə bu səbəbdən də Türkiyə və Azərbaycanın qırıcı və döyüş helikopterləri R.T.Ərdoğanın sözləri ilə desək, Ermənistanın və Qarabağ separatçılarının “boyunu aşan” iddiaya məhz bu sayaq cavab verdilər.  Heç şübhəsiz ki, 15 sentyabrdan bir gün sonra ermənilərin yenidən Gəncəyə yaxın cəbhə zonası olan Tovuzda vəziyyəti gərginləşdirmək istəyi də bu uçuşlara verilən qıcıqlı reaksiyadır. Lakin düşmən ilk itkisini verdi və azğınlığını davam etdirdikcə, itkiləri artacaq. Rəsmi Bakı hələ avqust ayında erməni terrorçularının Gəncəni təhdid etməsinə cavab olaraq bəyanat verərək, beynəlxalq  təşkilatların diqqətini bu məsələyə yönəltməyə çalışmışdı. Lakin “ağaları” başda olmaqla, heç bir qurum və ya vasitəçi Ermənistana “ağlını başına yığ” demədi. Ancaq bu xəbərdarlığı  yalnız iki dövlət edir: Azərbaycan və Türkiyə. Elə iki gün qabaq Türkiyənin Bakıdakı səfirinin İrəvana xəbərdarlığı da təsadüfi deyildi.

Azad İsazadə: “İnsanlar rəqəmləri eşitmək istəmirlər”
Azad İsazadə

Hərbi ekspert Azad İsazadə “Yeni Müsavat”a bildirdi ki,  Gəncə həmişə ermənilərin hədəfi altında olub: “Gəncə cəbhə zonasına nisbətən yaxın ərazidir, istər Azərbaycan-Ermənistan sərhədi, istər Kəlbəcər, istərsə də Qarabağ istiqamətindən. Ermənlər həmişə iddia edirdilər ki, biz Gəncəyə qədər gedə bilərik, hətta Gəncəni ”erməni şəhəri” hesab edirlər. Bu mənada Gəncə daim təhlükə altında olub. Biz nümayiş etdirməliyik ki, Gəncə təhlükəsiz bir yerdir. Odur ki, raket zərbəsi, tank və ya quru qoşunlarının hücumlarını dəf etmək üçün hazırlığımızı nümayiş etdirməliyik. Sabah irimiqyaslı döyüşlər başlasa, biz düşməni Gəncəyə yaxın buraxmamalıyıq”. Türkiyənin bu prosesdə iştirakına, Türk təyyarə və helikopterlərinin Gəncə üzərindəki uçuşlarına gəldikdə, ekspert dedi ki, söhbət təkcə Gəncənin müdafiəsindən getmir: “Türkiyə bununla demək istəyir ki, biz bütün Azərbaycanı müdafiə etməyə hazırıq! İstəyir Gəncə, istər Naxçıvan olsun, istərsə də Qarabağın azadlığı olsun. Bu, ermənilərə ciddi xəbərdarlıqdır”.

Ehtiyatda olan zabit, hərbi ekspert Şair Ramaldanov, mütəmadi şəkildə təxribatlara əl atan düşmənə qarşı bundan sonra da layiqli cavab veriləcəyini vurğulayıb: “Təmas xəttində əməliyyat şəraitinə Azərbaycan bölmələri nəzarət edir. Bu gün ordumuzun arsenalında olan müasir müşahidə vasitələri hərbçilərimizə düşmənin istənilən hərəkətini müşahidə etmək imkanı verir. Təbii ki, düşmənin hərəkəti müşahidə edilən zaman qabaqlayıcı tədbirlər də görülür. Məhz bu yolla mümkün təxribatların qarşısı alınır. Hansı ki, düşmən hər an təxribat törətməyə fürsət axtarır”.

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu iki ildən artıq dönəmdə müxtəlif oyunbazlıqlarla ictimaiyyətin diqqətini özündən yayındırmağa çalışıb. Elə cəbhədə vəziyyətin gərginləşməsi də Paşinyan hakimiyyətinin ömrünün uzanmasına xidmət edir. Əvvəlcə sülh nağılları danışan Nikolun daha sonra oğlunu Qarabağa əsgər göndərməsi, bu günlərdə isə onun arvadının avtomat götürüb işğal zonasındakı təlimlərə qatılması heç şübhəsiz erməni xalqı üçün düşünülmüş şounun tərkib hissəsiydi. Ancaq belə görünür ki, bütün bu oyunbazlıqlar Paşinyanı xilas etməyəcək.

Hər halda, Ermənistanın iri oliqarxlarından biri, “Çiçəklənən Ermənistan” Partiyasının lideri, N.Paşinyan tərəfindən mandatı əlindən alınan Qagik Tsarukyan baş nazirə güzəştə getmək fikrində deyil. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, müxalifət lideri N.Paşinyana qarşı daha sərt şəkildə mübarizə aparacağını nümayiş etdirməkdədir. Müxalifət liderini 1979-cu ildə təcavüz etməkdə suçlayan baş nazirə cavabında Tsarukyan deyib ki, ciddi psixi problemləri olan adamlar yüksək dövlət postlarını tutmalı deyillər. Tsarukyanın nəzərincə, belələri ölkənin və vətəndaşların təhlükəsizliyini təhdid edir.

Göründüyü kimi, nə Qarabağ klanının liderlərinə qarşı açdığı məhkəmə davası, nə diqqətin xarici düşmənə – Azərbaycana yönəldilməsi cəhdləri, nə də koronavirus N.Paşinyana qarşı etirazları arxa plana keçirmir. Belə davam edərsə, N.Paşinyan hakimiyyəti rüşvayçı şəkildə tərk etməli olacaq… 

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button